Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-411/2026 23.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2 nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ33642187 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli EQ33642187 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hadisə zamanı idarə etdiyi nəqliyyat vasitəsi atasına məxsus **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş və həmin avtomobil ona etibarnamə əsasında verilmişdir. Tərtib olunmuş protokol əsassızdır və düzgün tərtib edilməmişdir. Belə ki, protokolda göstərilən pozuntu guya nəqliyyat vasitəsinin yolayrıcından kəsişməyə 5 metrdən az məsafədə saxlanılması ilə əlaqədardır. Cərimə tətbiq edildikdən dərhal sonra hadisə yerində məsafə metr vasitəsilə ölçülmüş və müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi yol kəsişməsindən 5 metrdən çox məsafədə dayanmışdır. Bu faktı təsdiqləyən mobil telefon vasitəsilə foto və video çəkilişlər mövcuddur və məhkəməyə təqdim edilə bilər. Məhkəmədən barəsində tərtib edilmiş İXM-nin 346.5-ci maddəsi üzrə EQ33642187 nömrəli inzibati protokolu ləğv edilməsini və tətbiq olunmuş 40 manat cərimə və 2 balın silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X2 nümayəndəsi X3 şikayətin mahiyyətinə uyğun çıxış etmiş, əlavə olaraq bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə oğlu avtomobilini Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsi ilə Çerkassi küçəsinin kəsişməsinin yaxınlığında saxlamış və Bakı şəhərinə işə getmişdir. Oğlu ona zəng edərək telefonuna 346.5-ci maddəsi ilə cərimə olunması barədə sms gəldiyini və avtomobilinin şəklini çəkdiklərini bildirmişdir. O da həmin gün qeyd olunan ünvana getmiş və metrə ilə avtomobildən yolun hərəkət hissəsinin kəsişməsinə qədər olan məsafəni ölçmüşdür. Metrə ilə ölçdükdə yol kəsişməsindən məsafənin 5 metrdən çox olduğu müəyyən olunmuşdur. Bununla bağlı videoçəkiliş də mövcuddur. Ona məxsus olan **-FB-*** dövlət qeydiyyat nişanlı “CHEVROLET CRUZE MİNİK” markalı avtomobilin arxasında daha bir avtomobil saxlamış, həmin avtomobildən sonra da müəyyən qədər məsafə olmuşdur. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi, Baş X7 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ33642187 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ33642187 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2026-cı il tarixdə, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 555 ərazisində “CHEVROLET CRUZE MİNİK” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin çəkdiyi fotoşəkillərdən görünür ki, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 555 ərazisində “CHEVROLET CRUZE MİNİK” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi durmuşdur. Məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində “CHEVROLET CRUZE MİNİK” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin durması, məhkəmə iclasında iştirak edən şəxs tərəfindən avtomobildən yolun hərəkət hissəsinin kəsişməsinə qədər olan məsafənin ölçülməsi və həmin məsafənin 5 metrdən artıq olması, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən sonra daha bir “NİSSAN TİİDA” markalı avtomobilin durması müşahidə edilir. Məhkəmə tərəfindən Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə 3(5-155)-411/2026 nömrəli sorğu ilə müraciət olunaraq xx.xx.2026-cı il tarixli EQ33642187 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olan inzibati icraat materiallarının təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmə şikayət verən şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ33642187 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.1-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün “İCMAL” informasiya sisteminə ötürülür və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. 122.3.1-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57- 1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə –qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə X4 barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ33642187 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarının (foto, video materiallar və s.) təqdim edilməsi barədə sorğu verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və qeyd edilən icraatla bağlı inzibati icraat materialları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2026-cı il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, qərardan şikayət verən şəxs tərəfindən təqdim edilmiş foto şəkillərdə və video görüntüdə avtomobilin durduğu yerdən yolun hərəkət hissəsinin kəsişməsinədək olan məsafənin 5 metrdən artıq olması müəyyən edildiyindən, qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ33642187 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ33642187 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 adına qeyd edilmiş xx.xx.2026-cı il tarixli EQ33642187 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(5-155)-411/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-411/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver