Məhkəmə qərarları › İş №3(5-155)-294/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-294/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-294/2026 13.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Şimal” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1980-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2İN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. xx.xx.2026-cı ildə keçirilmiş məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(060)-5874/2023 saylı icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Qeyd edilən icra sənədi üzrə xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş borcluya rəsmi qaydada təqdim olunmuşdur. Halhazırda icra sənədi üzrə 4618 manat borc vardır. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 bildirmişdir ki, borclu bu gün icra sənədi üzrə 400 manat ödəniş etmiş və tərəflər arasında hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Borcun ödənilməsi ilə bağlı tərəflərin razılaşmasını nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun məhkumluğu olduğu üçün rəsmi qaydada işləyə bilmir və günəmuzd qaydada fəhlə işləyir. Hal-hazırda aliment borcundan 400 manat ödəniş etmiş və bundan sonra hər ay ödənişlər edəcəyinə söz verir. Bununla bağlı tələbkarla aralarında razılıq əldə olunmuşdur. Göstərilən halları, borcun hissə-hissə ödənilməsi barədə tələbkarlar aralarında razılıq əldə edilməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, borclu barəsində inizbati tənbeh tətbiq edilməsinin tərəfdarı deyil və yalnız borcun ödənilməsini istəyir. İşin məhkəmə baxışı zamanı borclu 400 manat ödəniş etmiş, qalan borcun isə hissə-hissə ödənilməsi barədə aralarında razılıq əldə olunmuşdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxslə tələbkar arasında ödənişlə bağlı razılıq əldə olunduğunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5874/2023 saylı icra sənədindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, borclu Şəxs onun xeyrinə 400 manat ödəniş etmiş və aralarında ödənişlə bağlı razılığa gəlinmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5874/2023 saylı icra sənədi üzrə ödənişlər olmadığına görə icra məmuru tərəfindən borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İşin məhkəmə araşdırması zamanı borclu Şəxs tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən yerinə yetirilməməsi halı müəyyən edilməmişdir. Belə ki, müəyyən edilmişdir ki, icra sənədinin hissə-hissə icrası barədə borclu və tələbkar öz aralarında razılıq əldə etmişlər. Lakin, icra məmuru tərəfindən qeyd edilən hal araşdırılmadan, borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsinin nədə ifadə olunduğu göstərilmədən, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta protokolda borclu Şəxs həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə inzibati xəta törətməsi göstərilməmiş, eləcə də onun əməlində həmin maddənin tərkibinin olduğunu təsdiq edən sübutlar protokolda qeyd edilməmiş və belə bir sübutlar məhkəməyə təqdim olunmamışdır. Əksinə işin halları ilə müəyyən edilir ki, borclu ödəniş etməkdən üzrsüz boyun qaçırmır, borcun hissə-hissə ödənilməsi ilə bağlı tələbkarla aralarında razılıq əldə edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 05 saata görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 05 saata görə 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar