Məhkəmə qərarları › İş №3(5-155)-464/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-464/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-464/2026 19.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, Rüstəm Zahidovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1994-cü ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs barəsində olan Narkoloji Mərkəzin 1385 nömrəli xx.xx.2026-cı il tarixli rəyi ilə onun narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PB-nin polis sahə rəisi Rüstəm Zahidov izahatında göstərmişdir ki, ailə münaqişəsi səbəbindən Şəxs Polis Bölməsinə gətirilmişdir. Polis Bölməsində olarkən onun narkotik vasitə istifadə etməsinə dair şübhələr yarandığı üçün Narkoloji Dispanserdə müayinədən keçirilmiş və onun narkotik vasitə olan marixuana istifadə etməsi müəyyən olunmuşdur. Buna görə də barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, iş üzrə özünü təqsirli bilir. Narkotik vasitədən mütəmadi olaraq yox, ara-sıra toyda və ya hər hansı məclisdə olanda istifadə edir. Sonuncu dəfə 1 həftə əvvəl istifadə edib. Narkotik vasitələrin satışı ilə məşğul deyil. Əməlindən peşmandır. İndiyə qədər narkotik vasitədən heç 10-15 dəfə istifadə etməyib. Psixoloji gərginlikləri olduğu üçün arada narkotik vasitədən istifadə etmə halları olub. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əməlindən səmimi peşmandır, həmçinin himayəsində azyaşlı övladı var. Qeyd olunanları nəzərə alaraq barəsində həbslə bağlı olmayan inzibati tənbh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz etirafı və işdə olan sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində olan Narkoloji Mərkəzin 1385 nömrəli xx.xx.2026-cı il tarixli rəyi ilə onun narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilmişdir.Onun əməlində İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğu üçün aidiyyəti xidmət sahəsinə həvalə edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2026-cı il tarixli, 1385 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabioidləri istifadə etmə halları olub. Müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2026-cı il tarixli A/535 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin protokolundan görünür ki, Şəxs narkotik vasitə (THC +) qəbul faktı aşkarlandı. İş materiallarında olan Şəxs izahatından görünür ki, Polis Bölməsində olan zaman polis əməkdaşlarına ara-sıra narkotik vasitə olan marixuana istifadə etməsini bildirmişdir. Bu səbəbdən polis əməkdaşları onu Narkoloji Dispanserdə analiz verməyə apardıqda orada onun narkotik vasitə olan marixuana istifadə etməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş EMİS çıxarışından görünür ki, 2013-cü il təvəllüdlü X1 Kərimovun uşağıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, məhkəmə-narkoloji ekspertizasının rəyi və digər iş materialları ilə də tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, X2 məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərdən əlavə məhkəmə hesab edir ki, vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar