Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-402/2026 20.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tənbeh edilməsinə dair Bakı şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2026-cı il tarixli, TP7818803 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2026-cı il tarixli, TP7818803 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, 27 yanvar 2026-ci il tarixdə onun mobil telefonuna mesaj gələrək onun idarə etdiyi **-FA-*** nömrəli avtomobilinin 100 azn, 3 bal cərimə olunduğu bildirilmişdir. Mobil tətbiq vasitəsilə yoxlayarkən cərimənin qərarsız tətbiq olunduğu bildirilsə də, heç bir görüntünün və s. mobil tətbiqdə öz əksini tapmadığı məlum olmuşdur. O, bununla bağlı Sumqayıt Dövlət Yol Polis şöbəsinə müraciət edərək qərarın surətinin verilməsini xahiş etmiş, lakin ona qərar olmadığı bildirilmişdir. Daha sonra xx.xx.2026-cı il tarixdə qərarın qəbul olunduğu məlum olmuşdur. Cərimə olunma vaxtı ilə sms-in gəlmə vaxtı uyğunsuzluğun olması, eyni zamanda mobil tətbiqdə də heç bir məlumat aşkarlanmadığı səhvlik olduğunu düşünmüşdür. Bir müddət sonra mobil tətbiqə də bu barədə məlumat gəldiyini görmüşdür. Mobil tətbiqi tədqiq edərkən onun idarə etdiyi avtomobil barədə məlumatın olmadığını müəyyən etmişdir. Qərara əsasən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanınm tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) törətdiyi və törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. Barəsində heç bir qanuni əsası olmayan inzibati protokol tərtib edilmiş, heç bir əsaslandırma heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozmaqla cərimə edilməyi ilə bağlı qərar çıxarılmışdır. Məhkəmədən barəsində tərtib olunmuş TP7818803 nömrəli, xx.xx.2026-cı il tarixli qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Bakı şəhər Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X4 şikayətinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, onun telefonuna yalnız cərimə olunmağı ilə bağlı məlumat gəlmiş, hadisə ilə bağlı elektron sistemdə heç bir fotoşəkil, video və s. sübut əlavə edilməmişdir. Həmçinin, hadisənin baş verdiyi tarixdə, yəni xx.xx.2026-cı il tarixində o, Səbail rayonunda olmamışdır. Həmin gün o, Sumqayıt Şəhər Məhkəməsində və Qaradağ Rayon Məhkəməsində məhkəmə proseslərində olmuşdur. Təqdim edilmiş video görüntüdə müşahidə olunan avtomobil ona məxsus deyil, onun tərəfindən idarə edilməmişdir, həmçinin avtomobilin nömrəsi də görünmür. Göstərilənlərə əsasən məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, TP7818803 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli TP7818803 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2026-cı il tarixdə saat 11:00-da, ünvan 1 ünvanında “KİA SORENTO MİNİK” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğu üçün 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarının (foto, video materiallar və s.) təqdim edilməsi barədə verilmişsorğuya cavab olaraq whatsapp vasitəsilə təqdim edilmiş video görüntüyə baxış keçirilmiş, həmin görüntüdə Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 18 ərazisində “KİA SORENTO MİNİK” markalı avtomobilin əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etməsi müşahidə edilsə də, həmin avtomobilin dövlət qeydiyyat nişanı müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2026-cı il tarixli, TP7818803 nömrəli inzibati tənbeh vermə qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, ki, X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsaslı sübutlara istinad edilmədən qəbul edilmiş, həmçinin ki, X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, TP7818803 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, TP7818803 nömrəli qərarı ləğv edilsin və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 adına qeyd edilmiş xx.xx.2026-cı il tarixli, TP7818803 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(5-155)-402/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-402/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver