Məhkəmə qərarları › İş №3(5-155)-396/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-396/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-396/2026 12.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş orqanın nümayəndəsi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PBnin sahə rəisi, polis mayoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli, 510.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli və 535.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2026-cı il tarixdə saat 20:55-də Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən Sumqayıt Şəhər Regional Narkoloji Dispanserində törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı müayinədən keçirilmiş, narkotik vasitə marixuana qəbul etdiyi müəyyən olunmuş, Sumqayıt Şəhər Narkoloji Dispanserində ünvansız nalayiq ifadələr işlətmiş, ucadan səsküy salaraq xırda xuliqanlıq etmiş, müayinə zamanı YPX əməkdaşlarına qəsdən tabe olmamışdır. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli, 510.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli və 535.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(5- 155)-396/2026, 3(5-155)-397/2026 və 3(5-155)-398/2026 nömrəli işlər bir icraatda birləşdirilmiş və işə 3(5-155)-396/2026 nömrəsi ilə baxılmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi, polis mayoru X10 tərtib edilmiş protokollara uyğun izahat verərək bildirmişdir ki, ona daxil olmuş raporta əsasən protokolu tərtib etmişdir. Belə ki, Şəxs müayinə zamanı narkotik vasitə aşkarlandığı üçün Sumqayıt şəhər Respublika Narkoloji Dispaserində mübahisə yaranmış, xırda xuliqanlıq edərək polisin qanuni tələbinə tabe olmamışdır. Protokolun şəxsin tutulmasından 48 saat ərzində məhkəməyə təqdim edilməsinə səbəb narkoloji rəyin alınması ilə bağlı olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü narkotik vasitə qəbul etməsi faktına münasibətdə Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə təqsirli bilmiş, lakin digər maddələrə İXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli olmadığını bildirmişdir. Belə ki, o, izahatında qeyd etmişdir ki, xx.xx.2026-cı il tarixdə avtomobilində xanım sərnişinlə birlikdə Xaçmazdan Bakıya doğru hərəkət zamanı qəza törətmişdir. O, Yaşma bağları istiqamətində Xızı-Giləzi yolunda avtomobili sağa çəkərkən avtomobil “bordyura” dəymiş və maşın aşmışdır. İdarə etdiyi “Mercedes” markalı avtomobil onun dostunun mülkiyyətində olmuş, onun sürücülük hüququ olsa da, etibarnaməsi olmamışdır. Qəza nəticədə özünün başı zədələnmiş, xanım müştəri isə özündə xəsarət olmadığı üçün evinə getmək istəmişdir. O, sərnişini başqa taksi ilə evinə yola salmış, özü də vətəndaşların köməyi ilə maşını qırağa çəkmiş və DYPİnin Yaşma məntəqəsinə getmişdir. Məntəqədə yol polis əməkdaşlarına avtoqəza ilə bağlı məlumat vermiş və hadisə yerinə qayıtdıqda yol polis əməkdaşının da orda olduğunu görmüşdür. O, hadisə yerində polis əməkdaşlarına “Mercedes” markalı avtomobilin dostunun mülkiyyətində olduğunu və dostu tərəfindən idarə edildiyini bildirmişdir. Onun adında 19 balı olduğu və sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmaması üçün yol polis əməkdaşına yalan danışaraq avtomobili idarə etmədiyini bildirmişdir. Daha sonra 756 nömrəli yol polis avtomobili və evakuatorla birlikdə Zarat postuna getmişlər və Zarat postuna çatdıqda baş leytenantla birlikdə onu narkoloji dispanserə müayinəyə aparmışlar. O, sonuncu dəfə marixuananı 1 ay əvvəl toyda olarkən istifadə etmiş və atası ürək xəstəliyinə tutulduğu üçün tövbə etmişdir. O vaxtdan bəri narkotik vasitə istifadə etmir və ona Maştağada da bildirmişlər ki 1 aya qanından təmizlənəcəkdir. Bu səbəbdən də ondan Sumqayıt şəhər Narkoloji Dispanserdə yoxlama zamanı marixuana istifadəsi faktının aşkarlana bilməyəcəyini düşünmüşdür. Ona görə də aparılmış testin nəticəsi ilə razı olmamış, protokolu imzalamaq istəməmişdir. Bu səbəbdən də mübahisə yaranmışdır. Orada olan zaman polis əməkdaşları ona təzyiq göstərərək protokolu imzalatmaq istəmişlər. O isə polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadə işlətməmiş və səs-küy salmamış, sadəcə protokol ilə razı olmadığını bildirmiş və imzalamaqdan imtina etmişdir. Polis əməkdaşları onu avtomobilə mindirib apararkən tabesizlik göstərməmişdir. Hətta yanında olan yol polis əməkdaşlarına bir-birinə qarşı nalayiq ifadələr işlədərək “onu sutkalığa göndərməlisiniz” kimi ifadələr işlətmişdir. O, əməlindən peşman olduğunu, 44 günlük Vətən Müharibəsində iştirak etdiyini, hərbi biletində bu barədə qeyd olduğunu, bu günədək heç bir inzibati, cinayət hadisəsi törətmədiyini bildirərək məhkəmədən barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, polis baş serjantı X3 izahatında bildirmişdir ki, Xızı-Giləzi yolunda – pullu yolda xx.xx.2026-cı il tarixdə yol nəqliyyat hadisəsi olmuş və hadisə yerinə getdikdə orada heç kim olmamışdır. Daha sonra bir nəfər hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaxınlaşmış və sürücünün bibisi oğlu olduğunu və sürücünün başı zədələndiyi üçün Siyəzən rayonuna getdiyini bildirmişdir. Daha sonra kamera görüntülərinə baxış keçirilmiş və avtomobilin onun tərəfindən idarə edilməsi müəyyən olunmuşdur. Bundan başqa, o, yanında heç kimin olmadığını bildirsə də, kamera görüntülərini əldə etdikdən sonra görüntülərdə yanında bir nəfər xanımın olduğu müəyyən edilmişdir. O, həmin xanımın müştəri olduğunu bildirmişdir. Şəxs 4 saat polis əməkdaşlarını aldatmış, hadisənin onun tərəfindən törədilməsinə baxmayaraq, məsuliyyətdən yayınmaq üçün yalan ifadə vermişdir. Daha sonra tərəflərindən Sumqayıt şəhər Narkoloji Dispanserə aparılıb müayinə edildikdə, onda marixuana qəbulu faktı aşkarlanmışdır. Lakin, Şəxs onu şərlədiklərini düşünərək səs-küy salmış, protokola imza etməkdən imtina etmiş, onlara tabe olmamış, bu zaman orada olan həkim yenidən onu test etmiş və yenidən narkotik vasitə qəbulu faktı aşkar edilmişdir. Dispanserdə həkim ona sidiyin ona məxsus olması ilə bağlı imza atmağının lazım olduğunu bildirsə də, imzalamaqdan imtina etmiş, həmçinin, onların qanuni tələblərinə tabe olmayaraq hay-küy salaraq nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının işini görməsinə qəsdən maneə yaratmış və polis bölməsinə getməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X7 digər şahid X1 izahatına uyğun eyni məzmunlu izahat vermiş və bildirmişdir ki, ona yeni yoldan nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olmuş, o hadisə yerinə getmiş, orada Şəxs avtomobilin onun tərəfindən idarə edilmədiyini bildirsə də, kamera görüntülərinə baxarkən sürücünün Şəxs olduğunu müəyyən etmişlər. Daha sonra Şəxs Sumqayıt şəhər Narkoloji Dispanserə müayinəyə apardıqda Şəxs onların qanuni tələblərinə tabe olmayaraq yüksəs səslə ünvansız olaraq nalayiq ifadələr işlədərək səsküy salmışdır. Həmçinin, müayinə zamanı kağızı imzalamaqdan imtina edərək polisin qanuni tələblərinə əməl etməmişdir. Belə ki, həmin kağızda sidiyin özünə məxsus olması ilə bağlı qeyd edərək imzalamalı idi. Həkim də ona protokola imza atmaqla bağlı izah etmiş və imzalamağının zəruri olduğunu bildirmişdir. O, protokolu imzalamaqdan imtina etmiş, həmçinin, onların qanuni tələblərinə tabe olmayaraq hay-küy salaraq nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının işini görməsinə qəsdən maneə yaratmış və polis bölməsinə getməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 izahatında hüquqlarını müdafə etdiyi şəxsin narkotik vasitə istifadə etdiyini etiraf edərək əməlindən səmimi peşman olmasını, digər əməllərə münasibətdə isə təqsirli bilmədiyini nəzərə alaraq, narkotikdən istifadəyə münasibətdə yüngül inzibati tənbeh tədbirinin, digər xətalara münasibətdə isə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının, şahidlərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi, polis mayoru X10 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 20:55-də Sumqayıt Şəhər Regional Narkoloji Dispanserində Şəxs ünvansız nalayiq ifadələr işlətmiş, ucadan səs-küy salaraq xırda xuliqanlıq etmişdir. Nəticədə Azərbaycan Respublikasının İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi, polis mayoru X10 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 20:55-də Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən Sumqayıt Şəhər Regional Narkoloji Dispanserində törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı müayinədən keçirilmiş, narkotik vasitə marixuana qəbul etdiyi müəyyən olunmuşdur. Nəticədə Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi, polis mayoru X10 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 20:55-də Sumqayıt Şəhər Regional Narkoloji Dispanserində müayinə zamanı YPX əməkdaşlarına qəsdən tabe olmamışdır. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi, polis mayoru Asəf Hətəmliyə BDYPİ-nin 1-ci Tağımının yol patrul xidməti inspektoru X3 tərəfindən xx.xx.2026-cı il tarixli raport ünvanlanmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2026-cı il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün material aidiyyəti üzrə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-yə göndərilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2026-cı il tarixli 875 nömrəli aktdan görünür ki, Şəxs marixuana qəbulu faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 X9-Narkoloji Tibbi Yoxlamanın xx.xx.2026-cı il tarixli, 1080 nömrəli rəyindən görünür ki, Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixində saat 23:15-də inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 11:30-da azad edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2026-cı il tarixdə Şəxs tərəfindən yol nəqliyyat hadisəsi törədilmiş, nəticədə o, Sumqayıt şəhər Respublika Narkoloji Dispanserinə müayinə edilmək üçün gətirilmiş və müayinə zamanı onda narkotik vasitə olan marixuana qəbulu faktı aşkar edilmişdir. Daha sonra o, müayinənin nəticəsi ilə razı olmadığından polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək hay-küy salmış, onların işini görməsinə maneə olmuş, nəticədə mübahisə yaranmışdır. İnzibati xəta haqqında iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsinin tərkibi yaranmamışdır. Belə ki, işin halları ilə təsdiq edilir ki, Şəxs etdiyi hərəkətlərdə niyyəti ictimai qaydanı pozmaq olmamış, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı barəsində icraat aparılan şəxs Şəxs hər hansı səs-küy salması məhz ictimai qaydanı pozmaq niyyəti ilə edilməmiş, bu hərəkətlər şəxsin etdiyi tabesizliyin tərkib elementi kimi çıxış etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İXM-in 206 və 535.1-ci maddələrinin tərkibi yaransa da, İXM-nin 510.1-ci maddəsinin tərkibi yaranmamışdır. Bu səbəbdən də onun barəsində İXM-nin 510.1--ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bundan başqa, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlak edilməsi, həmçinin polisin qanuni tələbinə qəsdən tabe olmaması, yəni Azərbaycan Respublikasının İXM-nin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün qismən etirafı, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, barəsində icraat aparılan şəxsin qeyd edilən izahatı qeyrisəmimi olmaqla, məsuliyyətdən yayınmaq məqsədilə verilmişdir. Belə ki, Şəxs özü də Sumqayıt Şəhər Polis Bölməsində və məhkəmə iclasında verdiyi izahatında da polis əməkdaşları ilə aralarında mübahisə yarandığını bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməməsini özünü müdafiə xarakterli qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf etməklə peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun əməlində İXM-nin 510.1-ci maddəsinin tərkibi olmadığından həmin maddə üzrə inzibati icraata xitam verilərək, onun barəsində təqsirli bildiyi İXM-in 206 və 535.1-ci maddələri üzrə daha ciddi sanksiyası olan İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. İş materiallarında olan inzibati qaydada tutma barədə protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixində saat 23:15-də inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 11:30-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinin tərkibi olmadığı üçün onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq həmin Məcəllənin 206-cı maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar