Məhkəmə qərarları › İş №3(5-155)-532/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-532/2026

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-532/2026 06.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs Nurmətov Dair Şair oğlunun iştirakı ilə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 YPX inspektoru, polis serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Nurmətov Dair Şair oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Şair oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, İXP ******* nömrəli xx.xx.2026-cı il tarixli protokol haqqında qərarının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Nurmətov Dair Şair oğlu ərizəsini onunla əsaslandırmışdır ki, İXP ******* nömrəli xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Nurmətov Dair Şair oğlu şikayət ərizəsini müdafiə edərək bildirdi ki, səhər saat 10 radələrində o, işıqfora yaxınlaşan zaman yaşıl işığa 1-2 saniyə qalmışdı, yol boş olmuş, o işıqfordan keçəndən sonra yol polisi saxlamış, ona işıqforun qadağanedici işığında keçdiyini demiş, o, keçmədiyini demiş, ona videogörüntüyə baxış keçirildikdən sonra qərar qəbul olunacağını demişlər. On dəqiqə sonra ona mobil telefonda sms-radar vasitəsi ilə protokol gəlmişdir. O, şikayət etmiş, şikayəti ilə bağlı dəvət olunmuş, orada ona qərarı təqdim etmişlər və məhkəməyə müraciət etməsini bildirmişlər, lakin heç bir videogörüntü göstərməmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 YPX inspektoru, polis serjantı X2 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 YPX inspektoru, polis serjantı X1in nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Nurmətov Dair Şair oğlu barəsində xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 100 manat məbləğində cərimə edilir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasına çağrılsa da, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbdən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Nurmətov Dair Şair oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Nurmətov Dair Şair oğlunun şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 YPX inspektoru, polis serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli TP ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar