Məhkəmə qərarları › İş №3(5-155)-55/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-55/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-55/2026 22.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Təhqiqat Şöbəsinin təhqiqatçısı Xəyal Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 480-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, 10000-00148/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək İXM-in 110.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən baxılması üçün onun yaşayış yeri üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3 və 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 480-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında xx.xx.2025-ci il tarixli malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında protokoldan görünür ki, 27 sentyabr 2025-ci il tarixində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi "DAF FTXF 105.4602” markalı, 99JO564/50ZB311 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı, nəqliyyat vasitəsinin qoşqusunun sol yan hissəsində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən gömrük nəzarətindən gizlədilmiş 4 ədəd sayğac və 2 ədəd sayğaca məxsus hissənin gömrük nəzarətindən gizlədilməsi müəyyən edilmişdir.. İş materiallarında olan “Azərekspertiza” birliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 4 ədəd “Endress Hauser” markalı sayğacın qiyməti 2000 manat və 2 ədəd “Endress Hauser”markalı sayğaca məxsus hissələrin qiyməti isə 600 manat, yəni həmin əşyaların ümumi qiyməti 2600 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 163S/2025 nömrəli aktdan görünür ki, aşkar edilmiş 04 ədəd Endress Hauser”markalı sayğac və 2 ədəd “Endress-Hauser” markalı sayğaca aid hissələr Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə məxsus saxlanca təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanıma və saxlanca qəbul etmə haqqında qərardan görünür ki, 4 ədəd “Endress-Hauser” markalı sayğac və 2 ədəd “Endress-Hauser” markalı sayğaca aid hissələr maddi sübut kimi tanınmış və onların Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarına verilməsi nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şəxs idarə etdiyi “DAF” markalı, 99JO564/50ZB311 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 4 ədəd “Endress-Hauser” markalı sayğac və 2 ədəd “Endress-Hauser” markalı sayğaca məxsus hissələrin xx.xx.2025-ci il tarixə orta bazar dəyəri 2600 manatdır və Şəxs ümumi dəyəri 2600 manat təşkil edən 4 ədəd “Endress- Hauser” markalı sayğacı və 2 ədəd “Endress-Hauser” markalı sayğaca məxsus hissələri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “DAF” markalı, 99JO564/50ZB311 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qoşqusunun sol yan hissəsində yerləşən saxlanc yerində gizlətməklə ölkə ərazisinə gətirməsi iş üzrə toplanılmış sübutlarla tam təsdiq edildiyi üçün Azərbaycan Respublikası İXM-in 480-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə ********* nömrəli cinayət işi materiallarından zəruri sənədlər ayrılaraq aidiyyəti üzrə təhqiqat orqanına göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 10000-00148/25 nömrəli nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş digər sənədlərdən görünür ki, xx.xx.2025ci il tarixdə, saat 18 radələrində Rusiya Federasiyası istiqamətindən Dövlət Gömrük Komitəsinin Qusar rayonunun inzibati ərazisində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postuna daxil olmuş Şəxs idarə etdiyi “DAF” markalı, 99JO564/50ZB311 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yük avtomobillərinin yoxlanılmasının növbəlilik prinsipi əsasında xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində keçirilmiş gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusunun sol yan hissəsində yerləşən saxlanc yerində 4 ədəd “Endress-Hauser” markalı sayğacı və 02 ədəd “Endress-Hauser” markalı sayğaca məxsus sayğaca məxsus hissələri sonuncu gömrük nəzarətindən gizlətmiş, bununla da Azərbaycan Respublikası İXM-in 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, o, təxminən beş ildir ki, beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğuldur və “DAF” markalı, 99JO564/50ZB311 dövlət nömrə nişanlı yük avtomobilini etibarnamə əsasında idarə edir. 23 sentyabr 2025-ci il tarixində idarə etdiyi “DAF” markalı, 99JO564/50ZB311 dövlət nömrə nişanlı yük avtomobili ilə Xaçmaz Gömrük İdarəsinin “Şirvanlı” gömrük postundan keçərək Rusiya Federasiyası ərazisinə daxil olmuşdur. 24 sentyabr 2025-ci il tarixində Rusiya Federasiyasının Volqoqrad vilayətinə idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusuna yuyucu və təmizləyici vasitələr yükü yüklənilmişdir. O, həmin yükü təyinatı üzrə Azərbaycan Respublikasının Sumqayıt şəhərinə gətirməli idi. O, avtomobil dayanacağında gözləyərkən əvvəllər tanımadığı Rusiya Federasiyasının vətəndaşı ona yaxınlaşaraq elektron siqaretlər üçün mayelərinin olduğunu bildirmiş və onları almağı təklif etmişdir. O da bu təkliflə razılaşaraq ümumilikdə 15000 rus rublu müqabilində həmin malları əldə etmiş və onları nəqliyyat vasitəsinin kabinasına yerləşdirmişdir. Daha sonra Volqoqrad şəhərinin çıxışına yaxın ərazidə yerləşən mağazaların birindən bir neçə ədəd müxtəlif markalı spirtli içkilər almışdır. Dağıstan Respublikasının Mahaçqala şəhərində olarkən idarə etdiyi nəqliyyat vasitəsini təkər təmiri sexində saxlamış və orada işləyən ustadan kabinada olan elektron siqaretlər üçün mayeləri nəqliyyat vasitəsinin qoşqusunun sağ və sol tərəflərinə yerləşdirilmiş iki ədəd ehtiyat təkərin içərisinə yerləşdirməsini xahiş etmişdir. Elektron siqaretlər üçün mayelərin sayının çox olduğu üçün gömrük sərhədindən buraxılmayacağını bildiyi üçün həmin malları bu şəkildə gizlətməyə qərar vermişdir. Bundan sonra o, nəqliyyat vasitəsinə benzin vurmaq üçün yanacaq doldurma mərkəzinə daxil olmuş və orada olarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq sayğaclarının olduğunu bildirmiş və həmin sayğacları 2500 rus rublu müqabilində Azərbaycan Respublikasına aparmasını xahiş etmişdir. O da bu təkliflə razılaşmış və həmin şəxs mobil telefon nömrəsini götürmüşdür. Həmin şəxs Azərbaycan Respublikasına keçdikdən sonra ona zəng edəcəyini və sayğacları kimə təhvil verməli olduğunu deyəcəyini bildirmişdir. O, həmin sayğacları isə idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusunun sol hissəsində yerləşən saxlanc yerində yüklərin arasında gizlətmişdir. Daha sonra o, yoluna davam etmiş və 27 sentyabr 2025-ci il tarixində saat 18 radələrində “Samur” gömrük postunun idxal yoxlama xəttinə daxil olmuşdur. Yük maşınlarının yoxlanılmasının növbəlilik prinsipi əsasında 29 sentyabr tarixində saat 17 radələrində idarə etdiyi “DAF” markalı, 99JO564/50ZB311 dövlət nömrə nişanlı yük avtomobilinə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama həyata keçirilməzdən öncə gömrük əməkdaşı ondan idarə etdiyi nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətinə bəyan olunmalı və gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetlərin olub-olmamasını soruşmüş və o isə belə malların olmadığını bildirmişdir. Bundan sonra idarə etdiyi nəqliyyat vasitəsinə gömrük əməkdaşı tərəfindən ətraflı gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun arxa hissəsinə yerləşdirilmiş iki ədəd ehtiyat təkərin içərisində külli miqdarda, müxtəlif markalı Azərbaycan Respublikasına məxsus məcburi nişanlama ilə nişanlanmalı olan, lakin belə nişanlama ilə nişanlanmamış elektron siqaret üçün mayelər, nəqliyyat vasitəsinin kabinasının sağ və sol oturacaqlarının üst hissəsində yerləşən saxlanc yerlərindən və yataq yerinin alt hissəsindən müxtəlif markalı viski və araqlar, həmçinin nəqliyyat vasitəsinin qoşqusunun sol yan hissəsində yerləşən saxlanc yerindən 4 ədəd sayğac və 2 ədəd sayğaca aid hissələr aşkar olunaraq protokol əsasında götürülmüşdür. Gömrük yoxlaması zamanı aşkar edilmiş elektron siqaret üçün mayelərin və spirtli içkilərin sayı və markaları tam olaraq onun yadında qalmamışdır. xx.xx.2025-ci il tarixli malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında protokolda qeyd edilmiş məlumatların doğruluğunu təsdiq edir. Beləliklə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutların məcmusu ilə inzibati xəta haqqında protokol, malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında protokol, msddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və digər sənədlərlə Şəxs az miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirməsi tam sübuta yetirilmişdir. Bununla da Şəxs ofiq oğlu tərəfindən Azərbaycan Respublikası İXM-in 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə icraata xitam verilməsi və barəsində inzibati qaydada icraat aparılan şəxsin məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası İXM-in 114.1.1-ci maddəsinə müvafiq olaraq iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-in 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 480-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan mallar, yəni ümumi dəyəri 2600 manat təşkil edən 4 ədəd “Endress- Hauser” markalı sayğacı və 2 ədəd “Endress-Hauser” markalı sayğaca məxsus hissələr müsadirə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış əşyaların müsadirə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-in 26.1-ci maddsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan və hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 04 ədəd “Endress Hauser” markalı sayğac və 2 ədəd “Endress Hauser” markalı sayğaca məxsus hissələr müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış əşyaların müsadirə edilməsi nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar