Məhkəmə qərarları › İş №3(5-155)-479/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-479/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-479/2026 20.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru – X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1940-cı ildə Marneuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən 20 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1712/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Sumqayıt-Tikinti Quraşdırma Tresti-1 MMC-nin direktoru Şəxs yaranmış 19989 manat pulu üzrsüz səbəbdən ödəmir. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2026-cı ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1712/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Sumqayıt-Tikinti Quraşdırma Tresti-1 MMC-dən cəmi 19989 manat pul tutulub X1, Zərərçəkmiş şəxs və X2 ödənilməlidir. Bu günə qədər MMCnin əmlak vəziyyəti ilə bağlı sorğular verilmiş, bank hesablarına həbs qoyulmuş, halhazırda bank hesabları və heç bir əmlakı olmadığı müəyyən olunmuşdur. Bununla bağlı MMC-nin ünvanına gedilmiş və ümumiyyətlə inzibati binanın olmadığı müəyyən olunmuşdur. Bunu MMC-nin direktoru olmuş Şəxs da təsdiq edir. MMC-nin heç bir gəliri və əmlakı olmadığına görə direktoru Şəxs dəfələrlə icra idarəsinə dəvət etmişlər, izahatını almışlar. Lakin o, borcu ödəyə bilmədiyini qeyd etmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, Sumqayıt Tikinti-Quraşdırma Tresti-1 MMC-də 2002-ci ildən 2017-ci ilədək direktor olmuşdur. Daha sonra MMC iş olmadığına görə fəaliyyətini dayandırmışdır. 2028-ci ilə qədər vaxtı vardır, MMC yenidən fəaliyyətini bərpa etməlidir. Hazırda o borcu ödəməyə imkanı yoxdur. MMC yenidən fəaliyyətə başladıqda həmin pulu ödəyə bilər. Qeyd olunanları məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1712/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Sumqayıt Tikinti-Quraşdırma Tresti-1 MMC-dən 3070 manat ödənilməmiş əmək haqqı və 7693 manat istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyası alınaraq X1, 1145 manat ödənilməmiş əmək haqqı və 6000 manat istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyası alınaraq Zərərçəkmiş şəxs, 1681 manat ödənilməmiş əmək haqqı alınaraq X2 ödənilməlidir. İş materiallarından görünür ki, icraata başlamaq haqqında qərar rəsmi qaydada xx.xx.2023-cü il tarixdə Şəxs təqdim edilmişdir. Məhkəmə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi icra sənədi Sumqayıt Tikinti-Quraşdırma Tresti-1 MMC barəsindədir. Hazırki inzibati xəta haqqında protokol isə Şəxs barəsində tərtib edilmişdir. Şəxs 2017-ci il tarixədək həmin MMC-nin direktoru olmuş, icra sənədi 2020-ci il tarixə verilmişdir. Eyni zamanda MMC hazırda fəaliyyətini dayandırmış, heç bir gəlir və əmlakı aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. -8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. - 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. -528.1-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. - 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar