Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-473/2026 20.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Qubadlı rayonu, Padar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Padar kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 14-cü məhəllə, 2-ci döngə yerləşən ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tətib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2326629 nömrəli protokola əsasən borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-4467/2025 nömrəli icra vərəqəsi üzrə üzrlü səbəb olmadan icra məmurunun qanuni çağırışlarından yayınmış və qanuni tələblərini yerinə yetirməmiş və nəticədə 3492 manat ödənilməmiş aliment borcu yaranmışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokola uyğun olaraq izahat verib bildirmişdir ki, icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin qərar və bildiriş elektron sistem vasitəsi ilə borcluya göndərilmiş, borclu icra idarəsinə dəvət olunmuş və bu barədə sms-bildiriş göndərilmiş, lakin borclu icra idarəsinə gəlməmişdir. Bu səbəbdən də borclu barəsində axtarış qərarı qəbul edilmişdir. xx.xx.2026-cı il tarixdə tələbkar ərizə ilə borclunun 3000 manat aliment borcunun olması ilə bağlı icra idarəsinə müraciət etmişdir. Borclu axtarış qərarı əsasında icra idarəsinə gətirilmiş və təqdim etdiyi ödəniş qəbzlərindən az miqdarda, yəni 10, 20, 164, 150 manat olmaqla ödənişlər etdiyi müəyyən olunmuşdur. Həmin məbləğlər və tələbkarın qeyd etdiyi çörək pulu kartına atılan məbləğlər hesablanmış və bu aya olan ödənilməmiş aliment məbləği ilə birlikdə 3492 manat ödənilməmiş aliment borcunun qaldığı müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, aliment kartını yanvar ayında almış və aldıqdan sonra borclu Şəxs təqdim etmişdir. Borclu karta 150, 10, 10, 10 manat olmaqla pul göndərmişdir. Bundan əvvəl isə məcburi köçkün olduğu üçün borcluya məxsus olan çörək pulu kartına az miqdarda ödənişlər etmişdir. İcra idarəsində ona ödənilmiş pul məbləği hesablanaraq 3492 manat qalıq borcun olduğu müəyyən edilmişdir. Hazırda borclu ona 500 manat ödəmişdir və qalan məbləğin də hissəhissə ödənilməsi şərti ilə razılığa gəlmişlər. Bu səbəbdən də aliment borcu ilə bağlı şikayətinin olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs evdən getdikdən sonra ona məxsus çörək pulu akrtına ayda ardıcıl olaraq 300-400 manat olmaqla ödənişlər etmişdir. Aliment kartı isə ona 10-15 gün əvvəl təqdim edilmişdir. Həmin karta da müəyyən ödənişlər etmişdir və yenidən ödəniş edəcəkdir. O, hazırda tələbkara 500 manat ödəniş etmiş və qalan məbləğin isə hissə-hissə ödənilməsi ilə bağlı tələbkarla razılığa gəlmişdir. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 izahatında tərəflərin borcun ödənilməsi ilə bağlı razılığa gəldiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2(060)-4467/2025 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü Abbasov Əmir Şahin oğlu və xx.xx.2010-cu il təvəllüdlü X7 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən olunmuşdur. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2(060)-4467/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icra edilməsi barədə xx.xx.2025-ci il tarixdə bildiriş tərtib edilərək Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. “Elektron icra” İnformasiya sistemi vasitəsilə göndərilmiş sms-bildirişlərdən görünür ki, borclu Şəxs xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə E289188/2025-47-46 saylı icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilməsi və 0 gün ərzində tələbin könüllü icra edilməsi barədə məlumat göndərilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Protokola əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına ümumilikdə 394 manat ödəniş edilmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, onun tələbkara 3492 manat borcu vardır və tələbkarla razılaşdığına görə 500 manat ödəniş etmiş və qalan məbləği də hissə-hissə ödəyəcəkdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, Şəxs ilə aliment ödənişi ilə bağlı razılığa gəldiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (icra işi üzrə borclu) Şəxs 3492 manat aliment borcu yığılmışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, qalıq borcla bağlı zərər çəkmiş şəxslə (icra işi üzrə tələbkar) aralarında razılıq əldə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (icra işi üzrə borclu) Şəxs 500 manat ödəniş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs şikayətçi olmadığını bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, qalan borcun ödənilməsi ilə bağlı isə tərəflər arasında razılıq əldə edilməsi ona dəlalət edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (icra işi üzrə borclu) aliment borcunun ödənilməsindən qərəzli olaraq yayınmamışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs münasibəti qərəzli olamamış, subyektiv mülahizələrə əsasən onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 03 (üç) saat vaxta görə müvafiq məbləğ hesablanaraq dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(5-155)-473/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-473/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver