Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-415/2026 16.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Rüstəm Zahidovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1989-cu ildə Naxçıvan MR, Şərur rayonu, Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qarabağlar Ə/D, Qarabağlar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında işirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Rüstəm Zahidov bildirmişdir ki, YPX əməkdaşlarının tərtib etdiyi raporta əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 08:30 radələrində Koroğlu və Sülh küçələrinin kəsişməsində geriyə dönmə əməliyyatını düzgün icra etmədiyi üçün YPX tərəfindən saxlanılmış, sənədlərini istəyən zaman o, videogörüntü təqdim edilməsini istəmiş, sənədlərini təqdim etməmişdir. Daha sonra telefonla çəkiliş etdiyi üçün telefonunu almaq istəyən zaman avtomobili sürərək oradan uzaqlaşmış və tabesizlik göstərmişdir. Eyni zamanda küçədə yol polis əməkdaşları ilə söz mübahisəsi edərək kənar şəxslərin diqqətini öz üzərinə çəkmişdir. Buna görə də şəxsin barəsində İXM-nin 510.1 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Bununla bağlı videogörüntü vardır. Protokolu müdafiə edir. Qanuna uyöun cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, öz hərəkət istiqaməti ilə hərəkət edən zaman sola geriyə dönmə edərək öz istiqamətində ünvanına gedirmiş. Bu zaman yol polis əməkdaşları onu saxlamış, o da avtomobili kənara çəkərək saxlamışdır. Şəffaflıq məqsədi ilə öz kamerasını işə salmışdır. Yol polis əməkdaşı ona qayda pozuntusu törətdiyini bildirmiş, o da qayda pozuntusu etmədiyini, etdiyi halda videogörüntü ilə birlikdə protokol tərtib edilməsini və yoluna davam etmək istədiyini bildirmişdir. Yanındakı polis əməkdaşı digər polis əməkdaşının yanına getmiş, onun çəkiliş etdiyini digər polis əməkdaşına bildirmiş, həmin polis əməkdaşı gələrək ondan avtomobildən düşməsini tələb etmişdir. O da şəxsi mülkiyyəti olduğunu bildirərək avtomobildən enməmiş, protokol tərtib olunmasını bildirmişdir. Lakin polis əməkdaşları təkid etmiş, o da DİN-nin 102 xidmətinə zəng etmiş, bu zaman yol polis əməkdaşı ona əl atmış, həm telefonu sınmış, həm də telefonunu aparmışdır. Polis əməkdaşı gedib öz avtomobilində əyləşmiş, o da öz avtomobilini sürərək ən yaxın polis bölməsinə gedəcəyini bildirmişdir. Orta zolaqla hərəkət edən zaman yol polis əməkdaşı avtomobillə onun qarşısını kəsərək saxlamış və ona yaxınlaşaraq ona təhqiramiz sözlər demişdir. İİİ dərəcə əlilliyi vardır, müharibə iştirakçısıdır. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə müdafiəçi X2 hüquqlarını müdafiə etdiyi şəxsin müharibə iştirakçısı olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqların olmasını nəzərə alaraq protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin DYPŞ YPX inspektoru, polis baş serjantı Kənan Əliyev bildirdi ki, şəxs Koroğlu Sülh küçələrinin kəsişməsində düzgün dönmə əməliyyatı etmədiyi üçün saxlanılmış, inspektor ona yaxınlaşmış, qayda pozuntusu ona izah etdikdən sonra şəxsin telefonla çəkiliş etdiyini görmüşlər. Başqa məqsədli çəkilişin qarşısını almaq üçün şəxsin telefonu almaq istəmişlər. Bu zaman şəxs yüksək sürətlə avtomobili sürüb getmişdir. Şəxsin ardınca gedib bir neçə dəfə ona saxlaması üçün işarə versələr də saxlamamış, süni tıxac yaradaraq onu saxlamışlar. Şəxs avtomobilin kəmərini boğazına dolayaraq onu avtomobildən düşürə bilməyəcəklərini demişdir. Daha sonra PPX əməkdaşları gəlmiş, söhbət apardıqdan sonra 5-ci Polis Bölməsinə getmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli video yazı diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi “Toyota Corolla” markalı **-KB-*** d.q.n avtomaşını YPX əməkdaşları saxladıqdan sonra sənədlərini təqdim etməkdən imtina etmiş, daha sonra çəkiliş etdiyi üçün telefonu ondan alınan zaman isə maşını sürüb həmin yerdən uzaqlaşaraq tabesizlik göstərmişdir. İş materiallarından görünür ki, Şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddələrinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddələrinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddələrinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddələrinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müharibə iştiraçısı olmasını və medalla təltif edilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, müharibə iştirakçısı olmasını nəzərə alır və hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 510 və 535.1-ci maddələri üzrə daha ciddi sanksiyası olan İXM-in 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 03 sata görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməldir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(5-155)-415/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-415/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver