Məhkəmə qərarları › İş №3(5-155)-298/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-298/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-298/2026 27.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Tağıyeva Fatimə Rahim qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi, müfəttişi X1, Barəsində inzibati icraat xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, aparılan monitorinq-ölçmə zamanı xx.xx.2026-cı il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllə, Şəxs MMC-yə məxsus əlvan metalların əridilməsi müəssisəsindən atmosferə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativdən artıq olmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi, müfəttişi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, son zamanlar Sumqayıt şəhərində kiçik sexlər tərəfindən havanın çirkləndirilməsi ilə bağlı nazirliyə və idarəyə vətəndaşlar tərəfindən müraciətlər daxil olmuşdur. Bu səbəbdən də Sumqayıt şəhərində İdarə tərəfindən monitorinqlər keçirilmişdir. Sumqayıt şəhər sakini Eldar Nəzərov Sumqayıt şəhərində yerləşən Şəxs MMC tərəfindən havanın çirkləndirilməsi barədə nazirliyə mailə yazıb və qaynar xəttə zəng vuraraq şikayət etmişdir. Nəticədə həmin əraziyə X6 İdarəsinin əməkdaşları ilə birlikdə ölçmə işləri aparmaq üçün getmişlər. Ölçmə işləri aparılmazdan əvvəl müəssisənin gözətçisinə müəssisədən nümayəndə çağırmasını bildirsə də, müəssisədən heç kim ölçmə işlərinin aparılmasında iştirak etməmişdir. Ölçmə işləri müəssisənin daxildə deyil hasarda kənarda müəyyən məsafədə həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş video görüntülərdən də müəssisənin tüstü borusundan havanın çirkləndirdiyi aydın şəkildə müşahidə edilmişdir. Belə ki, müşahidə zamanı müəyyən olunmuşdur ki, həmin müəssisə gündüz saatlarında deyil, gecə saatlarında işləyir və bu səbəbdən də ölçmə işləri saat 21:30-22:30 arasında aparılmışdır. Ölçmə əməliyyatı nəticəsində müəyyən olunmuşdur ki, müəssisə normadan artıq olmaqla havaya zəhərli maddələr buraxmışdır. xx.xx.2026-cı il tarixli akt Cəfərov Fəzail və onun iştirakı ilə akt tərtib edilmiş, MMC-nin direktoru Oleksi Marçenko aktı imza etməkdən imtina etmişdir. Şəxs MMC-nin nümayəndəsi və vəkili direktor O.M.Marçenkonun inzibati icraat haqqında məlumatı olmadığını bildirsə də, direktor şikayət ərizəsi və ölçmə əməliyyatının nəticələri tanış olmuş və məktuba xx.xx.2026-cı il tarixdə imza etməklə bunu təsdiqləmişdir. Protokolun tərtib edilməsi ilə bağlı müəssisəyə məktub göndərilmiş və O.Marçenko protokolun tərtibində iştirak etsə də, imzalamaqdan imtina etmişdir. Həmçinin, MMC-də təmizləyici qurğunun olub-olmaması, vardırsa pasportunun təqdim edilməsi ilə bağlı da O.Marçenkoya məktubla müraciət edilmişdir, lakin, həmin məktuba MMC tərəfindən cavab verilməmişdir. Müəssisədə təmizləyici qurğular olmalıdır, əgər vardırsa həmin qurğunun pasportu nazirlikdə qeydiyyatdan keçməmişdir. Bundan başqa, MMC-nin nümayəndəsi tərəfindən təmizləyici qurğunun pasportu və həmin qurğuya xidmət göstərilməsi ilə bağlı sənədlər təqdim edilməmişdir. Həmçinin, bildirmişdir ki, əvvəllər müəssisənin mülkiyyətçisi "xxxx" adlı MMC olmuşdur. "xxxx" MMC-nin aktivləri Şəxs MMC-yə keçdiyindən bütün sənədlər Şəxs MMC-yə aid edilmişdir. Müəssisə isə sənədlərdən yalnız birini öz adına sənədləşdirmişdir. O, video görüntülərdən MMC-nin ərazisindən tüstünün havaya buraxılması və atmosferə zərərli maddələrin normadan artıq atılmasının qeydə alınmasının müşahidə edilməsini nəzərə alaraq, gələcəkdə belə halların qarşısının alınması üçün məhkəmədən müəssisə barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yoxlamalar qabaqcadan məlumat verilməklə və iş saatlarında həyata keçirilməlidir. Əməkdaşlar isə qabaqcadan xəbər vermədən, gecə müəssisəyə gəlmiş və nümayəndə dəvət etmədən qanunsuz olaraq ölçmə işləri aparmışlar. Müəssisədən hasara qədər isə məsafə çox olmuşdur. Həmçinin, ölçmə həyata keçirilən cihazın sertifikat nömrəsi ilə məhkəməyə təqdim edilmiş sertifikat nömrəsi ilə də uyğunsuzluq vardır. Şikayət edən şəxs evinin qabağındakı sexlərdən birindən qoxu gəldiyini bildirsə də, şikayət verən şəxsin yaşadığı yerlə müəssisə arasında məsafə uyğunsuzluğu da vardır. Havaya zəhərli maddələr buraxılması ilə bağlı protokol tərtib edilsə də, video görüntülərdən görünür ki, müəssisədən çıxan qeyd etdikləri kimi tüstü deyil, buxardır. Həmçinin, qeyd etdikləri kimi tüstünün həmin müəssisəyə aid olması da bəlli deyildir. Təxmini olaraq ölçmə aparmış və qərəzli şəkildə həmin rəqəmləri yazaraq uydurma protokol tərtib etmişlər. Müəssisənin əvvəlki mülkiyyətçisinin "xxxx" MMC olması ilə bağlı məsələyə münasibətdə bildirir ki, həmin zavod heç "xxxx" MMC-yə də aid olmamışdır. Belə ki, X11 tərəfindən "xxxx" MMC-yə işlədilməsi üçün verilmiş, lakin, həmin MMC zavodu işlədə bilmədiyindən bütün vəsaitləri, aktivləri X7 göstərişi əsasında Şəxs MMC-yə satmışdır. Beləliklə "xxxx" MMC-nin adına verilən sənədlərin hamısı Şəxs MMCyə aiddir və hazırda Şəxs MMC onun mülkiyyətçisidir. İdarə tərəfindən qanunsuz yoxlamanın həyata keçirildiyini, iş üzrə subyektin əməlində inzibati xəta tərkibi olmadığından məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X2 bildirmişdir ki, son vaxtlar Sumqayıt şəhərinin sakinləri havanın çirkli olması ilə bağlı şikayətlər etmişlər. Vətəndaş Nəzərov Eldarın şikayəti əsasında Sumqayıt şəhəri, 76-cı məhəllə, Şəxs MMC-nin yerləşdiyi ərazidə yoxlamalar aparılmışdır. Belə ki, şikayət verən vətəndaşın yaşadığı yerə ən yaxın ərazi Şəxs MMC-nin ərazisi olmuşdur. Gecə vaxtı həmin müəssisəyə getmişlər və müəssisənin tüstü bacasından və müəssisənin hasarından müəyyən məsafədə norma və standartlara uyğun olaraq müəssisənin müxtəlif tərəflərində ölçmə işləri aparmışlar. Ölçmə əməliyyatı nəticəsində havaya buraxılan zərərli maddələrin normadan artıq olduğu müəyyən edilmişdir. Monitorinq zamanı həmin şikayətçi vətəndaş da çağırılmış və aktın tərtib edilməsindən əvvəl müəssisənin gözətçisinə müəssisədən hər hansı bir nümayəndə çağırması barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq heç kim iştirak etməmişdir. Məhkəmə proses iştirakçılarını və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli 91714 nömrəli aktından görünür ki, ünvan 1 ünvanında yaşayan Eldar Nəzərov tərəfindən ETSNnin qaynar xətt xidmətinə daxil olan İD 33633 saylı, xx.xx.2026-cı il tarixli, ETSN-nin elektron poçt ünvanına göndərdiyi xx.xx.2026-cı il tarixli sexlərdən əsasən gecə vaxtları atmosferə zəhərli qazların buraxılması barədə müraciətlərlə əlaqədar xx.xx.2026-cı il tarixdə aparılan monitorinq zamanı Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən Şəxs MMC-yə məxsus əlvan metalların əridilməsi müəssisəsindən atmosfer havasına tüstü və qoxunun yayılması müşahidə edilmişdir. XKEMİ əməkdaşları tərəfindən Şəxs MMC-yə məxsus müəssisənin ətraf ərazisində, sabit hava şəraitində 21:30-dan 22:30-dək atmosfer havasında SKY 2000 RS səyyar cihazı vasitəsi ilə ölçmə işləri aparılmışdır. Ölçmənin nəticələrinə görə həmin ərazidə CO (dəm qazı)-9,2 mq/m3 (norma 5 mq/m3) SO2 (kükürd qazı)-30,6 mq/m3 (norma 0,5 mq/m3) təşkil etmişdir. Bu göstəricilər ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Bununla əlaqədar olaraq idarə tərəfindən Şəxs MMCnin rəhbərliyinə G-BM/4326-062 saylı, xx.xx.2026-cı il tarixli bildiriş məktubu göndərilərək aparılan inzibati araşdırma ilə bağlı müəssisənin səlahiyyətli nümayəndəsi idarəyə dəvət edilmişdir. Şəxs MMC-nin direktoru Oleksey Marçenko adlı şəxs idarəyə gəlsə də, rəsmi arayış təqdim etməyərək şifahi olaraq ölçmənin nəticəsi ilə razılaşmadığını bildirmişdir. Bununla da “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 41-ci maddəsinin, “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10, 13, 14 və 27-ci maddələrinin tələbləri pozulmuşdur. X9 Monitorinq İadrəsinin xx.xx.2026-cı il tarixli 003731 nömrəli aktından görünür ki, xx.xx.2026-cı il tarixində Sumqayıt şəhəri 76-cı məhəllə Şəxs MMC-də (mis emalı zavodu) aşağıdakılar aşkar edildi: Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan xx.xx.2026-cı il tarixli İD33633 nömrəli və xx.xx.2026-cı il tarixli 3-14/1-E-51-312026 nömrəli məktubların icrası ilə əlaqədar Sumqayıt şəhəri 76-cı məhəllə ünvanında yerləşən əsas fəaliyyət növü mis emalı olan Şəxs MMC-nin ətraf ərazisində XKEMİ-nin Mərkəz direktoru Qabil Məsmalıyev 4 saylı RETSİ-nin baş məsləhətçi-müfəttişi Aysəf Bayramov, baş mütəxəssis Fəzail Səfərovun iştirakı ilə ekoloji monitorinq keçirildi. Monitorinq ölçmə işləri zamanı müəssisənin gözətçi məntəqəsinə yaxınlaşaraq ölçmə analiz işlərində iştirak etmək üçün nümayəndə ayrılması barəsində məlumat verilsə də, səlahiyyətli nümayəndənin iştirakı təmin olunmadı. Ölçmə işləri sabit hava şəraitində saat 21:30-dan 22:30-dək müəssisə faəliyyətdə olan zaman nüəssisənin ətraf ərazisində SKY 2000 RS səyyar cihazı vasitəsi ilə aparılmışdır. Ölçmənin nəticələrinə görə ərazidə CO (dəm qazı)-9,2 mq/m3 (norma 5 mq/m3), SO2 (kükürd qazı)-30,6 mq/m3 (norma 0,5 mq/m3) təşkil etmişdir. Bu ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Baxış zamanı müəssisənin fəaliyyəti ilə əlaqədar ətraf əraziyə kəskin tüstünün və zərərli iy qoxunun yayılması müşahidə olunmuş, bu da ətraf ərazidə yaşayan insanların haqlı narazılığına səbə olmuşdur. (ölçmə işlərinin aparılması zamanı qeydə alınmış foto şəkillər akta əlavə edilmişdir.) 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş ölçmə vasitələrinin yoxlanması haqqında ÖVY0015508/25 nömrəli şəhadətnamədən görünür ki, ölçmə vasitəsinin adı qaz detektoru, ölçmə vasitəsinin tipi SKY2000-R, yoxlama tarixi xx.xx.2025-ci il, növbəti yoxlama tarixi xx.xx.2026-cı ildir. Məhkəməyə təqdim edilmiş Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-14-43/2-838/2025 nömrəli məktubdan görünür ki, atmosfer havasına atılan tullantıların azaldılması və zərərli təsirlərin qarşısının alınması məqsədi ilə müəssisədə quraşdırılmış qaz-toz tutucu qurğu barədə ətraflı məlumatların təsdiqedici sənədlər əlavə edilməklə (qurğunun tipi, quraşdırılma ili, istismar müddəti, texniki pasportu, texniki baxış aktları, sonuncu dəfə keçirilən texniki xidmət və təmir işlərinin aparılması tarixi, faktiki işlək vəziyyəti, məhsuldarlıq göstəricisi və s.) 3 iş günü müddətinə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-14-22/2-546/2023 nömrəli məktubundan görünür ki, "xxxx" MMCyə məxsus olmuş əmlak kompeksinin mövcud vəziyyəti üzrə Şəxs MMC-nin mülkiyyətinə keçməsi ilə əlaqədar olaraq DEEA tərəfindən verilmiş hüquq müəyyənedici sənədlərin qüvvədə olma müddəti ərzində Şəxs MMC üçün də etibarlı olması məqbul hesab olunur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-14-17/2-110/2023 nömrəli məktubundan görünür ki, Kommersiya Məhkəməsinin qərarına əsasən "xxxx" MMC-nin bütün aktivlərinin Şəxs MMC-yə keçdiyindən, "xxxx" MMC-nin Xidmət tərəfindən 27 dekabr 2022-ci il tarixində razılaşdırılmış “Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması” sənədinin Şəxs MMC-nin adına dəyişdirilməsi nəzərə alınmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, X3 X4 sədri ilə razılaşdırılmış xx.xx.2022-ci il tarixli ekoloji pasportda göstərilmişdir ki, ekoloji pasport "xxxx" MMC-nin direktoru tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, X3 X4 sədri ilə razılaşdırılmış xx.xx.2022-ci il tarixli X12 Həddi (ABTH) layihəsi xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin direktoru tərəfindən təsdiq edilmişdir. Həmin ABTH lahiyənin 6-cı səhifəsində təqdim olunan layihə üzrə normativlərin 2022-2026-cı illər üçün etibarlı olması, 15-ci səhifəsində istehsal prosesində qaztoztutucu qurğularla təchiz olunmaması, layihənin 27-ci səhifəsində X12 Həddi kimi təklif edilən illik norma kükürd anhidridi üçün 1,264, karbohinrogenlər üçün 0,05; sulfat turşusu üzrə 0,224 müəyyən edilməsi göstərilmişdir (cədvəl 3.6). Təqdim edilmiş xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC ilə alıcı Şəxs MMC arasında anod mis əridən sobasının Jet Pulse tipli aspirasiya qazlarının toplanması və tozdan təmizlənməsi sisteminə daxil olan avadanlıq dəstinin təchizatı və satışı ilə bağlı müqavilə bağlanmışdır. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktubundan görünür ki, O.M.Marçenko xx.xx.2026-cı il xx.xx.2026-cı il tarixdə aktlar və şikayətlə tanış olmuş, bunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında təqdim edilmiş video görüntülərdən görünür ki, xx.xx.2026-cı il tarixdə X9 Monitorinq İdarəsinin və 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən Şəxs MMC-yə məxsus mis emalı zavodunun ətraf ərazisində monitorinq aparılması və həmin müəssisədən tüstü borusundan tüstünün ətrafa yayılması, X9 Monitorinq İdarəsinin əməkdaşı tərəfindən cihaz vasitəsilə ölçmə işlərinin aparılması, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən atmosferə atıla bilən zərərli maddənin normadan yuxarı olması barədə məlumat verməsi müşahidə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2026-cı il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və X9 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən aparılan monitorinq-ölçmə işləri zamanı Sumqayıt şəhəri, 76-cı məhəllə, Şəxs MMC-yə məxsus metal əridilməsi müəssisəsindən atmosferə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativdən artıq olması müəyyən edilmişdir. Belə ki, həmin tarixdə akt tərtib edilmiş və akta əsasən MMC-də atmosferə atılan CO (dəm qazı)-9,2 mq/m3 (norma 5 mq/m3), SO2 (kükürd qazı)-30,6 mq/m3 (norma 0,5 mq/m3) təşkil etmişdir. Qeyd edilən akta ölçmə işlərinin aparılmasını təsdiq edən video görüntü və foto şəkillər, ölçmə cihazının şəhadətnaməsi əlavə edilmişdir. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və müdafiəçisi aparılan monitorinqin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayaraq, qərəzli olaraq aparılmasını, borudan çıxan tüstü deyil buxar olmasını, havanın çirkli olmasından şikayət edən şəxsin yaşadığı yerlə müəssisə arasında xeyli məsafə olmasını, MMC-nin nümayəndəsinin iştirakı təmin edilməməsini, inzibati icraatın MMC-nin nümayəndəsinin məlumatı olmadan aparılmasını bildirmişdir. Məhkəmə qeyd edir ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi aparılan monitorinqin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmadığını bildirsə də, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən monitorinq müəssisənin ərazisinə daxil olmadan aparılmışdır. Bundan başqa, hüquqi şəxsin nümayəndəsinin müəssisənin qeydə alınmış video görüntülərdə iş prosesi zamanı borudan tüstü yox buxarın çıxması və monitorinqin qərəzli aparılmasını bildirməsi ilə bağlı məhkəmə qeyd edir ki, aparılmış yoxlama zamanı qeydə alınmış görüntülərdə X9 Monitorinq İdarəsinin əməkdaşının ölçmə cihazı vasitəsilə ölçmə işlərini aparması müşahidə edilmiş və ölçmə işlərinin aparılması barədə xx.xx.2026-cı il tarixli akt tərtib edilərək atmosferə atılan (CO) dəm qazının-9,2 mq/m3 (norma 5 mq/m3), (SO2) kükürd qazının-30,6 mq/m3 (norma 0,5 mq/m3) olması müəyyən edilmişdir. Hüquqi şəxsin nümayəndəsi borudan tüstü yox buxar çıxmasını, ölçmə işlərinin qərəzli aparıldığını bildirsə də, qeyd edilən halı təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Bundan savayı, MMC-nin nümayəndəsinin məlumatı olmadan inzibati xəta üzrə icraat aparılmasına dair dəlilə münasibətdə məhkəmə bildirir ki, məhkəmə iclasında təqdim edilmiş məktubdan görünür ki, O.M.Marçenko xx.xx.2026-cı il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində xx.xx.2026-cı il tarixli akt və şikayətlə tanış olmuş, imzası ilə təsdiq etməklə məktubda qeyd etmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, barəsində protokol tərtib edilmiş Şəxs MMC üçün atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazəyə dair cədvəldə illik norma kükürd anhidridi üçün 1,264; karbohinrogenlər üçün 0,05; karbon oksidi üzrə 4,066 müəyyən edilməsi göstərilsə də, xx.xx.2026-cı il tarixdə aparılmış ölçmə işləri zamanı atmosferə atılan (CO) dəm qazının-9,2 mq/m3 (norma 5 mq/m3), (SO2) kükürd qazının-30,6 mq/m3 (norma 0,5 mq/m3) olması müəyyən edilmişdir. Göründüyü kimi, aparılmış ölçmə işləri nəticəsində atmosferə atılan dəm qazının və kükürd qazının miqdarı icazə verilən normadan artıq olmuşdur. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 2-ci hissəsinə görə müvafiq ərazilərdə bütün çirklənmə mənbələrinin əhalinin sağlamlığına, bitki və heyvanlar aləminə təsiri nəzərə alınmaqla ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan, axıdılan və basdırılan zərərli maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilir. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.10-cu maddəsinə əsasən atılmanın (tullantının) yol verilən həddi - stasionar mənbələrdən zərərli maddələrin atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərini aşmaması şərti ilə atmosfer havasını çirkləndirən hər bir mənbə üçün atılmanın texniki normativlərini və fon çirklənməsini nəzərə almaqla müəyyən edilən zərərli maddələrin alınmasının yol verilən həddidir. 14.6-cı maddəsinə əsasən yeni salınan və ya yenidən qurulan təsərrüfat obyektlərində atmosfer havasına zərərli maddələrin atılmasının və zərərli fiziki təsirlərin atılmanın texniki normativlərindən və yol verilən həddindən, zərərli fiziki təsirlərin yol verilən həddindən artıq olmaması təmin olunmalıdır. 27.1.1-ci maddəsinə əsasən atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri olan hüquqi və fiziki şəxslər atmosfer havasına atılan zərərli maddələrin inventarlaşdırılmasının keçirilməsini və atmosfer havasına atılan zərərli maddələrin və onların fiziki təsirlərinin yol verilən həddinə dair normativlərə əməl olunmasını təmin etməyə borcludurlar 28-ci maddəsinə görə atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə aşağıdakı hallarda, yəni bu Qanunda nəzərdə tutulmuş zərərli maddələrin atılmasını və zərərli fiziki təsirlərin normativləri və hədlərini aşdıqda, atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədilə quraşdırılmış qurğulardan, avadanlıqdan və cihazlardan istismar qaydaları pozulduqda, atmosfer havasının mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanların göstərişlərini yerinə yetirmədikdə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsinin tələblərinin pozulması sübuta yetirilmişdir. İş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 233.1-ci maddəsi ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə görə, həmin Məcəllənin 237.1-ci maddəsi isə ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlıqların, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və barəsindəhəmin maddədə nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və barəsində 10500 (on min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar