Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-5/2026 15.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi (direktoru) Nümayəndə iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 493-cü maddəsi ilə 26 dekabr 2025-ci il tarixli, 00100-03996/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi (direktoru) Nümayəndə bildirmişdir ki, həqiqətən də gömrük rəsmiləşdirməsində gecikməyə yol verilmişdir. Qeyd edilən halın ilk dəfə baş verməsini nəzərə alaraq aşağı həddə tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 26 dekabr 2025-ci il tarixli, 00100-03996/25 nömrəli inzibati xəta haqqında protokoldan və digər sənədlərdən görünür ki, "xxxx" MMC-nin ünvanına gələn yük xx.xx.2025-ci il tarixində təqdim edilmiş **********0650 saylı gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı sözügedən yüklərin ölkə ərazisinə daxil olduğu tarixdən 15 gün gec bəyan edildiyi müəyyən edilmişdir. İdxal olunan yüklərə dair gömrük bəyannaməsi Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən 15 (on beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməli olduğu halda, qeyd olunan yükə aid gömrük bəyannaməsi 15 (on beş) gün ərzində təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdən saat 23:36 radələrində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən sözügedən mallara dair **********0650 saylı gömrük bəyannaməsi Bakı Bas Gömrük İdarəsinə xx.xx.2025-ci ildə saat 19:03 dəqiqədə təqdim edilmişdir. Beləliklə də, "xxxx" MMC tərəfindən idxal edilmiş mallara dair gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına verilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutların məcmusu ilə inzibati xəta haqqında protokol, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin raportu, Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan çıxarış və digər sənədlərlə Şəxs MMC-nin ünvanına göndərilmiş və xx.xx.2025-ci il tarixli **********0650 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan etmiş yüklərə dair gömrük bəyannaməsinin qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməklə verilməsi tam sübuta yetirilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə icraata xitam verilməsi və MMC-nin məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası İXM-in 114.1.1-ci maddəsinə müvafiq olaraq iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası İXM-in 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi xarakretizə edən halları nəzərə alaraq edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493cü maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(5-155)-5/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-5/2026
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver