Məhkəmə qərarları › İş №3(5-155)-275/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-275/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-275/2026 02.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2026-cı il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil izahatında bildirmişdir ki, Mərkəzi Bank tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 11955.11 (on bir min doqquz yüz əlli beş dollar, 11 sent) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüş və 11955.11 (on bir min doqquz yüz əlli beş dollar, 11 sent) ABŞ dolları vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. İş materiallarına xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əlavə edilmişdir. Həmin ödəniş tapşırığında 11955.11 (on bir min doqquz yüz əlli beş dollar, 11 sent) ABŞ dolları vəsait “OKYANUS X1 Sistemləri Sanayi Ticaret Limited Şirketi”nə ödənilmişdir. Həmçinin, oraya xx.xx.2023-cü il tarixli 23072101 nömrəli kontrakt əlavə edilmişdir. Şəxs MMC Türkiyə ilə aralarında olan xx.xx.2023-cü il tarixli razılaşma əsasında tikinti işləri həyata keçirir. Belə ki, əvvəlcə mallar göndərilir, daha sonra pul MMC tərəfindən ödənilir. O, ərizəsinə xx.xx.2023cü il tarixli gömrük bəyannaməsini əlavə etmişdir, orada xx.xx.2023-cü il tarixli 23072101 nömrəli kontrakt görünür, həmçinin ödəniş tapşırığı da var. Mərkəzi Bank texniki anlaşılmazlığa yol vermişdir. Ölkəyə gələn malların pulu ödənilmişdir. MMC-nin ölkədəki müvəkkili bankı "xxxx" ASC-dir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - "xxxx" ASC tərəfindən verilmiş sənədlərdən görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 11955.11 (on bir min doqquz yüz əlli beş dollar, 11 sent) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüş və 11955.11 (on bir min doqquz yüz əlli beş dollar, 11 sent) ABŞ dolları vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. - Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi və təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs 11955.11 (on bir min doqquz yüz əlli beş dollar, 11 sent) ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 11955.11 (on bir min doqquz yüz əlli beş dollar, 11 sent) ABŞ dolları vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin hüquqi ünvanında, yəni Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 4829A ünvanında baş vermişdir. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs 11955.11 (on bir min doqquz yüz əlli beş dollar, 11 sent) ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə Türkiyə Cümhuriyyətinin müvəkkil bankına köçürmüşdür. - Şəxs MMC-nin direktoru X4 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, yuxarıda gömrük bəyannamələrində sadalanan malların dəyərini təşkil edən 107595 ABŞ dolları pul bank vasitəsi ilə hissə-hissə ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq icraatınızda olan 3(5-155)-275/2026 saylı inzibati xəta haqqında material üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. - Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil xx.xx.2026cı il tarixli ərizəsindən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 11955,11 ABŞ dolları həcmində Türkiyə Respublikasının "Okyanus X1 Sistemleri Sanayi TİC.LİM.S" Şirkətinə avans ödənişi 23072101 saylı xx.xx.2023-cü İİ tarixli müqavilə əsasında ödənilmişdir. Həmin müqavilə üzrə isə mallar "Okyanus X1 Sistemleri Sanayi TİC.LİM.S" Şirkəti tərəfindən ödəniş edilməzdən öncə "xxxx" MMC-yə 2023-cü ilin sentyabr ayında göndərilmiş və həmin mallar xx.xx.2023-cü il tarixli **********1569 saylı X8 Bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Həmin bəyannamənin 4011-ci sətrində sözügedən 23072101 saylı xx.xx.2023-cü il tarixli müqavilə öz əksini tapmışdır. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş edilmişdir. - Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil xx.xx.2026cı il tarixli ərizəsindən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 11955,11 ABŞ dolları həcmində Türkiyə Respublikasının "Okyanus X1 Sistemleri Sanayi TİC.LİM.S" Şirkətinə avans ödənişi 23072101 saylı xx.xx.2023-cü il tarixli müqavilə əsasında ödənilmişdir. Həmin müqavilə üzrə isə mallar "Okyanus X1 Sistemleri Sanayi TİC.LİM.S" Şirkəti tərəfindən ödəniş edilməzdən öncə "xxxx" MMC-yə 2023-cü ilin sentyabr ayında göndərilmiş və həmin mallar xx.xx.2023-cü il tarixli **********1569 saylı X8 Bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Həmin bəyannamənin 4011- ci sətrində sözügedən 23072101 saylı xx.xx.2023-cü il tarixli müqavilə öz əksini tapmışdır. Həmçinin, nəzərə çatdırmaq istəyirəm ki, "xxxx" MMC tərəfindən Türkiyə Respublikasının "Okyanus X1 Sistemleri Sanayi TİC.LİM.S" Şirkətinə xx.xx.2023-cü il tarixdə ödənilmiş 11955,11 ABŞ dolları həcmində pul vəsaiti ilə bağlı sonradan heç bir idxal həyata keçirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilə və həyata keçirilmiş ödənişlər üzrə bütün məhsullar göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta ilə bağlı iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. - Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə göndərdiyi xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, Şəxs tərəfindən təqdim edilmiş bəyannamələr müvafiq avans ödənişin müqabilində malların idxalını təsdiq etmir. Beləki, təqdim edilmiş gömrük bəyannamələrinin 4011 hissəsində qeyd olunan idxal müqaviləsi avans ödənişin təyinatında əks olunan idxal müqaviləsi ilə eynilik təşkil etmir. - Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə göndərdiyi xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilən **********1569 saylı bəyannamə "xxxx" AÇİQ SƏHMDAR CƏMİYYƏTİ tərəfindən cəmiyyətin xx.xx.2023-cü il tarixli avans ödənişinə 17035 USD, xx.xx.2023-cü il tarixli avans ödənişinə 12875 USD, xx.xx.2023-cü il tarixli avans ödənişinə 15450 USD bağlanmışdır. Yəni, qeyd olunan bəyannamə icraatınızda olan xx.xx.2023-cü il tarixli 11955.11 USD avans ödənişinə bağlanmamış və idxalı təsdiq etmədiyindən təqdim edilmiş bəyannamə əsassızdır. Məhkəmə tərəfindən cəmiyyətin təqsirli bilinməsi və inzibati qaydada tənbeh edilməsi xahiş edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hüquqi şəxsin nümayəndəsi 11955.11 ABŞ dolları vəsait hesabına malların ölkəyə idxal edildiyini, bu barədə müqavilə tarixi və nömrəsi eyni olan gömrük bəyənnamələri təqdim etsə də, həmin bəyənnamələr hüquqi şəxsi məsuliyyətdən azad edən sübut kimi qiymətləndirilməmişdir. Belə ki, protokolu tərtib etmiş orqanın ərizəsinə əsasən həmin gömrük bəyənnamələri digər ödənişlərin bağlanmasında istifadə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixində 11955.11 (on bir min doqquz yüz əlli beş dollar, 11 sent) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, 11955.11 (on bir min doqquz yüz əlli beş dollar, 11 sent) ABŞ dolları vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 02 (iki) il müddətində banka təqdim edilməmiş və ya valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 11955.11 (on bir min doqquz yüz əlli beş dollar, 11 sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 2391.02 (iki min üç yüz doxsan bir ABŞ dolları, 2 sent) ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar