Məhkəmə qərarları › İş №3(5-155)-395/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-395/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-395/2026 11.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi Nahid Həsənovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi «ŞİMAL» Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1992-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2aşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib edilmiş 11 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixində saat 12:00 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin dəhlizində ucadan danışaraq səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi Nahid Həsənov tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, X6 Bölməsinə şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İlqar onu dəfələrlə narahat edir, onu yaşamağa qoymur, ona qarşı nalayiq ifadələr işlədir. Belə ki, sözügedən şəxslər münaqişəli ailə kimi PB-də qeydiyyatdadırlar. Əvvəllər də onun barəsində İXM-nin 510-cu maddəsi ilə protokollar tərtib edilmişdir. Şəxs 1-ci Polis Bölməsinə izahatının alınması üçün dəvət olunmuş, lakin o izahat verməkdən imtina etmiş, bölmədə narazılıq etmiş, səs-küy salmış, ucadan qışqırmış, ictimai qaydanı pozmuşdur. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Polis Bölməsindən hadisə anının videogörüntülərini daha sonra əldə edib təqdim edə bilər. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü izahatında göstərmişdir ki, Polis Bölməsində izahat verib. Lakin səs-küy olmayıb. Belə ki, o bibisigildə yaşayır. Bibisinin həyat yoldaşı ilə mübahisə etmiş, buna görə də bibisi DİN-in 102 Xidmətinə zəng etmişdir. Növbəti gün işlədiyi vaxt ona polis əməkdaşı zəng etmiş və onu Bölməyə dəvət etmişdir. Lakin gələ bilməyəcəyini, satdığı məhsulların sahibsiz qalacağını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı onun işlədiyi yerə gəlmiş və o, könüllü olaraq polis əməkdaşının avtomobilinə əyləşərək Polis Bölməsinə getmişdir. Qeyd edir ki, Polis Bölməsində səs-küy salmamış, nalayiq ifadə işlətməmişdir. Məhkəmədən Bölmədə səs-küy salmamasını, qalmağa yeri olmadığı üçün bibisigildə yaşamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid X5 izahatında bildirmişdir ki, onu Polis Bölməsinə çağırıblar. Orada İlqarı çox uzaqdan görüb, lakin onun səs-küy saldığını görməyib və eşitməyib. Məhkəmə iclasında müdafiəçi «ŞİMAL» Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin və şahidin izahatından görünür ki, Şəxs Bölmədə səsküy salmamışdır. Buna görə də onun əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi Nahid Həsənov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixində saat 12:00 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin dəhlizində ucadan danışaraq səs-küy salmış, ictimai qaydanı pozmuşdur İş materiallarında olan xx.xx.2026-cı il tarixli raportdan görünür ki, X5 xx.xx.2026-cı il tarixində saat 14:32-də DİN 102 Xidmətinə zəng edərək qardaşı oğlu Şəxs onun evinə gərələrək münaqişə yaratmasını bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 12:10-da inzibati qaydada tutulmuş, xx.xx.2026-cı il saat 12:10-da azad edilmişdir. İş materiallarında olan X3 xx.xx.2026-cı il tarixli izahatından görünür ki, Şəxs onu narahat edir, ona qarşı nalayiq ifadələr işlədir, onna yaşamağa imkan vermir. Barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Şəxs izahatından görünür ki, aralarında mübahisə olduğu üçün xx.xx.2026-cı il tarixində bibisinə qarşı nalayiq ifadələr işlətmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi sübuta yetirilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol və protokolu tərtib etmiş şəxsin izahatından başqa iş materiallarında hər hansı sübut yoxdur. İnzibati xəta haqqında protokolun məzmunundan görünür ki, hadisə Polis Bölməsinin dəhlizində baş vermişdir. Lakin həmin yerin videoqeydiyyatı aparılmasına baxmayaraq iş materiallarına əlavə edilməmiş, bölmənin girişində növbətçi hissə yerləşməsini və daimi olaraq orada polis əməkdaşları olmasına baxmayaraq baş vermiş hadisə barədə hər hansı raport tərtib olunmamış, hadisənin şahidi olan şəxslərin, polis əməkaşlarının izahatları alınmamışdır. Həmçinin, hadisə vaxtı Polis Bölməsində olan şahid X8 Şükürzadənin orada səs-küy salmağının şahidi olmadığını bildirmişdir. Bununla da, Şəxs tərəfindən ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət edilməsi faktı öz təsdiqini tapmır. Beləliklə də, məhkəmə hesab edir ki, təqdim edilmiş sübutların məcmusu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad edilən inzibati xətanı törətməsi qənaətinə gəlinməsi üçün kifayət etmir. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilməməsi səbəbindən xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, əksinə şəxsin qeyd olunan inzibati xətanı törətməsini ilə sübut etmək vəzifəsi protokol tərtib etmiş şəxsin üzərinə düşür, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olması ilə bağlı şübhələr və ziddiyətli məqamlar onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1-ci və 114.1.1-ci maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən onunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından «ŞİMAL» Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 1-ci və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 48-51, 53.2, 114-118-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs «ŞİMAL» Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq «ŞİMAL» Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar