Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-540/2026 26.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Sumqayıt ŞPİ-nin X1 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta haqqında iş üzrə materiallar natamamdır və işə baxılarkən onu tamamlamaq mümkün deyil. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, şəxsin sərxoşluq vəziyyəti xüsusi texniki vasitə (alkotestr) vasitəsi ilə müəyyən edilmişdir. Lakin, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol və barəsində icraat aparılan şəxsin izahatlarından görünür ki, Şəxs sərxoş olmamasını bildirmişdir. Bundan əlavə sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında protokoldan görünür ki, həmin protokol Şəxs tərəfindən imzalanmamış, yaxud imzalamaqdan imtina etdiyi halda bunun səbəbləri göstərilməmişdir. Bundan əlavə qeyd edilən protokolda hal şahidləri qrafaları da boş qalmışdır. Məhkəmə qeyd edir ki, qanunvericlilyin tələbinə əsasən şəxsin sərxoşluq vəziyyəti xüsusi texniki vasitə vasitəsi ilə müəyyən edildikdə sonuncunun bu barədə razılığı olmalı və xüsusi texniki vasitənin nəticələri ilə razılaşmalıdır. Əks halda şəxsin sərxoşluq vəziyyəti yalnız həkim tərəfindən tibbi müayinə vasitəsi ilə müəyyən edilə bilər. İndiki halda sərxoşluq vəziyyəti xüsusi texniki vasitə vasitəsi ilə müəyyən edildiyi və şəxsin yerində xüsusi texniki vasitənin nəticələri ilə razılaşması barədə iş materiallarına hər hansı sənəd (sübut) əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olubolmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Azərbaycan Respublikası İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxılmağa hazırlanması zamanı işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə üzrə məhkəməyə göndərilmiş materiallarda natamamlıqlar olduğundan, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt ŞPİ-nin X1 Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Sumqayıt ŞPİ-nin X1 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(5-155)-540/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-540/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver