Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-286/2026 27.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MTK (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-in 253.2-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzaibati xəta haqqında protokola əsasən Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində Şəxs MTK tərəfindən yüksək mərtəbəli yaşayış binasının tikintisi aparılan hasarın daxilində ağacların qanunsuz götürülməsi faktı aşkar edilmişdir. Bununla da Şəxs MTK tərəfindən Azərbaycan Respublikası İXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolda sübut kimi xx.xx.2026-cı il tarixli 91718 saylı akta və foto şəkillərə istinad edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 izahatında bildirmişdir ki, Sumqayıt şəhəri, 16-cı məhəllə, 20 yanvar küçəsi ilə H.Əliyev prospektinin kəsişdiyi ərazi Şəxs MTK tərəfindən hasara alınaraq tikinti işləri həyata keçirilir. 2023-cü ildə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Şəxs MTK-nın məsul şəxslərinin həmin ərazidə olan ağacların yerinin dəyişdirilməsi və məhv edilməsi faktı müəyyən olunmuş, həmin fakt üzrə müvafiq akt tərtib edilərək araşdırılması üçün prokurorluq orqanlarına göndərilmişdir. Bundan əlavə 09 aprel 2025-ci ildə əraziyə baxış keçirilərək orada olan ağacları sayı, növü və ölçüləri barədə müvafiq akt tərtib edilmişdir. 29 yanvar 2026-cı il tarixdə həmin əraziyə təkrar baxış zamanı ərazidə olan ağaclardan 8 ədədinin köçürülməsi, 21 ədəd ağacın isə kəsilərək məhv edilməsi müəyyən edilmişdir. Köçürülmüş ağaclara görə həmin tarixdə, yəni 29 yanvar 2026-cı il tarixdə akt tərtib edilmiş, məhv edilmiş ağaclara görə isə 30 yanvar 2026-cı il tarixli akt tərtib edilmişdir. Məhv edilmiş 21 ədəd ağacla bağlı araşdırma aparılması üçün materiallar aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilmiş, köçürülmüş 08 ədəd ağaca görə isə Şəxs MTK barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs MTK-nın Azərbaycan Respublikası İXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın nümayəndəsi və vəkili Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, Şəxs MTK tərəfindən Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yüksək mərtəbəli binanın tikintisi aparılmışdır. Tikinti aparılması üçün tikintiyə icazə sənədi və bir neçə dövlət orqanın bununla bağlı müsbət rəyi mövcuddur. Bununla bağlı hətta Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Agentliyinin də müsbət rəyi mövcuddur. MTK tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət edilərək ağacların köçürülməsidə iştirak etmələri xahiş edilmiş, lakin əməkdaşlar iştirak etməmiş və tikinti işləri ilə əlaqədar məcburiyyət qarşısında ağacları köçürmüşlər. Göründüyü kimi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MTK barəsində qərəzli və əsassız icraat başlanmışdır. Tikinti aparılan ərazidə lap əvvəldən ümumilikdə 49 ədəd ağac olmuş, 2023-cü ildə 24 ədəd ağacın köçürülməsi və götürülməsi barədə müvafiq akt tərtib edilmiş və araşdırılması üçün prokurorluq orqanlarına göndərilmişdir. Həmin vaxt dəymiş zərər ödənildiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. Hazırda 21 ədəd ağacın isə kəsilərək məhv edilməsi, 08 ədəd ağacın isə köçürülməsi ilə bağlı akt tərtib edilmişdir. Bu gün isə həmin ərazidə kəsilməmiş və ya köçürülməmiş 18 ədəd ağac mövcuddur. Bu rəqəmləri ümumi cəmi 71 edir. Ağacların göstərilən saylarda olması 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının müxtəlif tarixlərdə tərtib etdikləri aktlarla da təsdiq edilir. Göründüyü kimi həmin idarənin özünün müxtəlif tarixlərdə tərtib etdiyi aktlar özləri bir-biri ilə ziddiyyət təşkil edir. Aktlar onların iştirakı olmadan birtəfərli qaydada tərtib edilmiş və həqiqətə uyğun olmayan məlumatlar həmin aktlara daxil edilmişdir. İndiki halda köçürülmüş 08 ədəd ağacın köklərinin yeri mövcud olmuş, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin 08 ədəd ağac kök yerlərini bir aktda kəsilərək məhv etmə kimi qeydə alaraq saymışlar, digər aktda isə köçürülmüş ağacları ayrıca aktlaşdıraraq məhkəməyə öndərmişlər. Yəni, köçürülmüş 08 ədəd ağacın hər biri nəticə etibarı ilə iki ağac kimi sayılmışdır. Bundan əlavə əgər iddia edildiyi kimi hər hansı qanun pozuntusu mövcuddursa eyni vaxta baş vermiş ağacların götürülməsi və köçürülməsinə görə MTK barəsində həm cinayət təqibi üzrə araşdırma aparılması üçün prokurorluğa məlumat göndərilməsi, həm də ayrıca inzibati xəta haqqında iş üzrə icraat aparılması qanunsuz və əsassızdır, bu hal bir əmələ görə iki dəfə məsuliyyətə cəlb etmənin yolverilməzliyi kimi hüququn təməl prinsipinin də pozulmasıdır. İndiki halda törədilməsi iddia edilən qanun pozuntusuna görə həm cinayət məsuliyyəti, həm də inzibati xətaya görə məsuliyyət müəyyən edilə bilməz. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MTK barəsində Azərbaycan Respublikası İXM-in 253.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və materiallar araşdırma aparılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 29 yanvar 2026-cı il tarixli 91718 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllə 20 Yanvar küçəsi ilə H.Əliyev prospektinin kəsişdiyi ərazisində Şəxs MTK tərəfindən yüksək mərtəbəli binanın tikintisi ilə əlaqədar diametrləri müvafiq olaraq 22 santimetr, 18 santimetr, 17 santimetr, 16 santimetr olan qarağac ağacları, diametrləri müvafiq olaraq 9 santimetr, 7 santimetr və 7 santimetr olan çinar ağacları və diametri 24 santimetr olan zeytun ağacı, cəmi 8 ədəd ağacın X4 Agentliyinin rəyi olmadan qanunsuz olaraq yaxınlıqda olan sahəyə köçürülməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 yanvar 2026-cı il tarixli 91731 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllə 20 yanvar küçəsi ilə H.Əliyev prospektinin kəsişdiyi ərazisində Şəxs MTK tərəfindən yüksək mərtəbəli binanın tikintisi ilə əlaqədar ərazidə 09 aprel 2025-ci il tarixdə müəyyən edilərək aktlaşdırılmış ağaclardan 21 ədədinin kəsilərək məhv edilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Agentliyinin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllənin müfəssəl plan Sumqayıt ŞİH-nin sifarişi əsasında hazırlanmış və Baş plana əsasən ərazidə yüksək sıxlıqlı yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli baxış aktından görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində Şəxs MTK tərəfindən yaşıllıq ərazinin hasara alınması və mövcud 2/45, 3/34 saylı binaların sökülməsi zamanı ağac və kol bitkilərinin məhv edilməsi barədə daxil olmuş şifahi müraciətlə əlaqədar hasarlanmış ərazinin hüdudları daxilindəki yaşıllıq sahəsinə baxış keçirilmiş və baxış zamanı 49 ədəd ağac və kolların mövcud olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar İdarəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Şəxs MTK-nın istifadəsinə ayrılmış Sumqayıt şəhəri, H.Əliyev prospekti ilə 20 yanvar küçələrinin kəsişməsi, 16-cı məhəllə ərazisində həmin MTK tərəfindən aparılan tikinti işləri zamanı meşə fonduna daxil olmayan yaş köküstə bioloji inkişafda olan yaşıllığın qanunsuz götürülməsi (kəsilməsi) və ya məhv edilməsi faktı üzrə Azərabaycan Respublikası ETSN yanında X2 Xidmətindən daxil olmuş material üzrə Cinayət təqibindən kənar icraatlar idarəsində hazırda araşdırma aparılması bildirilmişdir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar, tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, Şəxs MTK tərəfindən Sumqayıt şəhəri, 16-cı məhəllə, 20 Yanvar küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yüksək mərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar ərazidə mövcud olan yaşıllıqlara müdaxilə edilmiş, həmin fakt üzrə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən iki ayrı akt tərtib olunmuşdur. Aktlardan biri kəsilərək götürülmüş ağaclara, digəri isə köçürülmüş ağaclara münasibətdə tərtib edilmişdir. Kəsilərək götürülmüş ağaclarla bağlı materiallar araşdırma aparılması üçün prokurorluq orqanlarına göndərilmiş və hazırda Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən meşə fonduna daxil olmayan yaş köküstə bioloji inkişafda olan yaşıllığın qanunsuz götürülməsi (kəsilməsi) və ya məhv edilməsi faktı üzrə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsi ilə nəzərdə tutulan əlamətlər üzrə araşdırma aparılır. Köçürülmüş ağaclara görə isə Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, hüquqi qiymətləndirmə aparılarkən ilk növbədə qeyd edilməlidir ki, həm Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsi, həm də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqpozmanın obyektiv cəhətinin əsas elementi ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi, götürülməsi və ya məhv edilməsidir. Hər iki normanın dispozisiyası göstərir ki, əməlin hüquqi təbiəti, yəni onun cinayət və ya inzibati xəta kimi tövsif olunması ilk növbədə eyni xarakterli hərəkətin mövcudluğundan asılıdır. Bu zaman əsas fərqləndirici meyar vurulmuş ziyanın miqdarıdır. Vurulmuş ziyanın miqdarı cinayət məsuliyyəti ilə inzibati məsuliyyət arasındakı sərhədi müəyyən edir. Hazırkı iş materiallarından görünür ki, eyni tikinti fəaliyyəti çərçivəsində və eyni ərazi üzrə həyata keçirilmiş hərəkətlər nəticəsində yaşıllıqlara müdaxilə olunmuş, həmin müdaxilə faktı vahid hadisə kontekstində baş vermişdir. Ağacların bir qisminin kəsilməsi, digər qisminin isə köçürülməsi vahid zaman və məkan çərçivəsində baş vermiş hərəkətlərin tərkib hissəsidir. Belə olan halda, həmin hadisənin ayrı-ayrı epizodlara bölünərək bir hissəsi üzrə cinayət təqibi qaydasında araşdırma aparılması, digər hissəsi üzrə isə inzibati xəta haqqında iş üzrə icraat başlanması eyni faktiki hallara müxtəlif hüquqi prosedurlar çərçivəsində paralel qiymət verilməsi ilə nəticələnir. Məhkəmə qeyd edir ki, hüququn fundamental prinsiplərindən biri olan “bir əmələ görə iki dəfə məsuliyyətə cəlb etməmək” (non bis in idem) prinsipi eyni faktiki hallar üzrə şəxs barəsində paralel və ya təkrar məsuliyyət tədbirlərinin tətbiqini istisna edir. Əgər eyni hadisə üzrə həm cinayət-hüquqi, həm də inzibati-hüquqi qiymətləndirmə aparılarsa və nəticədə məsuliyyət müəyyən edilərsə, bu, eyni əmələ görə iki dəfə tənbeh tədbirinin tətbiqi ilə nəticələnə bilər ki, bu da hüquqi müəyyənlik və ədalətlilik prinsiplərinə ziddir. Bundan əlavə, cinayət təqibi qaydasında aparılan araşdırma çərçivəsində hadisənin bütün faktiki halları, o cümlədən vurulmuş ziyanın miqdarı, hərəkətlərin xarakteri və hüquqi nəticələri tam və hərtərəfli müəyyən edilə bilər. Bu isə əməlin yekun hüquqi kvalifikasiyasının verilməsi üçün daha səmərəli və prosessual baxımdan məqsədəuyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraatın davam etdirilməsi məqsədəuyğun deyildir. Hadisənin vahid hüquqi qiymətləndirilməsinin təmin edilməsi, ziddiyyətli qərarların qarşısının alınması və qanunvericiliyin düzgün tətbiqi baxımından iş üzrə icraata xitam verilərək materialların birgə araşdırılması və törədilmiş əmələ yekun hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar İdarəsinə göndərilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası İXM-in 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85, 114-115 və 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və materiallar Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(5-155)-286/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-286/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver