Məhkəmə qərarları › İş №3(5-155)-478/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-478/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-478/2026 20.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə, Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, şəxsi bizneslə məşğul olan, ünvan 1 ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən borclu Şəxs Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin 8i-11437 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokola uyğun olaraq izahat vermiş və bildirmişdir ki, Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin 8i-11437 nömrəli xx.xx.2025-ci il tarixli icra qeydi üzrə borclu Şəxs icra idarəsinə dəvət olunmuş və ona məsuliyyəti, icra qeydinin icrasının məcburiliyi izah edilmişdir. Bundan sonra borclu çağırışlara gəlmədiyi üçün ona xəbərdarlıq edilmiş, yenidən iltizam üzrə çağırışlara gəlmədiyi üçün barəsində axtarış qərarı qəbul edilmişdir. Sumqayıt Şəhər Polis İdarəsində barəsində axtarış işi açıldıqdan sonra borclu xx.xx.2026-cı il tarixdə icra idarəsinə gəlmiş və zərər çəkmiş şəxslə aralarında razılığa gəlmişlər. Belə ki, həmin razılığa əsasən, borclu tərəfindən xx.xx.2026-cı il tarixdə ödəniş ediləcəkdi. Lakin, borclu həmin tarixdə ödəniş etməmiş və yenidən çağırışlara gəlməmişdir. Borclu barəsində xx.xx.2026-cı ildə axtarış qərarı qəbul edilmiş və Sumqayıt Şəhər Polis İdarəsində axtarış işi açılmışdır. Bundan sonra borclu Şəxs icra idarəsinə gəlmiş və tələbkara xx.xx.2026-cı il tarixində ödəniş edəcəyini bildirmişdir. Lakin, tələbkar razılaşmamış və borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Borclu tərəfindən bu gün, yəni xx.xx.2026-cı il tarixdə 250 manat və 1500 manat olmaqla ödənişlər edilmişdir. Hazırda borclunun 9150 manat borcu vardır, tələbkar isə borcun ödənilməsini tələb edir. Göstərilənlərə əsasən məhkəmədən protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər şəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə ev tikilməsi üçün Şəxs ödəniş etmişdir. Lakin, o, evi tikib təhvil verməmişdir. xx.xx.2025-ci il tarixdə notarius icra qeydi vermişdir. Borclu Şəxs isə ona borcunu ödəyəcəyini söyləsə də, ödəməmişdir. O, borc müqaviləsi bağlanan vaxtdan artıq bir ildən çoxdur ki, xəstə uşağı ilə birlikdə kirayədə yaşayır. Kirayə ödənişinə ayda 200 manat pul ödəyir. Borclu tərəfindən xx.xx.2026-cı il tarixdə icra idarəsində xx.xx.2026-cı il tarixdə ödəniş ediləcəyi barədə razılığa gəlsələr də, borclu yenidən ona ödəniş etməmişdir. O, borcun hissə-hissə ödənilməsi ilə razı olmadığını, borclunun hər dəfə ona pulu ödəyəcəyini söyləsə də ödəmədiyini, artıq ona inanmadığını, borcluya görə uzun müddətdir ki, kirayədə yaşadığını və borcun tam ödənilməsini tələb etdiyini bildirmiş, məhkəmədən qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində tikinti işləri aparmış, lakin, tikilmiş evlər dövlət tərəfindən söküldüyü üçün, o, həmin vətəndaşların ödədiyi pul məbləğini geri qaytarmalı olmuşdur. Bu səbəbdən də həmin problemi həll etdiyi üçün icra icdarəsinə gələ bilməmişdir. O, icra məmuru Ramil Babayevə göstərilən səbəbdən idarəyə gələ bilməyəcəyini, 3000-4000 manat məbləğində pul düzəltdikdən sonra gələcəyini söyləmişdir. Daha sonra isə xx.xx.2026-cı il tarixdə zərər çəkmiş şəxsə idarədə 1000 manat ödəniş etmiş, həmçinin xx.xx.2026-cı il tarixdə də 1000 manat ödəniş edəcəyi ilə bağlı razılığa gəlmişlər. Bundan sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ondan şikayət etdiyi üçün Sumqayıt Şəhər Polis İdarəsində problemlər yaşamış və başı qarışdığı üçün yenidən icra idarəsinin çağırışlarına gedə bilməmişdir. O, makler işlədiyini və ən yaxşı satışların mart-aprel aylarında olduğunu bildirmiş, məhkəmədən ona aprelin 25-dək vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 müdafiə etdiyi Şəxs icra sənədini icra etməməsinin qərəzli olmadığını bildirmiş və 1750 manat ödəniş etməsi nəzərə alınaraq, məhkəmədən həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt şəhər 4 saylı notariat ofisinin 8i-11437 nömrəli xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən, Şəxs Zərərçəkmiş şəxs xeyrinə vaxtında ödənilməmiş 12000 manat tutulması müəyyən edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Sumqayıt şəhər 4 saylı notariat ofisinin 8i-11437 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icra edilməsi barədə xx.xx.2025-ci il tarixdə bildiriş tərtib edilərək Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. “Elektron icra” İnformasiya sistemi vasitəsilə göndərilmiş sms-bildirişdən görünür ki, borclu Şəxs xx.xx.2025-ci il tarixdə E110106/2025-47-31 saylı icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilməsi və 10 gün ərzində tələbin könüllü icra edilməsi barədə məlumat göndərilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(060)-1053/2025 nömrəli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə yazılmış iltizamdan görünür ki, o, xx.xx.2025ci il tarixdə saat 11:00-da icra idarəsinə gələcəyi və gəlmədiyi halda məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilməsi ilə bağlı iltizam təqdim etmişdir. “Elektron icra” İnformasiya sistemi vasitəsilə göndərilmiş sms-bildirişdən görünür ki, borclu Şəxs xx.xx.2025-ci il tarixdə E110106/2025-47-31 saylı icra işi üzrə icra idarəsinə çağırılması barədə məlumat göndərilmişdir. Kapital Bank ASC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şəxs bank hesablarına müəyyən edilmiş sərəncamların iki ay icra müddəti bitdiyi üçün qüvvədən düşürlər. Əlavə olaraq eyni iş üzrə həbsin qüvvədə olması göstərilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2026-cı il tarixli ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat ödəniş edilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2026-cı il tarixli məktubunda Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixdən ********* nömrəli cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində axtarışda olması qeyd edilmişdir. xx.xx.2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs 1500 manat ödəniş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikasının 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin 8i-11437 nömrəli xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən Zərərçəkmiş şəxs xeyrinə Şəxs vaxtında ödənilməmiş 12000 manat məbləğin tutulması müəyyən edilmiş, iş üzrə xx.xx.2025-ci il tarixdə icraata başlamaq barədə qərar qəbul edilmiş, borclu barəsində dəfələrlə axtarış elan edilmiş, onun tərəfindən çağırışlara gəlməyəcəyi halda məsuliyyətlə bağlı iltizam təqdim edilmiş, lakin yenidən çağırışlardan yayındığı üçün barəsində axtarış qərarı qəbul edilmişdir. Məhkəmə iclasında borclu işi ilə əlaqədar problemləri olduğunu bildirib, ödənişin ödənilməsi üçün ona aprelin 25-dək vaxt verilməsini xahiş etmişdir. İşin təsviri hissəsində göstərilən hallardan görünür ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs barəsində olan icra sənədini qanunla müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu barəsində təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Məhkəmə hesab edir ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktı üzrə borcunu ödəməməsi, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, borclu Şəxs işlərində yaranmış problemlərlə bağlı borcunu ödəyə bilmədiyini söyləsə də, qeyd edilən hal onun qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə icra məmurunun tələblərini yerinə yetirmək öhdəliyinin icra edilməsindən azad etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Məhkəmə iclasında İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, icra sənədi üzrə tələbin pul məbləği ilə bağlı olduğunu, icra sənədi üzrə borc məbləğinin həcmini nəzərə alır və belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 17:10-dan hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 17:10-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar