Məhkəmə qərarları › İş №3(5-155)-284/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-284/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-284/2026 04.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Laçın rayonu, Xırmanlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Laçın rayonu, Xırmanlar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən xx.xx.2026-cı il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 4610/2010 saylı, xx.xx.2010-cu il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1965/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4610/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən icra vərəqəsində göstərilən cehiz və qızıl-zinət əşyaları borcludan tutularaq tələbkarın xeyrinə verilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1965/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən bir uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 136,60 manat tutularaq tələbkarın xeyrinə ödənilməlidir. Alimentlə bağlı Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən aliment məbləği indeksasiya edilərək 1,18 həddi mislində müəyyən edilmişdir, yəni hazırda 472 manat aliment məbləği müəyyən edilmişdir. xx.xx.2011-ci il tarixdə müəyyən əmlaklar icra məmuru tərəfindən aktla tələbkarın xeyrinə verilmişdir. Qalan əmlakların dəyəri isə bu günədək borcludan tələb edilməkdədir. Həmin əmlakların dəyərinin bir qismi ödənilmişdir. Sonuncu dəfə də borclunun iş yeri müəyyən edilmiş, xx.xx.2025-ci il tarixdə borclunun iş yerinə göndərilmiş və xx.xx.2025-ci il tarixdə 230 manat, xx.xx.2025-ci il tarixdə 70 manat olmaqla, ümumilikdə cehiz əmlakların dəyərinin 300 manatı tələbkarın xeyrinə ödənilmişdir. Sonradan borclu öz ərizəsi ilə işdən azad olunmuşdur. Cehiz əmlaklarla bağlı borclunun 879 manat borcu qalmışdır. Aliment borcu isə indeksasiya hesablaması ilə 1695 manatdır. Borclu tərəfindən ayda 150 manat olmaqla müntəzəm olaraq aliment ödənişləri həyata keçirilir. Lakin əmlaklarla bağlı ümumiyyətlə ödəniş olunmur. Borclunu 2025-ci ilin avqust ayında icra idarəsinə dəvət etmişlər və həmin vaxt onun aliment borcu 489 manat olmuşdur. Həmin vaxt borcluya aliment ödənişini etməsi üçün beş gün vaxt verilmiş, lakin borclu icra idarəsinə gəlməmiş, əlaqə saxlamaq mümkün olmamışdır. Sentyabr ayında barəsində axtarış verilmiş və polis vasitəsi ilə bu gün borclu icra idarəsinə gəlmişdir. Məhkəmədən protokolun təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, ağır şəkər xəstəsidir, bir gözündə də problem vardır. İş tapmaqda çətinlik çəkir. Sonuncu işindən də səhhətindəki problemlərə görə çıxmışdır. Ödəniş etməyə maddi imkanı yoxdur, işləmədiyinə görə ödəniş edə bilmir, yaşına və səhhətinə görə iş tapa bilmir. Göstərilən halları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 qeyd olunanları nəzərə alaraq borclu barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu işləyən vaxtı borcunu ödəmək iqtidarında olsa da ödəməmiş, borclunun iş yerinin olmasını özü müəyyən etmiş və bundan sonra ondan tutulmalar aparılmışdır. Uşağın səhhətində problemlər vardır, bütün xərcləri ödəməkdə çətinlik çəkir. Özü də şəkər xəstəsidir. Borclu ikinci dəfə ailə qurmuşdur, lakin övladı yoxdur. Əgər aliment borcunun yarısını və digər borcu ödəyərsə ona güzəşt edər. Əks halda borclunun həbs edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4604/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən cehiz əşyaların dəyəri cəmi 3679 manat, şəxsi əşyaların dəyəri cəmi 665 manat Şəxs alınaraq X3 verilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1965/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Şəxs hər ay 136, 60 manat sabit pul məbləğində alimen tutularaq Əliyeva (Cəfərova) Cəmilə Aydın qızına verilməlidir. Sumqayıt şəhər Məhkəməsinin 8(060)-997/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3570/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlk yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla isdeksasiya olunaraq minimum aylıq əmək haqqının 1,18 misli miqdarında müəyyən edilmşdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4604/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsindən görünür ki, cehiz əşyaların dəyəri cəmi 3679 manat, şəxsi əşyaların dəyəri cəmi 665 manat Şəxs alınaraq X3 verilməlidir. İş üzrə xx.xx.2011-ci ildə icraata başlamaq barədə qərar qəbul edilmiş, həmin tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş rəsmi təqdim edilmiş, borclu 10 günlük könüllü icra müddətində tələbi icra etməmiş, həmçinin ondan sonra da bu günə kimi tam ödəniş etməmişdir. Bundan başqa Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1965/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Şəxs hər ay 136, 60 manat sabit pul məbləğində alimen tutularaq Əliyeva (Cəfərova) Cəmilə Aydın qızına verilməlidir. İş üzrə xx.xx.2017-ci ildə icraata başlamaq barədə qərar qəbul edilmiş, həmin tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş rəsmi təqdim edilmiş, borclu 10 günlük könüllü icra müddətində tələbi icra etməmiş, həmçinin ondan sonra da bu günə kimi tam ödəniş etməmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs tərəfindən qeyd edilən hallar icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, səhhətini və yaşını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə sərf edilmiş 3 saata görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməldir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar