Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-278/2026 03.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1971-ci il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu ərazisində kirayədə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN2326600 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(060)-3170 nömrəli icra sənədi borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X7 protokolu elan etmiş və bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(060)-3170 nömrəli icra sənədi 2010-cu il yanvar ayında icra edilməsi üçün icraata daxil olmuşdur. Həmin icra sənədi üzrə 3520 manat kredit borcu, 157663,4 ABŞ dolları məbləğində isə ipoteka krediti müəyyən olunmuşdur. İpoteka predmeti olan əmlak 110000 manat məbləğində qiymətləndirilmiş və 70000 manata bankın balansına keçmişdir. Qeyd edilən məbləğ borcdan çıxıldıqdan sonra qalıq borc məbləği 63700,57 ABŞ dolları və 3520,27 manat borc üzrə isə borclu tərəfindən bu günədək heç bir ödəniş edilməmişdir. Bank tərəfindən 2014-cü il tarixdə qalıq borcla bağlı müraciət edilmiş və borcluya bununla bağlı yenidən bildiriş göndərilmiş, izahatı alınmışdır. Bank tərəfindən 2025-ci il tarixində yenidən müraciət edilmiş və borclu Şəxs ölkə xaricində olduğu müəyyən edildiyi üçün barəsində axtarış işi açılmışdır. Borclu xx.xx.2025-ci il tarixində ölkəyə daxil olmuş və xx.xx.2026-cı il tarixdə icra idarəsinə gəlmişdir. Borcluya yenidən tələbin könüllü icrası ilə bağlı bildiriş təqdim edilmiş və izahatı alınmışdır. Qeyd edilənlərə əsasən protokolu müdafiə etdiyini və qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında qeyd etmişdir ki, o, ipoteka predmeti olan evi 230000 manata almışdır. Həmin məbləğin 80000 manatını özü ödəmiş, 150000 manat məbləğində isə bankdan kredit götürməklə ödəmişdir. O, müəyyən müddət banka ödənişlər etmişdir. Lakin, sonradan işləri alınmadığı üçün ödəniş edə bilməmişdir. Onun 250000 manat məbləğində qiymətləndirilən əmlakını bank 70000 manata hərrac vasitəsi ilə balansına keçirmişdir. O, evin yenidən qiymətləndirilməsi, hərracın nəticələrinin ləğv edilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət etsə də, vəkili olmadığı üçün uduzmuşdur. Axırıncı dəfə 12 il bundan əvvəl məhkəmədən sonra bankın hüquqşünasları ilə onun arasında şifahi formada danışıqlar olmuş, o, 250000 manat dəyərində olan evinin bankın balansına keçirildiyini, qalan məbləği ödəməyə imkanı olmadığını bildirmiş, bankın əməkdaşları isə onu qalan borca görə narahat etməyəcəklərini söyləmişlər. O, məhkəmənin qətnamələri ilə razı olmadığını, bank borcuna görə hər şeyini itirdiyini və borcu ödəməyə imkanı olmadığını bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, barəsində inzibati cərimə tətbiq edilərsə, cəriməni də ödəməyə imkanı yoxdur. O, xəstəliyi ilə bağlı müalicə almaq üçün son bir il ərzində Gürcüstan Respublikasında olmuş, xx.xx.2025-ci il tarixdə ölkəyə qayıtmışdır. Hazırda işləmədiyini, kirayədə yaşadığını və maddi imkanının olmadığını bildirmiş, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, 17 ildir ki, icra sənədi üzrə borc ödənilməmişdir. Belə ki, 2009-cu il tarixdə qətnamə qəbul edilmiş və borclu tərəfindən həmin qətnamə mübahisələndirilmiş, onun şikayətləri təmin edilməmiş və icra sənədi icra edilməsi üçün hərrac təşkil edilmişdir. Bundan sonra, borclu hərracın nəticələrinin ləğv edilməsi, yenidən qiymətləndirmənin aparılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə iddiası təmin edilməmiş, daha sonra həmin qətnamədən apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Borclu Şəxs iki müqavilə üzrə borc öhdəliyi mövcud olmuşdur. Belə ki, 3520 manat və 157663,40 ABŞ dolları məbləğində kredit borcunun tutulması və borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. İpoteka predmeti olan əmlak 110000 manat məbləğində qiymətləndirilmiş və keçirilmiş hərrac nəticəsində həmin əmlak 70000 manat dəyərində bankın balansına verilmişdir. Qətnamədə, həmçinin əmlakın boşaldılması nəzərdə tutulmuşdur. Borclu hərracla da razı olmasa da onun tələbləri məhkəmələr tərəfindən təmin edilməmişdir. Daha sonra isə qalıq 63700,57 ABŞ dolları və 3520,27 manat məbləğində borc üzrə borclu tərəfindən ödəniş edilməmiş və bununla bağlı bir neçə dəfə, yəni 2014-cü il tarixdə və sonuncu dəfə 2025-ci ilin mart ayında icra idarəsinə Bank tərəfindən müraciət edilmişdir. Bankın icra idarəsinə sonuncu müraciətindən sonra borclu ölkə xaricində olduğu üçün onun barəsində axtarış elan edilmiş və axtarış işi açılmışdır. Borclu tərəfindən ölkəyə qayıtdıqdan sonra da icra sənədləri üzrə borc ödənilmədiyi üçün məhkəmədən qeyd olunan maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili X5 qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(060)-3170 nömrəli icra sənədindən görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs ASC arasında bağlanmış 27 avqust 2008-ci il tarixli 0808-3180/195388 saylı və xx.xx.2008-ci il tarixli 0812-3568/195388 saylı kredit müqavilələri ləğv edilmiş, Şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3000 (üç min) AZN məbləğində kredit borcu, 520.27 AZN məbləğində kreditə görə faiz borcu, cəmi 3520.27 (üç min beş yüz iyirmi manat iyirmi yeddi qəpik) AZN və 146 580 ABŞ dolları məbləğində kredit borcu, 11 015, 4 ABŞ dolları məbləğində kreditə görə faiz borcu, 68 ABŞ dolları məbləğində penya borcu olmaqla cəmi 157 663.4 (yüz əlli yeddi min altı yüz altmış üç dollar dörd sent) ABŞ dolları, həmçinin iddia qaldırılması üçün ödənilimiş 20 AZN dövlət rüsumu tutulmalıdır. Şəxs məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı, 104.6 kv.m. yaşayış, 80.01 kv.m. köməkçi sahədən ibarət В 1304 nömrəli bağ evinə tutma yönəldilməsi, ipoteka predmetinə mülkiyyət hüquqları, istifadə edən şəxslərin isə sahiblik və istifadə hüquqlarına xitam verilməsi və göstərilən yaşayış sahəsində rəsmi qeydiyyatda olan şəxslər qeydiyyatdan çıxarılması, yaşayış sahəsinin boşaldılması, ipoteka predmetinin ixtisaslaşdırılmış hərrac vasitəsi ilə satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh Şəxs Zərərçəkmiş şəxs ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faiz və dövlət rüsumunun ödənilməsi, satışda əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi Şəxs qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş pul vəsaitinin borçun ödənilməsi üçün kifayət etmədikdə, Şəxs digər əmlakları-həyat yoldaşı ilə birgə mülkiyyətdə olan əmlakı, həyat yoldaşının digər şəxslərlə olan mülkiyyəti hesabına ümumi qaydada icra edilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulmas qət edilmişdir. Sumqayıt Şəhər Məhkəmə İcraçıları şöbəsinin xx.xx.2010-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, şöbənin icraçısı tərəfindən xx.xx.2009-cu il tarixli 2(060)-3170 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC Hərrac Mərkəzinin xx.xx.2011-ci il tarixli məktubundan görünür ki, xx.xx.2010-cu il tarixli sifariş məktubuna əsasən Şəxs məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı, 104,6 kv.m. yaşayış, 80,01 kv.m. köməkçi sahədən ibarət В 1304 nömrəli bağ evi - 70 125,00 (yetmiş min yüz iyirmi beş) manata hərraca çıxarılaraq Zərərçəkmiş şəxs Açq Səhmdar Cəmiyyətinə satılmışdır. Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli 88/02 nömrəli protokoldan görünür ki, Şəxs məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı, 104,6 kv.m. yaşayış, 80,01 kv.m. köməkçi sahədən ibarət В 1304 nömrəli bağ evinin qiyməti - 70 125,00 (yetmiş min yüz iyirmi beş) manat olmaqla, 01 saylı qalib alıcı - Zərərçəkmiş şəxs Açq Səhmdar Cəmiyyətinə (xx.xx.2010-cu il tarixli etibarnamə əsasında nümayəndəsi X6 şəx/vəs: seriya AZE№07583050 Ucar RPŞ xx.xx.2010-cu il) satılmış hesab edilmişdir. Zərərçəkmiş şəxs ASC tərəfindən Sumqayıt Şəhər İcra Şöbəsinə ünvanlanmış xx.xx.2013-cü il tarixli ərizədə Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2009-cu il tarixli 2(060)-3170/2009 nömrəli qətnaməsi ilə borclu Şəxs cəmi 157 663,40 ABŞ dolları məbləği və 20 AZN dövlət rüsumunun alınaraq, iddiaçı Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməsinin qət edilməsi, onlarda olan şifahi məlumata əsasən borclu Şəxs ölkəni teztez tərk etməsi, məhkəmə qərarı əsasında verilmiş icra sənədinin icrasından yayınması qeyd edilmişdir. Zərərçəkmiş şəxs ASC tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(060)-3170/2009 saylı qətnaməsinə əsasən borclu Şəxs xx.xx.2008-ci il tarixli 0808-3180/195388 saylı kredit müqaviləsi üzrə cəmi 3520.27 manat, xx.xx.2008-ci il tarixli 0812-3568/195388 saylı kredit müqaviləsi üzrə cəmi 157663,40 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Qətnamə üzrə çıxarılmış icra vərəqəsi Şəxs aid hissəsində icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Borclular Şəxs bu günə olan borcu xx.xx.2008-ci il tarixli 0808-3180/195388 saylı kredit müqaviləsi üzrə cəmi 3520.27 manat və xx.xx.2008-ci il tarixli 0812-3568/195388 saylı kredit müqaviləsi üzrə cəmi 63700,57 ABŞ dolları və 20 manat dövlət rüsumu təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 3170/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs barəsində icra tədbirlərinin (iş yerlərinin müəyyən edilməsi, onun məcburi gətirilməsi, vətəndaş barəsində axtarışın verilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, inzibati protokolun verilməsi, əmlaka həbs, inkasso və s.) həyata keçirilməsini və görülmüş tədbirlər barəsində rəsmi məlumat verilməsini xahiş etmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2014-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı Şəxs cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər üzrə İcra Şöbəsi, "xxxx" MMC-yə, Hərrac Mərkəzi "xxxx" MMC və Zərərçəkmiş şəxs ASC-yə qarşı əmlakın qiymətləndirilməsi və etibarsız hesab edilməklə ləğv edilməsi, əmlakın yenidən qiymətlənirilməsi və yenidən hərrac keçirilməsi vəzifəsinin qoyulması tələbinə dair iddiasının rədd edilməsi ilə bağlı verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(060)-3170 nömrəli icra sənədi icra edilməmişdir. Barəsində icraat aparılan şəxs borc məbləğinin ona məxsus olan evə yönəldildiyini, qalıq borcun tələb edilməyəcəyi ilə bağlı 2012-ci ildə Zərərçəkmiş şəxs ASC-nin hüquqşünasları ilə şifahi razılığa gəldiklərini, qeyd edilən icra sənədini icra etməyə maddi imkanı olmadığını bildirmişdir. İşin təsviri hissəsində göstərilən hallardan görünür ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs barəsində olan icra sənədini qanunla müəyyən edilmiş müddətdə qərəzli şəkildə icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu barəsində təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Məhkəmə iclasında İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, icra sənədi üzrə ödənilməli borc məbləğinin həcmini, qeyd edilən icra sənədinin xx.xx.2009-cu il tarixli olmasını nəzərə alır və belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 13:50-dən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 13:50-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(5-155)-278/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-278/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver