Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-483/2026 26.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin YPX inspektoru X4 iştirakı ilə, Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin YPX inspektoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin YPX inspektoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin İXP7840916 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-in 342.2.3cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə olunmuşdur. O, xx.xx.2026cı il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində idarə etdiyi avtomobillə dönmə əməliyyatını edən zaman yol polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Saxlanılan zaman ona avtomobilə konstruksiya dəyişikliyi olunduğu bildirilmiş, o da buna etiraz etmiş və polis əməkdaşları tərəfindən avtomobili duracağa aparılmışdır. Hadisə baş verən zaman kamera görüntüləri də var. O, qayda pozuntusuna yol verməmiş və buna görə də tətbiq olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayətini müdafiə edərək eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “Chevrolet Cruze” minik markalı, 50EB044 dövlət qeydiyyat nişanlı avtomobilə konstruksiya dəyişikliyi edilməsinə icazə verilmiş, məhz bu səbəbdən də avtomobilin qeydiyyat şəhadətnaməsində “tuning” yığılması qeyd edilmişdir. Həmin avtomobili 5 ildir ki, bu vəziyyətdə idarə edir, bu vəziyyətdə texniki baxışdan keçmiş və dəfələrlə YPX əməkdaşıları tərəfindən saxlanılsa da qeydiyyat şəhadətnaməsində avtomobilin “tuning” yığılmasına icazəni gördükdə barəsində heç bir tənbeh tətbiq edilməmişdir. Göstərilən halları nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin YPX inspektoru X6 bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə ünvan 1 ünvanında “Chevrolet Cruze” minik markalı, 50EB044 dövlət qeydiyyat nişanlı avtomobil konstruksiya dəyişikliyi ilə bağlı saxlanılmışdır. X2 avtomobilinin “tuninq” yığılmasını qeyd edərək buna icazəsinin olmasını bildirmişdir. Lakin, “tuninq” yığılma avtomobilin vizaul olaraq görünüşünün sport qaydada dəyşdirilməsi, ön və arxa bamperlərinə spollerin quraşdırılmasını əhatə edir. Lakin, indiki halda avtomobilin zavod konstuksiyasına dəyişiklik edilərək zavod yayları çıxarılaraq pnevmatik sistemlə əvəz edilmişdir. Bu hal isə hər bi halda qanun pozuntusudur və “tuninq” yığılma qeydi bunu əhatə etmir. Ona görə də Əmrah Səlimov barəsində Azərbaycan Respublikası İXM-in 342.2.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin YPX inspektoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X13 Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin YPX inspektoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Chevrolet Cruze” minik markalı, 50EB044 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə X2 Azərbaycan Respublikası İXM-in 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Cruze” minik markalı, 50EB044 dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnməsində “A/M tuning yığılma” qeyd olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Chevrolet Cruze” minik markalı, 50EB044 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində “tuninq yığılma” qeydi mövcuddur. YPX inspektoru tərəfindən qəbul edilmiş qərarla X7 Azərbaycan Respublikası İXM-in 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, əsas kimi nəqliyyat vasitəsinin konstruksiyasında icazəsiz dəyişiklik olması, yəni zavod istehsalı olan asqı yaylarının çıxarılaraq yerinə pnevmatik, düymə ilə idarə olunan qalxıb-enən sistemin quraşdırılması göstərilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən inzibati xəta haqqında işə baxılarkən iş üzrə bütün hallar tam, hərtərəfli və obyektiv araşdırılmalı, şəxsin təqsirliliyi sübutlarla təsdiq edilməli, aradan qaldırılmamış şübhələr şəxsin xeyrinə qiymətləndirilməlidir. İnzibati tənbeh yalnız o halda tətbiq edilə bilər ki, şəxsin əməlində inzibati xəta tərkibinin bütün elementləri – obyekt, obyektiv tərəf, subyekt və subyektiv tərəf sübuta yetirilmiş olsun. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən nəqliyyat vasitəsinin texniki vəziyyəti və konstruksiyası müəyyən edilmiş normativ tələblərə uyğun olmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və konstruksiyasında edilmiş dəyişikliklərin rəsmiləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanlarının normativ aktları ilə tənzimlənir və konstruktiv dəyişikliklər dövlət qeydiyyatında əks etdirilməlidir. Konstruktiv dəyişiklik dedikdə, nəqliyyat vasitəsinin zavod tərəfindən müəyyən edilmiş texniki quruluşuna, təhlükəsizlik elementlərinə və istismar xüsusiyyətlərinə təsir göstərən müdaxilələr başa düşülür. Asqı sistemi nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi ilə bilavasitə bağlı olan əsas konstruktiv elementlərdən biridir. İndiki halda nəqliyyat vasitəsinin qeydiyyat sənədində “tuninq yığılma” qeydi aparılsa da, Sumqayıt ŞPİ-nin X13 Şöbəsində inzibati xəta haqqında iş üzrə icraat zamanı həmin qeydin məzmununun konkret olaraq hansı dəyişiklikləri əhatə etdiyi müəyyən edilməmiş, zavod asqı yaylarının çıxarılaraq pnevmatik sistemlə əvəz edilməsinin dövlət qeydiyyatında rəsmiləşdirilib-rəsmiləşdirilməməsi araşdırılmamış, müvafiq icazə sənədlərinin, uyğunluq sertifikatlarının və ya texniki ekspertiza rəyinin mövcudluğu yoxlanılmamışdır. Dəyişikliklərin nəqliyyat vasitəsinin təhlükəsiz istismarına təsiri barədə sübut təqdim edilməmişdir. YPX inspektoru tərəfindən yalnız faktiki dəyişikliyin mövcudluğuna istinad edilməklə nəticəyə gəlinmiş, lakin həmin dəyişikliklərin icazəsiz olub-olmaması, dövlət qeydiyyatında əks olunub-olunmaması və normativ tələblərə zidd olub-olmaması ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsinin qeydiyyat sənədində “tuninq yığılma” qeydi olduğu halda, həmin qeydin konstruktiv dəyişiklikləri, o cümlədən asqı sisteminin dəyişdirilməsini əhatə edib-etmədiyi mütləq qaydada araşdırılmalı idi. Əgər belə dəyişikliklər dövlət qeydiyyatında rəsmiləşdirilmişdirsə, bu halda “icazəsiz konstruktiv dəyişiklik” əsas gətirilməklə izibati tənbeh tətbiq edilə bilməzdi. Əksinə, əgər dəyişikliklər müvafiq qaydada qeydiyyata alınmamış və ya icazə alınmamışdırsa bu hal müvafiq sübutlarla öz təsdiqini tapmalı idi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə zəruri olan hüquqi əhəmiyyətli hallar tam araşdırılmadan və sübut edilmədən yekun nəticəyə gəlinmişdir ki, bu da inzibati xəta haqqında iş üzrə icraatın icraatın qanunçuluq, obyektivlik və sübutların kifayətliliyi prinsiplərinə uyğun deyil. Bundan əlavə məhkəmə araşdırması müəyyən edilmişdir ki, sürücü X5 istinad edilən inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmasa da, YPX inspektoru tərəfindən Azərbaycan Respublikası İXM-in 124.3 və 124.4-cü maddələrinin tələbləri gözlənilmədən sürücü barəsində özü inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sürücü inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığı üçün onun barəsində YPX inspektoru tərəfindən Azərbaycan Respublikası İXM-in 124.3-cü maddəsinin tələblərinə əsasən yalnız inzibati xəta haqqında protokol tərtib edilə bilərdi və həmin protokol İXM-in 124.4-cü maddəsinin tələblərinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməli idi. Göründüyü kimi Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin YPX inspektoru X6 tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-in 124.3 və 124.4-cü maddələrinin tələbləri də gözlənilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zavod asqı sisteminin pnevmatik sistemlə əvəz edilməsinin dövlət qeydiyyatında əks etdirilib-etdirilməməsi və bunun müvafiq normativ tələblərə uyğunluğunun araşdırılmaması səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi, sürücü inzibati xəta hadisəsi ilə razılaşmadığı halda YPX inspektorunun bilavasitə özü tərəfindən qərar qəbul edilməsi isə Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməli, bu səbəbdən Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin YPX inspektoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X13 Şöbəsinə göndərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 30-cu maddəsinin 5-ci bəndinə əsasən istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin olunsun. Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin YPX inspektoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ-nin X13 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(5-155)-483/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-483/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver