Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-503/2026 23.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiallara işin baxılmağa hazırlanması mərhələsində baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2026-cı il tarixdə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır və tərtib edilmiş protokol məhkəməyə inzibati xətalar qanunvericiliyinə uyğun olaraq təqdim edilməmişdir. Ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etmişdir ki, Azərbaycan Respublikasının 30 dekabr 2025-ci il tarixli 334-VİİQD nömrəli Qanunu ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin mətni 510.1-ci maddə hesab edilmiş və həmin maddənin dispozisiyasına “pozan,” sözündən sonra “cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,” sözləri əlavə edilmişdir. Eyni zamanda, həmin Qanun ilə yeni məzmunda 510.2-ci, 510.3-cü maddələr və “Qeyd” hissəsi əlavə edilmişdir. Lakin, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş materiallarda Şəxs Azərbaycan Respublikasının 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətməsi qeyd edilmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 100.5.5-ci maddəsində inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Məcəllənin müvafiq maddəsinin qeyd edilməsi göstərilmişdir. Həmçinin, iş materiallarına disk əlavə edilsə də, həmin diskdə heç bir video və ya foto görüntü aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamamdır, işə baxılarkən tamamlamaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı mddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və inzibati xəta haqqında protokol məhkəməyə qanunvericiliyin tələblərinə riayət edilmədən təqdim edildiyindən protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər həmin səlahiyyətli orqana geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(5-155)-503/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-503/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver