Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-365/2026 23.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X2 oğlunun iştirakı ilə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ32003432 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 İlqar oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, sürücülük vəsiqəsinə haqsız yerə gələn balın silinməsini xahiş etmişdir. X2 oğlu ərizəsini onunla əsaslandırmışdır ki, EQ32003432 nömrəli protokolu o, idarə etmədiyi avtomobildən onun sürücülük vəsiqəsinə gələrək ona bal gəlmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 oğlu şikayət ərizəsini müdafiə edərək bildirdi ki, qeyd olunan nəqliyyat vasitəsini o, sonuncu dəfə 2025-ci ilin may-iyun aylarında etibarnamə əsasında idarə etmiş, daha sonra həmin avtomobil sahibi tərəfindən satılmışdır. Avtomobili alan şəxsə avtomobili adına keçirməsi üçün bir aylıq etibarnamə verilmiş, etibarnamənin vaxtı bitdiyindən cərimə onun barəsində tətbiq olunmuşdur. Hazırda avtomobil həmin şəxsin adına qeydiyyata alınmışdır. Lakin həmin cərimələrə görə sürücülük hüququ məhdudlaşdırılmış, sürücü işlədiyindən bu da onun üçün problemlər yaratmışdır. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Baş Dövlət Yol Polis İdarəsi nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ32003432 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X2 oğlu barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 100 manat məbləğində cərimə edilir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasına çağrılsa da, Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbdən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X2 oğlunun şikayətində göstərilən halların mövcud olubolmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ32003432 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 oğlunun şikayəti qismən təmin edilsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ32003432 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(5-155)-365/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-365/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver