Məhkəmə qərarları › İş №3(5-155)-280/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-280/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-280/2026 03.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Rüstəm Zahidovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə tətib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında işirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Rüstəm Zahidov bildirmişdir ki, icraatına daxil olmuş raporta əsasən Şəxs xx.xx.2026-cı il tarixində saat 11:00 radələrində Sumqayıt şəhəri dəmir yolu yük həyəti ərazisində yerləşən Sumqayıt RİQ və TBŞ-də həmin şöbənin iş rejimini pozaraq polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etdirmişdir. Barəsində müvafiq tədbir görülməsi üçün ərazi aiddiyyatı üzrə 5-ci Polis Bölməsinə gətirilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, ona məxsus olan baş etibarnamə ilə idarə etdiyi ** NZ *** dövlət qeydiyyat nişanlı avtomaşını qeydiyyata salmaq istədiyi üçün 1 saylı Rayonlararası Sumqayıt Regional qeydiyyat imtahan şöbəsinə getmiş və orada ona verilən avtomobilə görə etibarnamə elektron olduğunu və onun çap edib gətirməsini bildirmişlər. O, buna əsaslı olaraq irad bildirmiş və etibarnamə elektron olduğu üçün onunda sistemdə həmin etibarnaməni israrla çıxardıb gətirməsini tələb etmişdir. Həmin vaxt orda çalışan İlkin ismayılov adında polis əməkdaşı ona səs ucaldaraq üstünə qışqırmışdır. O, polisin bu hərəkətini etirazla qarşılayaraq öz haqqını tələb etsə də, onun bu tələbinə məhəl qoymayaraq polis əməkdaşları tərəfindən 5-ci polis bölməsinə gətirilərək barəsində inzbati protokol tərtib etmişlər. Hazırda barəsində tərtib edilmiş protokolu əsasız hesab edir və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə müdafiəçi X2 hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid Sumqayıt şəhər RİO və TBŞ-nin operatoru polis nəfəri X6 bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 11:00 radələrində xidmət etdiyi Sumqayıt şəhəri dəmir yolu yük həyəti ərazisində yerləşən Sumqayıt RİQ və TBŞ-də xidmətdə olan sonradan adının Şəxs olduğunu bildiyi şəxs avtomaşın sənədləşdirilməsi zamanı səs-küy edərək şöbənin iş rejimini əhəmiyyətli dərəcədə pozmuş, şöbədə xidmət aparan mühafizə polisi əməkdaşları onun nizam intizama dəvət etsələr də, buna məhəl qoymayıb öz hərəkətlərinə davam edərək polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bu barədə ərazi polis orqanına məlumat verilmiş və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat qrupu şöbəyə gələrək həmin şəxsi polis bölməsinə aparmışdır. Məhkəmədə şahid Sumqayıt mühafizə İdarəsinin polis nəfəri X5 bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 11:00 radələrində xidmət etdiyi Sumqayıt şəhəri dəmir yolu yük həyəti ərazisində yerləşən Sumqayıt RİQ və TBŞ-də xidmətdə olan sonradan adının Şəxs olduğunu bildiyi şəxs avtomaşın sənədləşdirilməsi zamanı səs-küy edərək şöbənin iş rejimini əhəmiyyətli dərəcədə pozmuşdur. O, və xidmət yoldaşı Cəlil Mehdiyev həmin şəxsə yaxınlaşıb özünü təqdim edərək onu nizam intizama dəvə etsələr də, buna məhəl qoymayıb öz hərəkətlərinə davam edərək onun qanuni tələbinə tabe olmamışdır. Bu barədə ərazi polis orqanına məlumat verilmiş və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat qrupu şöbəyə gələrək həmin şəxsi polis bölməsinə aparmışdır. Məhkəmədə şahid Sumqayıt mühafizə İdarəsinin polis nəfəri X7 şahid X4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan raportdan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri dəmir yolu yük həyəti ərazisində yerləşən Sumqayıt RİQ və TBŞ-də ictimai qaydanı pozduğu və polisin qanuni tələblərinə tabe olmadığı üçün Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə gətirilmişdir. Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddələrinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddələrinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddələrinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddələrinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində iki azyaşlı övladının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddələrinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 510 və 535.1-ci maddələri üzrə daha ciddi sansiyası olan İXM-in 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma üzrə sərf edilmiş 3 sata görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülməldir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 535.1-ci maddələrinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar