Məhkəmə qərarları › İş №3(5-155)-472/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-472/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-472/2026 20.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Laçın rayonu, Malxələf kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2026-cı il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1409/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqi üzrə üzrlü səbəb olmadan icra məmurunun qanuni çağırışlardan yayınmış və qanuni tələbləri yerinə yetirməmişdir. Nəticədə 6718 manat borc yaranmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin X3 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1409/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 6718 manat tutulub tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri üzr İcra İdarəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və bildiriş X2 vasitəsi ilə sms şəklində tələbkar və borcluya məxsus olan mobil nömrələrə göndərilmişdir. Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gəlməmiş, çağırışlardan yayındığına görə barəsində axtarış elan olunmuş və bu gün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə Sumqayıt şəhər Polis İdarəsi tərəfindən təhvil verilmiş, 6718 manat borcu ödəmədiyi üçün barəsində protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış, tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar olunmamışdır. Bundan əlavə borclunun dörd icra vərəqəsi üzrə bütün icra tədbirləri həyata keçirilir və hal-hazırda cinayət işi başlanılması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin icraatındadır. Borclu digər icra vərəqələri üzrə dəfələrlə inzibati cərimə olunmuş və heç bir nəticəsi olmamışdır. Göstərilən halları nəzərə alaraq, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı şəhərində Moskva univermağında qızıl alveri ilə məşğuldur. Şəxs ilə bir neçə dəfə alış-verişləri olmuşdur. Sonuncu dəfə 8000 manat həcmində ödənişi gecikdirməyə başlamış, bir müddət 200,300,400 manat kartına göndərmiş, daha sonra heç bir ödəniş etməmişdir. Alış-veriş təxminən iki il bundan əvvəl olmuş, ödəyəcəyini bildirsə də ödənişi etmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Sonuncu dəfə ona 200 manat ödəniş olunmuşdur. Məhkəmədən qanunauyğun tədbir görülməsini, borclu şəxsin həbs edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, borcu çoxdur. Hər gün ayrı-ayrı idarələrdə olur. Sumqayıt Ağır Cinayətlərdə olan iş üzrə zərərçəkmiş şəxsdir və ona iyirmi min dollar ödənilməlidir, həmin məbləğ ona ödənilərsə o da borclarını ödəyəcəkdir. O məbləğ ona ödənilənədək hər ay Zərərçəkmiş şəxs 300 manat ödəyə bilər, hazırda 100 manat ödəniş edə bilər. Bu məsələrlə bağlı cinayət işi açılmışdır və ona ödənilməli olan pul vardır. Həmin pul ödənildikdən sonra həmin şəxslərin pullarını ödəyəcəkdir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1409/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 6718 manat tutulub tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlamaq barədə qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1409/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və rəsmi olaraq borcluya təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı övladları vardır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1409/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Zərərçəkmiş şəxs xeyrinə cəmi 6718 manat tutulmalıdır. İş üzrə xx.xx.2025-ci ildə icraata başlamaq barədə qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası barədə bildiriş rəsmi təqdim edilmiş, borclu həm 10 günlük könüllü icra müddətində tələbi icra etməmiş, həmçinin ondan sonra da bu günə kimi ödəniş etməmişdir. Hazırda isə borclu ödəniş etmək üçün ona vaxt verilməsini bildirmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni maddi vəziyyətinin yaxşı olmaması və borcun ödənilməsindən boyun qaçırmamasını icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar