Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-447/2026 17.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Mirelnur Musəvinin, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Arbitrium Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Ağdaş rayonu, Qolqatı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Mirelnur Musəvi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 16(060)-417/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, ünsiyyətdə olduğu uşağını götürmüş və geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Mirelnur Musəvi bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 16(060)-417/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi İcra İdarəsinin icraatına daxil olmuş və tərəflər çağırılmış, izahatları alınmış, icra sənədinin icra olunması ilə bağlı xəbərdarlıq edilmişdir. Tələbkarın hüquqları təmin edilərək İcra İdarəsində uşaqla görüş təmin olunmuşdur. Uşaqlardan 2-si anaları ilə görüşməkdən imtina etmiş, digər uşaq Nigar Məhərrəmova isə anası ilə getməyə etiraz etməmişdir. Tələbkar 6-cı gün görüş üçün uşağa yaxınlaşmış və 1 gün qalmaq şərti ilə uşağı götürmüşdür. Lakin Şəxs götürdüyü uşağını icra sənədində qeyd olunan vaxtda geri qaytarmamışdır. Tələbkara icra sənədini götürən vaxtdan borclu qismində çıxış etməsi ilə bağlı xəbərdarlıq olunmuşdur. Şəxs ilə telefon vasitəsilə əlaqə saxlamaq mümkün olmadığı üçün barəsində axtarış qərarı qəbul edilmiş və Cəbrayıl rayon Polis Şöbəsinə göndərilmişdir. 17 fevral tarixində axtarışla İcra İdarəsinə gəlmiş və izahatında bildirmişdir ki, hazırda uşağı geri qaytarmaqdan imtina edir, buna görə də barəsində protokol tərtib edilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs uşağı geri qaytarması ilə bağlı xəbərdarlıq edilib və imzası da var. Texniki səhv olaraq orada tələbkarın əvəzindən, borclunun adı qeyd olunub. Şəxs şifahi şəkildə xəbərdarlığı bildirib. Şəxs axtarış qərarında borclu kimi göstərilib. İcra sənədinə əsasən ana götürdüyü uşağını qaytarmağa borcludur. Borclu Zabratda, tələbkar isə Sumqayıt şəhərində yaşayır. İlk dəfə uşaqla görüş İcra İdarəsində həyata keçirilmiş, protokollaşdırılmışdır. Borcluya uşaqla görüşə maneə yaradarsa, xəbərdarlıq edilib ki, müvafiq tədbir görüləcək, protokol tərtib olunacaq. İlk görüş 25 dekabrda həyata keçirilmişdir, həmin vaxt icra vərəqəsi var idi. Növbəti görüşlər isə qeyri-iş günlərində olub, belə ki, xanım 6-cı gün yaxınlaşıb və uşağı götürüb. Hər iki tərəfə telefon vasitəsilə xəbərdarlıq edib. Şəxs xx.xx.2026-ci il tarixində 2018-ci il təvəllüdlü uşaqla görüşmüş, görüşdən sonra hazırkı vaxtadək uşağı geri qaytarmayıb. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs 07 fevral tarixində uşağı götürüb və geri qaytarmayıb. Şəxs 07 fevral tarixində gəlib uşağı istəmiş, uşaq ağlayaraq getmək istəməmişdir. Lakin o, uşağı götürüb aparmışdır. Bundan sonra bazar günü saat 20:00-da Leylanın atasına zəng edərək uşağı niyə gətirmədiklərini soruşmuş, atası isə ad günü keçirtdiklərini, uşağı bir azdan gətirəcəklərini bildirmişdir. Bir az gözlədikdən sonra yenidən Şəxs atasına zəng etmiş və uşağı bəlkə sabah gətirəcəyini bildirmişdir. Buna görə də, 1 gün gözləmiş, 2-ci gün isə icra məmurunun yanına getmişdir. İcra məmuru onun yanında borcluya zəng edərək uşağı gətirməli olduğunu bildirib. İcra məmurunun tərtib etdiyi protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, iş üzrə özünü təqsirli bilmir. Hər həftə həmin evə uşağı götürmək üçün getmiş, lakin söz-söhbət olmuşdur. Sonuncu dəfə uşağı qapıdan çölə itələmiş, digər 2 uşaqla isə görüşdürməmişlər. O da uşağını çöldə geyindirmiş və aparmışdır. Uşağı 6-cı gün götürdükdən sonra bazar günü icra sənədində qeyd edilən vaxtda geri qaytarmayıb, çünki uşağı ağlayaraq onu atasına verməməsini istəmişdir. O da dözməyərək uşağı atasına verməmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, uşağın hər gün onda qalması ilə bağlı məhkəməyə müraciət etmiş, lakin təmin olunmamışdır. Uşağı ilə ilk görüş atasının evində dekabrın ayının sonlarında baş tutub, dəqiq tarixi xatırlamır. Bundan əlavə, noyabr ayında da, yanvarın 31-də də uşağını görməyə getmişdir. İlk görüşdə qarşı tərəf səs-küy salmış, qışqımış, nəyə görə gəldiyini soruşaraq maneə olmuşdur. Bununla bağlı icra məmuruna bir dəfə müraciət edib. Növbəti görüşlərdə isə icra vərəqəsini aldıqdan sonra balaca qızını ona veriblər. Balaca qızı ilə 3 saatlıq görüşüb. Uşaq atasından qorxduğu üçün ilk əvvəl ona yaxın gəlməmişdir. İndiyədək 3 həftə ərzində uşağı götürmüş və bazar günü qeyd edilən saatda geri qaytarmışdır. Bu 6-cı gün də uşağı götürüb, lakin ağladığına görə geri verməmişdir. 08 fevral tarixində ad günü keçirtdiklərinə və axşam gec gəldiklərinə görə uşağı geri qaytarmayıb. Onun atasına zəng ediblər ki, uşağı gətirmək lazımdı. İcra İdarəsində uşaq atasından qorxduğundan ona yaxın durmamışdır. Məhkəmədən uşağının onu istədiyini və onun yanında qalmalı olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Arbitrium Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, tərəflər arasında uşağın anada yoxsa atada qalması ilə bağlı məhkəmə qərarı yoxdur. Bunun üçün iş qəyyumluq orqanına göndərilmiş, lakin hələ rəy əldə edilməmişdir. Uşaqlarla görüşmək üçün müvəqqəti təminat tədbiri ilə bağlı məhkəməyə müraciət etmiş və noyabr ayında qərar qəbul edilmiş, hazırda da öz qanuni qüvvəsini almasına baxmayaraq icra edilməmişdir. Dekabrın 4-dən İcra Baş İdarəsinə müraciət edir, daha sonra iş aidiyyətlə Cəbrayıl rayon İcra İdarəsinə göndərilmiş, sonra dəfələrlə qarşı tərəfə müraciət edib, qarşı tərəf isə “hara şikayət edirsən et uşağı sənə göstərməyəcəm” demişdir. Buna görə də müvəqqəti təminat tədbiri ilə bağlı məhkəməyə müraciət etmişdir. Ananın uşağı ataya qaytarması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdur. Ayın 7-si xanım uşağını götürmüş, 8-i uşaq onda qalmış, ayın 9-u səhər saatlarında isə icra məmuru və qarşı tərəf ona zəng edərək uşağı saat 1-ə kimi gətirməsini bildiriblər. O da icra məmuruna zəng edib deyib ki, birigün uşağı özü gətirəcək. Daha sonra xanım barəsində axtarış elan etmişdir. 1-ci gün saat 17:05-də İcra Şöbəsində olublar. Ona gecikdiklərini və protokol tərtib olunacağını deyiblər. Bu gün də 14:00-dan İcra İdarəsinə könüllü gediblər. Tələbkar qarşı tərəf yox, onlardır. Qarşı tərəf müvəqqəti təminat tədbiri ilə bağlı heç bir yerə müraciət etməyib. Uşaq ataya verilməsi heç bir sənəddə yazılmayıb. Ana uşağını görmək üçün hər dəfə o evə gedəndə maneəçilik törədirlər. Protokol qanunvericiliyin pozulması ilə tərtib olunub. Protokolun təmin olunmamasını xahiş edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, ərizəçi Şəxs müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilsin, iddiaçı Zərərçəkmiş şəxsnın cavabdeh Şəxs qarşı “nikahın pozulması, uşaqların atanın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsinə mahiyyəti üzrə məhkəmədə baxılıb qurtaranadək Şəxs övladları xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X1 və 15.11,2018-ci il təvəllüdlü X2 ilə hər həftənin beş günü (bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə) saat 15:00-dan 18:00-dək (üç saat) və hər həftənin şənbə günü saat 15:00-dan bazar günü saat 20:00-dək kənar şəxslərin iştirakı olmadan sərbəst şəkildə ünsiyyətdə olmaq hüququna Zərərçəkmiş şəxs tərəfindən edilən maneələr aradan qaldırılsın. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad dərhal icra edilsin. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 16(060)-417/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbi dərhal könüllü icra olunması xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, icra sənədi üzrə göstərilən saatlarda uşaqlarla ünsiyyətdə olduqdan sonra uşaqları qaytarmaq vəzifəsi Şəxs nəzərinə çatdırılmışdır. İş materiallarında olan Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, icra sənədi borcluya görə uzun müddətdir ki, icra olunmur. Borclu uşaqları qəsdən ondan uzaq saxlamışdır. Azyaşlı övladı Nigar Məhərrəmova uzun aylardır ki, təsir və qorxu altında saxlanılmışdır. Qızı dəfələrlə onunla qalmaq istədiyini bildirərək atasının yanına getmək istəməmişdir. Hazırda uşaqların kimin yanında qalması ilə bağlı məhkəmə mübahisəsi olsa da, sənədlər rəy verilməsi üçün qəyyumluq orqanına verilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli qərardan görünür ki, borclu barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs anası X3 xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, xx.xx.2026-cı il tarixdə uşağı götürməyə getsələr də, uşağı onlara verməyiblər. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, xx.xx.2026-cı il tarixində Şəxs X2 ilə təyin olunan görüşdən sonra onu ona geri qaytarmamışdır və uşağın gəlmək istəmədiyini bəhanə edərək qaytarmaqdan imtina etmişdir. Bu barədə məcburi icra tədbirlərinin görülməsini xahiş edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli uşaqla ünsiyyətlə bağlı icra prosesinin keçirilməsi ilə bağlı aktdan görünür ki, Fidan Məhərrəmova və Elvin Məhərrəmov anaları Şəxs ilə görüşməkdən imtina etdilər. Məhərrəmova Nigar anası ilə ünsiyyətdə olmaqdan imtina etmədi. İş materiallarında olan Şəxs vəkili Vəkil xx.xx.2026-cı il tarixli şikayətindən görünür ki, dəfələrlə Sumqayıt Şəhər İcra və Probasiya Şöbəsinə bu barədə müraciət olunmasına baxmayaraq bu günə qədər qanuni qüvvəsini almış məhkəmə qərardadı üzrə verilmiş icra vərəqəsi icrasız qalmaqdadır. Belə ki, tələbkar borcluya görə həftənin 6 günü övladı ilə görüşə bilmir. Zərərçəkmiş şəxs qəsdən icradan yayınır. Tələbkar günlərlə övladları ilə görüşmək üçün Sumqayıt şəhərinə gedir, qapını döyür, lakin ona nə qapı açırlar, nə də övladı ilə görüşdürürlər. Borclu Zərərçəkmiş şəxs tələbkara hara istəyirsən, get şikayət et deməklə, qəsdən icradan yayındığını təsdiq edir. Tələbkarın əlində bu barədə kifayət qədər sübut var ki, borclu qəsdən uşaqlan gizlədir, tələbkarın hüquqlarına müdaxilə edir və məhkəmənin qərarını qəsdən icra etmir. İş materiallarına borclu və tələbkar tərəf videogörüntülər məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli 3- 16(060)-417/2025 nömrəli icra vərəqəsi üzrə Zərərçəkmiş şəxs borclu, Şəxs isə tələbkar kimi tanınmışdır. İcra məmuru protokol tərtib edərkən Şəxs borclu qismində tanımış, hətta Zərərçəkmiş şəxs ünvanladığı bildirişlə xəbərdar etmişdir. Məhkəmə iclasında Şəxs borclu olmasını, onun uşaqla ünsiyyət hüququnu həyata keçirdikdən sonra uşağı atasına təhvil verməməsi ilə əsaslandırmışdır. Lakin İXM-n 528.1-ci maddəsinin dispozisiyasında icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə nəticəyə gələrkən yalnız İcra haqqında Qanunun və İXM-in tələblərini deyil, həmçinin uşaq mənafelərinin üstünlüyünü nəzərə almışdır. Belə ki, dərhal baxılması nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat çərçivəsində uşaqla ünsiyyət hüququndan istifadə edildikdən sonra uşağı geri qaytarmamasında tələbkarın təqsirli olub-olmaması müəyyən edilə bilməz. Məhkəmə iclasında hər iki tərəf öz mənafelərinə uyğun izahatlar vermiş və videogörüntülər təqdim etmişdir. Bununla da, uşağın atalarının yanında qalması barədə hər hansı məhkəmə aktı olmadığı müddətdə uşağın ataya qaytarılması üçün anaya hər hansı məsuliyyət tədbiri tədbiq edilə bilməz. Həmçinin, İcra məmurları haqqında Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində icra məmurlarına bir sıra hüquqlar verilmişdir. İcra məmuru “idarələrə konkret tapşırıqlar vermək”, “icra hərəkətləri ilə əlaqədar vəzifəli şəxsləri çağırmaq” kimi hüquqlarından istifadə etməklə psixoloq və ya pedoqoqun iştirakı ilə uşağın olduğu ünvanda söhbətlər apara, uşağın mövqeyini öyrənə, buna uyğun icra hərəkətlərinə həyata keçirə bilər. Bu hərəkətləri həyata keçirmədən hazırkı faktla bağlı inzibati xəta haqqında protokolun tərtib edilməsi məqsədə müvafiq deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında protokol üzrə inzibati xəta tərkibi mövcud deyil. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-447/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-447/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver