Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-36/2026 22.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağları massivi, Ə.İmaməliyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 29 noyabr 2025-ci il tarixli, İXP7632046 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 22:40 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Zafıra” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri S.Vurğun küçəsi ilə Nizami küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olduğu zaman, qarşısında eyni istiqamətdə düzünə hərəkət edib sonradan sola dönmə manevri edən “Changan” markalı avtomobil yolun kənarında saxladığı üçün anidən avtomobilinin qabaq hissəsi qarşı avtomobilin arxa hissəsindən toqquşması baş vermişdir. Hadisədən sonra onun avtomobili hərəkətini dəyişib yolun sağ kənarında olan bardürə dəymişdir. Hadisə nəticəsində xəsarət almamış, lakin avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Ayxan Niftizadə yüngül olaraq xəsarət almışlar. Həmçinin qarşı avtomobildə də xəsarət alanlar olmuşdur. Hadisə vaxtı ayıq vəziyyətdə olmuş, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamışdır. Göstərilən halları nəzərə alaraq iş üzrə ədaləli qərar qəbul edilməsini xaiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş zərərçəkmiş şəxslər və inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin X2 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 62.4 və 112.1.4-cü maddələrinə əsasən işə zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün və zərərçəkmiş şəxslərin izahatları, inzibati xəta haqqında protokol, məhkəmə-tibbi ekspertizasının rəyləri, yolnəqliyyat hadisəsinin sxemi və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 29 noyabr 2025-ci il tarixli, İXP7632046 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Opel Zafıra” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı idarə edərkən yol hərəkət qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə zərərçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti vurmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli, 1687 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş sağ diz oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, qançırı xəsarətləri qərarın təsviri hissəsində göstərilən şəraitdə, yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli, 1662 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş sağ diz oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sağ diz oynağının ön səthində dörd ədəd sıyrıqları xəsarətləri qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8 və 332.1-ci maddələri ilə tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslərin izahatlarından görünür ki, onların heç bir şikayət və tələbləri yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən zərərçəkmiş şəxsilərin şikayət və tələblərinin olmamasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, yüngülləşdirən halın olmasını, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(5-155)-36/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-36/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver