Məhkəmə qərarları › İş №3(5-155)-513/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-513/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-513/2026 24.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2326635 nömrəli protokola əsasən borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-4443/2025 nömrəli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokola uyğun olaraq izahat vermiş və bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-4443/2025 nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı elektron sms-bildiriş “Elektron İcra İnformasiya Sistemi” vasitəsi ilə göndərilmiş və borclu icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış qərarı qəbul edilmişdir. Həmin qərar əsasında Sumqayıt Şəhər Polis İdarəsində axtarış işi açılmış və xx.xx.2025-ci il tarixdə icra idarəsinə gətirilmişdir. İzahatında borcunu tam şəkildə ödəyə bilmədiyini və 200 manat ödəyəcəyini bildirmişdir. Borcluya tələbin könüllü icrası üçün yenidən 5 gün vaxt verilmiş, lakin o, icra idarəsinə gəlməmişdir. Telefon vasitəsi ilə əlaqə saxlayaraq xx.xx.2026-cı il tarixdə icra idarəsinə yaxınlaşacağını bildirsə də, gəlməmiş və bu səbəbdən də barəsində yenidən axtarış qərarı qəbul edilmişdir. Hazırda məhkəmə iclasında da tələbkar Zərərçəkmiş şəxs ilə telefon vasitəsilə əlaqə saxladığını, o, borclunun borcu aylıq 1000 manat olmaqla ödəyəcəyi halda razılığın mümkün olduğunu, əks halda isə pulunu tələb etdiyini bildirmişdir. Həmçinin, borclunun başqa icra sənədləri də vardır. Göstərilənlərə əsasən məhkəmədən protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, icra məmuru onun barəsində dəfələrlə axtarış qərarı qəbul etsə də, o, hər dəfə telefon vasitəsi ilə əlaqə saxlayaraq icra məmuruna idarəyə gələcəyi barədə məlumat vermişdir. Belə ki, o, xx.xx.2026-cı il tarixdə icra idarəsinə gedəcəkdi, lakin əməliyyat olunduğu üçün gedə bilməmiş və bu barədə icra məmuruna əməliyyatdan çıxdıqdan sonra gələcəyini söyləmişdir. Xəstəxanadan çıxdıqdan sonra isə anasını yol nəqliyyat hadisəsi nəticəsində avtomobil vurmuş və bu səbəbdən də başı qarışdığı üçün idarəyə gedə bilməmişdir. Hazırda 200 manat, gələn həftə isə 300 manat olmaqla, aylıq 500-700 manat ödəniş edə biləcəyini bildirmişdir. O, borc məbləğindən ayda 1000 manat ödənilməsinə imkanı olmadığını, həmin məbləği ödəməyə söz verə bilmədiyini söyləmişdir. Məhkəmədən üç uşağının olduğunu, borcu tam şəkildə ödəmək imkanının olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 müdafiə etdiyi Şəxs 3 uşağının olduğunu bildirmiş və məhkəmədən qərar qəbul edilərkən qeyd edilən halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-4443/2025 nömrəli icra sənədinə əsasən Şəxs 42500 (qırx iki min beş yüz) manat məbləğində pul, habelə 219 (iki yüz on doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-4443/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icra edilməsi barədə xx.xx.2025-ci il tarixdə bildiriş tərtib edilərək Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmiş və xx.xx.2025-ci il tarixdə Şəxs bildiriş və qərarla tanış olmuşdur. “Elektron icra” İnformasiya sistemi vasitəsilə göndərilmiş sms-bildirişdən görünür ki, borclu Şəxs xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə E225858/2025-47-31 saylı icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilməsi və 10 gün ərzində tələbin könüllü icra edilməsi barədə məlumat göndərilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-4443/2025 nömrəli icra sənədinə əsasən Şəxs 42500 (qırx iki min beş yüz) manat məbləğində pul, habelə 219 (iki yüz on doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmiş, iş üzrə xx.xx.2025-ci il tarixdə icraata başlamaq barədə qərar qəbul edilmiş, borclu barəsində axtarış elan edilmiş, lakin yenidən çağırışlardan yayındığı üçün barəsində axtarış qərarı qəbul edilmişdir. Məhkəmə iclasında borclu əməliyyat olunduğu və anasının qəza keçirdiyi üçün çağırışlara gəlmədiyini, hazırda 200 manat, gələn həftə 300 manat və digər aylarda isə 500-700 manat olmaqla hissə-hissə ödəyə biləcəyini, ayda 1000 manat ödənilməsinə maddi imkanı olmadığını və buna söz verə bilmədiyini bildirib, məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. İşin təsviri hissəsində göstərilən hallardan görünür ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs barəsində olan icra sənədini qanunla müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu barəsində təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Məhkəmə hesab edir ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktı üzrə borcunu ödəməməsi, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, borclu Şəxs yaranmış problemlərlə bağlı və maddi imkanı ilə əlaqədar borcunu ödəyə bilmədiyini söyləsə də, qeyd edilən hal onun qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə icra məmurunun tələblərini yerinə yetirmək öhdəliyinin icra edilməsindən azad etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Məhkəmə iclasında İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, icra sənədi üzrə tələbin pul məbləği ilə bağlı olduğunu, icra sənədi üzrə borc məbləğinin həcmini nəzərə alır və belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 17:45-dən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 17:45-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar