Məhkəmə qərarları › İş №3(5-155)-515/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-515/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-515/2026 24.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Protokolları tərtib etmiş şəxslər Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi polis sahə rəisi X1 və Sumqayıt şəhər DYPŞ-nin polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 426 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1, 511.3-ci və 334-1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510.1, 511.3 və 334-1.3-cü maddələri ilə xx.xx.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli və xx.xx.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Həmin protokollardan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixində Sülh küçəsində qəza törətdikdən sonra polis əməkdaşlarının yanında xırda xuliqanlıq əməllərinə yol verərək söyüş söydüyü üçün İXM-nin 510.1-ci maddəsinin tələblərini pozmuşdur. Həmçinin, Şəxs İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində X6 idarə etdiyi “Hyundai” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Bundan başqa, o, İXM-nin 511.3-cü maddəsində nəzərdə tutulmuş hərəkətləri yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi polis sahə rəisi X2 tərtib etdiyi protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs digər avtomobilə dəyərək qəza törətdikdən sonra polis əməkdaşları ona yaxınlaşmışdır. O, avtomobildən düşdükdən sonra özünü normal aparmayaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Həmçinin, ünvansız nalayiq ifadələr işlətmişdir. Buna görə də, polis əməkdaşları tərəfindən 1-ci PB-nə təmin olunmuş və müayinə üçün həkimə göndərilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və Sumqayıt şəhər DYPŞ-nin polis mayoru X7 tərtib etdiyi protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 16:45 radələrində etibarnaməsi olmadan Sumqayıt şəhərində hərəkətdə olarkən ypx əməkdaşlarının “saxla” əmrinə tabe olmamış və küçə və prospektlərdə bir çox inzibati xətaya yol verərək Lermontov küçəsinin kəsişməsində yolayrıcında dayanmış X6 idarə etdiyi “Hyundai” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, beləliklə, həmin avtomobilə ziyan vurmuşdur. Şəxsın idarə etdiyi avtomobil saxlanılmış və onun narkotik vasitə təsiri altında olduğuna şübhələr yarandığı üçün həkim müayinəsinə göndərilmiş və onun narkotik vasitə təsiri altında olduğu sübuta yetirilmişdir. Həmçinin, o, zərərçəkmiş şəxsin əmlakına zərər vurduğu üçün barəsində İXM-nin 334-1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, müəyyən olunmuşdur ki, Şəxs sürücülük hüququ yoxdur. Bundan başqa, Şəxs Sumqayıt şəhərinin küçə və prospektlərində ardıcıl olaraq inzibati xətalara yol verərək yolda müəyyən olunmuş sürət həddini 60 km/saat aşmışdır. Belə ki, o, nəqliyyat vasitələrinin əksi istiqamətinə hərəkət etmiş, işıqforun qadağanedici işığının tələblərini pozmuş, həmçinin kəskin manevrlər etmişdir. Həmin görüntülər TŞ kameralarına fiksasiya olmuşdur. Həmin görüntüləri özündə əks etdirən disk var. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, görüntülərdən sürücünün çox sürətlə hərəkət etdiyi, hətta 30-40 km/saat sürət həddi olan məhəllədaxili yollarda sürət həddini aşması görünür. Özü də izahatında deyir ki, sürət həddini 120-130 km/saata qaldırmışdır. Sürət həddini aşma ilə bağlı xüsusi texniki vasitənin göstəricisi iş materiallarına əlavə olunmamışdır. Sürücü İnşaatçılar küçəsindən başlayaraq Sülh küçəsinə, oradan Bakı küçəsinə doğru hərəkət edərkən ypx əməkdaşlarının “saxla” əmrinə tabe olmur və Lermontov küçəsi istiqamətində qarşısına maneə çıxdığı üçün məcburi dayanmalı olur və qəza edir. Həmin sürücü ondan şikayətçidir. Həmçinin, sürücünün etibarnaməsi olmadığı üçün avtomobili qaçırma ehtimalı da olmuşdur. Məhkəməyə göndərilən müşayiət məktubunda texniki səhv olaraq İXM-nin 511.1-ci maddəsi qeyd edilmişdir, sürücünün törətdiyi inzibati xəta isə İXM-nin 511.3-cü maddəsidir və protokolda qeyd olunub. Protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, sürücülük hüququ olmadan avtomobil idarə edib və arxasına 4 ypx avtomobili düşüb. Sürücülük hüququ olmadığına görə qorxduğu üçün avtomobili saxlamayıb. Lakin həmin vaxt yolda sürəti 120 km/saat olmayıb. O, “Göyərçin” abidəsinin yanından yola düşüb və avtomobili saxlamayıb. Bundan başqa, heç kəsi təhqir etməmişdir. Ypx əməkdaşları onu avtomobildən yerə yıxmış, onların əlindən xilas olmaq üçün özünə xəsarət yetirmişdir. Onun yolda hərəkət sürəti təxmini 60, 70, 80 km/saat olmuşdur. Çünki o, avtovağzal ərazisinə çatmamış boş yolda həmin sürətlə hərəkət etmiş, avtovağzalı keçdikdən sonra isə avtomobillər sıx olduğu üçün onun 80 km/saatdan artıq sürətlə hərəkət etməsi mümkün deyil. Avtomobilini satıb digər sürücünün avtomobilinə dəymiş ziyanı ödəyəcək. O, heç kəsi təhqir etməyib və səsküy olmayıb. Məhkəmədən himayəsində körpə uşağının olmasını və atasının görmə məhdudiyyətli olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 bildirmişdir ki, Şəxs əməllərində İXM-nin 510.1-ci maddəsinin tərkib əlamətləri yoxdur, çünki o, ictimai qaydaya yönəlik hər hansı hərəkət etməmişdir. O sadəcə ypx əməkdaşlarından qaçmışdır. Həmçinin, onun əməllərində İXM-nin 511.3-cü maddəsinin tərkib əlamətləri yoxdur, çünki onun yolda müəyyən olunmuş hərəkət sürəti 60 km/saat aşmasını təsdiq edən sübut iş materiallarına əlavə olunmamışdır. Bundan başqa, o yolda 120 km/saat sürətlə hərəkət etməli idi ki, həmin maddənin tərkib əlamətləri yaransın. Həmçinin, Şəxs özünü İXM-nin 334-1.3-cü maddəsi ilə qismən təqsirli bilir. Bununla bağlı sübutlar məhkəməyə təqdim olunmuşdur, videogörüntüdən də görünür ki, şəxsə təzyiq edildiyi hissədə videogörüntü dayandırılır. Məhkəmədən Şəxs barəsində aşağı həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, xx.xx.2026-cı il tarixdə Sülh küçəsində hərəkətdə olarkən YPX əməkdaşları onu saxlamaq üçün işarə verdilər, o saxlamadı,bir az irəlidə qəza etdikdən sonra saxlayıb maşından düşdü, polis əməkdaşları ona yaxınlaşdı. Qəzanın stressindən özündə olmamış, ünvansız ifadələr işlətmişdir. Bu səbəbdən ona ictimai qaydanı pozduğu bildirilərək 1-ci Polis Bölməsinə gətirdilər. xx.xx.2026-cı il tarixli A\565 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs metamfetamin və metadon qəbul faktı aşkarlanmışdır. xx.xx.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il saat 17:10-da inzibati qaydada tutulmuşdur. xx.xx.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Hyundai” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön və arxa hissəsinin fotoşəkilləri əlavə edilmişdir. “Volkswagen Passat” markalı **- OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan hissəsi zədələnmişdir. xx.xx.2026-cı il tarixli “yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, “Volkswagen Passat” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol tərəfi zədələnmişdir. “Hyundai” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfi zədələnmişdir. Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, Bakı küçəsi və Lermontov küçələrinin kəsişməsində **-KU-*** nömrəli avtomobilin arxa sağ tərəfinə dəyərək toqquşdu. Hadisədən əvvəl sürücülük vəsiqəsi olmadığı üçün yol polisinin saxla əmrinə tabe olmamışdır, həmçinin hadisədən əvvəl narkotik vasitə olan kakos qəbul etmişdir. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. X6 xx.xx.2026-cı il tarixli izahatından görünür ki, Bakı küçəsi və Lermontov küçələrinin kəsişməsində yolayrıcında dayanmışdı. Həmin vaxt arxadan gələn “Volkswagen Passat” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa sağ tərəfinə vuraraq yol nəqliyyat hadisəsi törətdi. Hadisə nəticəsində 5000 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına hadisənin videogörüntüsü əlavə edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, protokolları tərtib etmiş şəxsləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs dinləyib, iş materialına və əlavə olunmuş diskə baxış keçirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 510.1 və 511.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə onun təqsirliliyi sübuta yetirilməmə əsasına görə icraata xitam verilməli, İXM-nin 334-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə nəticə aşağıda qeyd olunanlara əsasən gəlir: İXM-in 511.3-cü maddəsinin dispozisyasından görünür ki, yolda müəyyən olunmuş hərəkət sürəti həddinin 60 km/saatdan artıq aşmaqla 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər törədildikdə inzibati xəta tərkibi yaranır. Lakin məhkəməyədək və məhkəmə araşdırması müddətində Şəxs tərəfindən sürət həddinin 60 km/saat həddində aşılması hər hansı mötəbər sübutla öz təsdiqini tapmamışdır. Belə ki, yolda müəyyən olunmuş hərəkət sürətinin 60 km/saat həddində aşılması yalnız xüsusi texniki vasitənin göstəricisi ilə sübuta yetirilə bilər. Lakin protokol tərtib etmiş şəxs tərəfindən həmin faktın sübuta yetirilməsi üçün mötəbər sübut məhkəməyə təqdim edilməmiş, yalnız təqdim edilmiş videogörüntü ilə kifayətlənilmişdir. Həmçinin, İXM-in 511.1-ci maddəsində inzibati məsuliyyətin yaranması üçün nəzərdə tutulan 3 (üç) haldan hər hansı biri sürücünün hərəkətlərində müəyyən edilməmişdir. Bu səbəbdən həmin maddə üzrə Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddə ilə barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol və protokolu tərtib etmiş şəxsin məhkəmə iclasında verdiyi izahatından başqa iş materiallarında hər hansı sübut yoxdur. Şəxs 1-ci Polis Bölməsində imza etdiyi izahat mövcuddur. Lakin həmin izahat natamam alınmış, ucadan oxunması, təsdiq etməsi barədə Şəxs tərəfindən hər hansı qeydlər aparılmamışdır. Şəxs məhkəmə iclasında isə heç kəsi təhqir etmədiyini və nalayiq ifadələr işlətmədiyini bildirmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, əksinə şəxsin qeyd olunan inzibati xətanı törətməsini sübut etmək vəzifəsi protokol tərtib etmiş şəxsin üzərinə düşür, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olması ilə bağlı şübhələr və ziddiyətli məqamlar onun xeyrinə həll olunmalıdır. İXM-nin 334-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə min manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs tərəfindən İXM-nin 334-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya münasibətdə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün və protokol tərtib etmiş şəxsin izahatlarında qeyd etdiyi və iş materiallarına əlavə olunmuş videogörüntülərdən göründüyü kimi Sumqayıt şəhəri, İnşaatçılar küçəsindən başlayaraq Sülh küçəsinə, oradan Bakı küçəsinə doğru hərəkət edərkən YPX əməkdaşlarının “saxla” əmrinə tabe olmamış və Lermontov küçəsi istiqamətində qarşısına maneə çıxdığı üçün qəza nəticəsində məcburi dayanmalı olmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2026-cı il tarixli A\565 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs metamfetamin və metadon qəbul faktı aşkarlanmışdır. Bundan başqa, onun sürücülük hüququ olmadan avtomobil idarə etməsi həm iş materialları, həm də onun məhkəmə iclasında verdiyi izahatı ilə tam təsdiq olunmuşdur. Qeyd olunan inzibati xətalar nəticəsində X6 idarə etdiyi “Hyundai” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Buna görə də, Şəxs İXM-nin 334-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 511.3-cü maddəsinə əsasən bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-nin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 334-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə min manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510.1 və 511.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirliliyi sübuta yetirilmədiyindən həmin hissədə iş üzrə icraata xitam verilməli və İXM-nin 334-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddəsinə əsasən Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 17:10-dan hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 511.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 17:10-dan hesablansın. Barəsində icraat aparılan Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar