Məhkəmə qərarları › İş №3(5-155)-527/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-527/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-527/2026 10.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Şikayət verən şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə tənbeh edilməsinə dair Gəncə şəhər X10 Şöbəsinin xx.xx.2026-cı il tarixli, TP7836018 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2026-cı il tarixli, TP7836018 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixdə saat 16:23 radələrində o, Gəncə şəhər DYP Şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhərində saxlanılaraq Hyundai Sonata minik markalı **-EA-*** qeydiyyat nişanlı avtomobilini led işıq cihazı quraşdıraraq idarə etdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bu zaman o, DYP əməkdaşlarına avtomobilinə Led işıq cihazlarını qanunvericiliyin tələblərinə və standartlara uyğun olaraq quraşdırdığını, heç bir qanun pozuntusu törətmədiyini bildirmiş və cihazlara baxış keçirərək özlərinin də müəyyən etməsini təklif etsə də, ona məhəl qoymayaraq yerində cihazları sökdürüb və cərimə tətbiq etmişlər. Qanunun tələbinə əsasən müvafiq polis inspektoru yerində baxış keçirməli, bu barədə “Nəqliyyatın texniki vəziyyətinin müayinəsi” Aktı tərtib edərək faktı təsdiq edən hal kimi iş materiallarına əlavə etməli, həmçinin müəyyən edilmiş hallar inzibati tənbehvermə haqqında qərarın müəyyən edildi hissəsində əks etdirilməlidir. Lakin, qeyd edilənlərlə bağlı nə akt tərtib edilmiş, nə də ki müəyyən edilmiş hallar inzibati tənbeh vermə haqqında qərarda göstərilməmişdir. Həmçinin, bildirir ki, hər bir avtomobilin faraları və ya işıq cihazının üzərində onun müvafiq kodları varıdr ki, avtomobilə həmin kodlara uyğun olaraq işıq cihazları quraşdırılır. O isə avtomobilinin standartına uyğun olaraq işıq cihazı (lampa) quraşdırmışdır və bu zaman heç bir əlavə tok, gücləndirici cihazlar (blok) və ya hər hansı bir digər qurğu istifadə etməmişdir. Əgər sürücü bu zaman uyğun lampa qoşmadıqda İXM-nin 342.5-ci, yox əgər yuxarıda qeyd etdiyi kimi əlavə tok çəkilməklə, əlavə blok quraşdırmaqla lampa qoşulursa bu halda sürücü 342.2.2-ci maddəsi ilə tənbeh olunur. Belə olan halda isə o, 342.2.2-ci maddə ilə deyil, 342.5-ci maddə ilə tənbeh olunmalı idi. Çünki, lampanı heç bir avadanlıq istifadə etmədən qoşmuşdur və yerində Led lampaları özü yerində sökərək aradan qaldırmış və sadə hallogen lampaları quraşdırmışdır. Belə ki, o, ümumiyyətlə məsuliyyət daşımamalıdır. Çünki, qoşduğu Led lampa maşının fara koduna uyğun olan, standartları pozmayan Led lampadır. Hüquqi əsasları ondan ibarətdir ki, İXM-nin 6-cı və 8-ci maddələrinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmçinin, “Yol Hərəkəti haqqında” Qanununa 1 saylı Əlavənin 3-cü bəndinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda və faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda nəqliyyat vasitəsi nasaz sayılır. İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X8 nəzarəti qaydaları barədə” Daxili İşlər Nazirliyinin Q6-001-12 saylı Qərarının 8.1-ci bəndinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət edilməklə aparılır. Texniki nasazlığı aşkar müşahidə olunan və texniki vəziyyəti “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsində göstərilən tələblərə uyğun gəlməyən nəqliyyat vasitələri saxlanılaraq müvafiq qaydada müayinə olunur və Təlimatın 7 nömrəli Əlavəsinə uyğun olaraq “Nəqliyyatın texniki vəziyyətinin müayinə” Aktı tərtib olunur. Beləliklə, qanunvericiliyin tələblərindən konkret olaraq görünür ki, inzibati orqan qanunun və təlimatın tələbini kobud pozaraq ona əsassız cərimə yazıb. Bu barədə hətta inzibati orqanın TV və Radio verilişlərdə olan səlahiyyətli nümayəndəsi də öz çıxışları ilə təsdiq edib. Məhkəmədən barəsində tərtib olunmuş TP7836018 nömrəli, xx.xx.2026-cı il tarixli qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Gəncə şəhər X10 Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Gəncə şəhər X10 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X4 şikayətinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, məni Gəncə şəhərində saxlamışdılar, onda Led işıqlarla bağlı problem yaranmışdır, ona bildirmişdilər ki, Led işıqlara icazə yoxdur. Qanunda var ki, müəyyən hallarda Led işıqların taxılmasına icazə var. Hətta materiallara əlavə edilmiş diskdə də, polis əməkdaşlarının hansı bir verilişdə qeyd edir ki, sürücüyə 150 manat cərimə əgər hər hansı bir kabel çəkilərsə və qanunsuz quraşdırılarsa tətbiq olunur. O isə olduğu kimi adi lampanı çıxararaq Led işıqları onun yerinə bağlamışdır. Burada heç bir texniki qüsur yoxdur. Led işıqları avtomobilə o, özü bağlamışdır. Onun avtomobilini polis əməkdaşları saxlayaraq baxış keçirmişlər və bununla bağlı də qərar qəbul ediblər. Ona bildirdilər ki, duman işıqlarına Led işıq lampaları taxmaq olmaz və buna görə də avtomobilini cərimə meydançasına aparmışlar. O elə həmin xavt dərhal Led işıqları açaraq adi lampaları bağlamışdır. Lakin, qərarda yazıblar ki, guya o, əlavə avadanlıq quraşdırmaqla Led işıq cihazları taxmışdır. Göstərilənlərə əsasən məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Gəncə şəhər X9 Şöbəsinin xx.xx.2026-cı il tarixli, TP7836018 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə şəhər X9 Şöbəsinin polis serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli TP7836018 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2026-cı il tarixdə avtomobilini Led İşıq cihazları quraşdırmaqla idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinin tələblərini pozduğu üçün 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə tərəfindən qərardan şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş foto şəkillərə və video görüntüyə baxış keçirilmiş, həmin fotoşəkillərdə quraşdırılmış Led işıq cihazlarının qanunun tələbinə əsasən avtomobilə quraşdırılması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən Daxili İşlər Nazirliyinin Gəncə şəhər X10 X1 barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP7836018 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarının (foto, video materiallar və s.) təqdim edilməsi barədə xx.xx.2026-cı il tarixli sorğu verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və qeyd edilən icraatla bağlı inzibati icraat materialları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2026-cı il tarixli, TP7836018 nömrəli inzibati tənbeh vermə qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, ki, X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsaslı sübutlara istinad edilmədən qəbul edilmiş, həmçinin ki, X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər X9 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP7836018 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. Bakı şəhər X9 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP7836018 nömrəli qərarı ləğv edilsin və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Mərkəzi İnformasiya sistemində X3 adına qeyd edilmiş xx.xx.2026-cı il tarixli, TP7836018 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar