Məhkəmə qərarları › İş №3(5-155)-34/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-34/2026

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-34/2026 16.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32980226 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32980226 saylı elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, həmin yerdə dayanma və ya durma işarəsi olmamış, və hadisə zamanı maşında olmuşdur. Belə ki, təzyiqi yüksək olduğu üçün qəfil halı pisləşib və avtomobilin şüşəsini açıb bir az özünə gəldikdən sonra yoluna davam edib. Məhkəmədən şikayətinin təmin olunmağını xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, həmin vaxt avtomobilini özü yox, övladı idarə edirdi. Qeyd edir ki, cərimə olunduğu yerdə dayanma və ya durma işarələri olmamışdır. Buna baxmayaraq, 80 manat və 2 bal cərimə olunmuşdur. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin yerdə dayanmış, digər sərnişin avtomobildən enmiş, özünü pis hiss etidiyi üçün avtomobili idarə edən övladından nəqliyyat vasitəsini dayandırmasını istəmiş, təxminən 2 dəqiqə avtomobil dayanmış vəziyyətdə olmuşdur. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32980226 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 12:04-də “KİA FORTE MİNİK” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobili Nərimanov küçəsində saxlayarkən İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclası zamanı şikayətçi tərəfindən elektron qərara əlavə edilmiş fotoşəkillərə şikayətçinin iştirakı ilə mobil telefonda baxış keçirilmiş, qərarda göstərilən nəqliyyat vasitəsinin ikinci cərgədə dayanması müəyyən olunmuşdur. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32980226 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin dəlilləri elektron qərarın ləğv edilməsi üçün əsas deyil. Belə ki, şikayətçinin məhkəmə iclasında təqdim etdiyi fotoşəkildən görünür ki, elektron qərarın tərtib olunduğu ərazidə nəqliyyat vasitəsinin dayandığı yer ikinci cərgədir. Yəni ondan sağ istiqamətdə yolun çiynində digər nəqliyyat vasitələri dayanıb və ya durub. Yol hərəkəti haqqında qanunun 52-ci maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Şikayətçinin məhkəmə iclasında verdiyi izahatdan məlum olmuşdur ki, ilkin olaraq nəqliyyat vasitəsinin dayanmasına səbəb sərnişinin halının pisləşməsi deyil, sərnişinin avtomobildən düşməsi olmuşdur. Məhz həmin vaxt inzibati xəta hadisəsi başa çatmış, həmin ana qədər məcburi dayanma halı mövcud olmamışdır. Bundan sonra sərnişinin halının pisləşməsi səbəbindən qısa müddətə nəqliyyat vasitəsinin orada dayanması elektron qərarın ləğv edilməsinə əsas deyil. Həmçinin, şərnişinin halının pisləşməsi hər hansı mötəbər sübutla öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsinin qısa müddət olsa belə ikinci cərgədə dayanması və ya durması, hətta sərnişin düşürməsi də inzibati məsuliyyətə səbəb olur. Elektron qərarın Eldar Mahmudov barəsində tərtib olunması, sonuncunun izahatına əsasən avtomobili övladının idarəsinə münasibətdə məhkəmə hesab edir ki, qeyd olunan hal da qərarın ləğv edilərək yenidən araşdırmaya göndərilməsi əsası deyil. Belə ki, elektron qərarı tərtib etmiş orqan inzibati xəta qanunvericiliyinin tələblərini əsasən informasiya sisteminin məlumatlarına əsaslanıb E.Mahmudovu inzibati məsuliyyətə cəlb etmiş, həmçinin həmin hal hər hansı mötəbər sübutlarla təsdiq olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32980226 saylı elektron inzibati tənbeh vermə haqqında qərari qanunidir və dəyişdirilmədən saxlanılmalıdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində da nəqliyyat vasitəsinin dayanması və durmasına anlayış verilmişdir. Nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Nəqliyyat vasitəsinin durması — əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Məcburi dayanma — texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakı kimi göstərilmişdir. 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 346.4-cü maddəsinin dispozitiv şərtlərindən görünür ki, həmin maddənin tərkibinin yaranması üçün yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durmasıdır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32980226 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32980226 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar