Məhkəmə qərarları › İş №3(5-155)-417/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-417/2026

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-417/2026 06.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2005-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76, yataqxana 6a, mənzil 64 də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ X2 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2026-cı il tarixində məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, iş üzrə özünü təqsirli bilmir. Hadisə səhər saat 06:50 radələrində baş vermişdir. O, 41-ci məhəllədən üzü 28 May Mədəniyyət evinə tərəf gəlirdi. Bu vaxt sağa dönərkən qarşısına başqa avtomobil çıxdı, o, əyləc pedalını sıxsa da, avtomobilin 3 təkəri dayanmamış, yalnız sağ arxa təkər dayanmışdır. Bu vaxt idarəetməni itirmiş və avtomobili yolun sağında dayanan “MAN yük” markalı avtomobilin təkərinə vurmuş, nəticədə avtomobil sağa və sola aşmış, avtomobil “kuzasının” üstündə fırlanaraq dayanmışdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs onun iş yoldaşıdır və yanında sərnişin qismində əyləşmişdi. Avtomobil texniki baxımdan saz vəziyyətdə olmamışdır. xx.xx.2026-cı il tarixində məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, hadisə nəticəsində xəsarət almamışdır. O, Məhkəmə Tibbi Ekspertizasına göndərilmiş və həkim heç bir xəsarəti olmadığını ona bildirmişdir. Hadisə vaxtı zavoda gedirdilər, hava çiskinli idi. Birdən qabaqlarına başqa avtomobil çıxmış və çörək zavodunun avtomobilinin təkərləri dayanmamış, nəticədə avtomobil aşmış, həmin gün və səhərisi gün də işdə olmuşdur və qolunda qızartı və s. heç bir xəsarəti olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elnur Feyzullayev izahatında göstərmişdir ki, hadisə yerinə getdikdə çörək zavoduna məxsus avtomobil aşmış vəziyyətdə idi. Belə ki, həmin avtomobil yolun kənarında dayanmış başqa avtomobilin arxa sol hissəsinə dəyərək çevrilmişdir. Hadisə nəticəsində Şəxs və Zərərçəkmiş şəxs xəsarət almış, məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Şəxs dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs isə yüngül dərəcəli xəsarət alması müəyyən olunmuşdur. Əlavə olaarq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ona xəsarət aldığını bildirib, buna görə də məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Avtomobil 2 tərəfli aşaraq yolun sol tərəfinə çevrildiyi üçün şəxsin hadisə nəticəsində xəsarət alması realdır. xx.xx.2026-cı il tarixində məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixində məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, təhiqatçıya heç bir şikayəti olmadığını və xəsarət almadığını bildirmişdir. Hadisə gününün səhərisi işə çıxmışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi təhqiqat zamanı verdiyi etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, tibbi rəy və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “ZSA 270730 YÜK ÇÖRƏK” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozaraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti vurmuşdur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin xx.xx.2026-cı il tarixli 124 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ bazu-çiyin oynağı nahiyyənin hərəkət məhdudluğu ilə müşayət olunmuş qançır-şişkini iyi. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədə bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 07.01.26 cı il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli 14 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti yoxdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2026-cı il tarixli təhqiqat zamanı verdiyi izahatından görünür ki, ZSA-270730 markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini yol vərəqəsi əsasında idarə edir. xx.xx.2026-cı il tarixdə təxminən saat 07:05 radələrində idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, Koroğlu prospekti ilə üzü Sülh küçəsi istiqamətində köməkçi yolla təxminən 40 km sürətlə hərəkətdə olan zaman 28 May mədəniyyət evinin qarşısında sağdan məhəllə yolundan bir avtomobil anidən onun hərəkət yoluma çıxdığından həmin avtomobillə toqquşmamaq üçün avtomobili bir qədər sola meylləndirib hadisənin qarşısını almağa çalışdı, bu an isə tormoz əyləcinə təzyiq etsə də, tormoz tutmadığından avtomobil ilkin olaraq bir qədər sağa doğru meylləndi və qabaq sağ hissəsi yolun sağ kənarında dayanıqlı vəziyyətdə olan yük avtomobilinin arxa sol hissəsinə çırpılıb daha sonra bir qədər irəlidə çevrilərək dayandı. Hadisə baş verdikdən sonra o və avtomobildə olan iş yoldaşı Azər adlı şəxs avtomobildə sıxılaraq qaldığımızdan yaxınlıqdakı şəxslərin köməkliyi ilə avtomobildən çıxarıldıq. Daha sonra isə hadisə yerinə polis əməkdaşları gəldilər. Sonra isə ağrıları olduğundan müayinə olunmaqdan ötrü xəstəxanaya müraciət etdi. Hadisə baş verən zaman spirtli içki, narkotik vasitə və s. təsiri altında olmamış, hadisə ehtiyatsızlıqdan baş vermişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli təhqiqat zamanı verdiyi izahatından görünür ki, Şəxs iş yoldaşıdır və o “Sumqayıt Çörək” ATSC-də sürücü işləyir. xx.xx.2026-cı il tarixdə təxminən saat 05:15 radələrində Eltunun idarə etdiyi ATSC-yə məxsus ZSA-270730 markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə zavoddan çörək yığdıqdan sonra Sumqayıt şəhəri ərazisində yerləşən mağazalara çörəyi payladıqdan sonra ikinci dəfə zavoda çörək yükləmək üçün gedən zaman təxminən saat 07:05 radələrində Eltunun idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, Koroğlu prospekti ilə üzü Sülh küçəsi istiqamətində köməkçi yolla təxminən 40 km sürətlə hərəkətdə olan zaman 28 May mədəniyyət evinin qarşısında sağdan məhəllə yolundan bir avtomobil anidən onun hərəkət yoluna çıxdığından Eltun həmin avtomobillə toqquşmamaq üçün avtomobili bir qədər sola meylləndirib hadisənin qarşısını almağa çalışdı, bu an isə ona məlum olmayan avtomobil ilkin olaraq bir qədər sağa doğru meylləndi və qabaq sağ hissəsi yolun sağ kənarında dayanıqlı vəziyyətdə olan yük avtomobilinin arxa sol hissəsinə çırpılıb daha sonra bir qədər irəlidə çevrilərək dayandı. Hadisə baş verdikdən sonra o və Eltun avtomobildə sıxılaraq qaldıqlarından yaxınlıqdakı şəxslərin köməkliyi ilə avtomobildən çıxarıldıq. Daha sonra isə hadisə yerinə polis əməkdaşları gəldilər. Qeyd edim ki, baş vermiş hadisə ilə əlaqədar yüngül ağrılarım olsa da, heç bir xəsarət almamış, hadisə ilə bağlı heç bir şikayət və tələbi də yoxdur. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs hadisə nəticəsində xəsarət almadığını bildirsə də, Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2026-cı il tarixli 124 saylı rəyi ilə onun sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarət alması faktı təsdiq olunmuşdur. Həmçinin, qeyd olunan fakt məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elnur Feyzullayevin izahatı ilə təsdiq edilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, hadisə nəticəsində avtomobilin çevrilməsi nəticəsində Zərərçəkmiş şəxs “yüngül” xəsarət alması ağlabatandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar