Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-559/2026 26.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi , Protokolu tərtib edən şəxs - Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.2004-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, vət.Şəxs xx.xx.2026-cı il tarixdə H.Z.Tağıyev qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılmış, Pİ-də üzərinə şəxsi axtarış keçirilərkən özü cibində olan “marixuana”nı könüllü təqdim etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə NMB-nin əməkdaşları H.Z.Tağıyev qəsəbəsi, Şirvan massivində Şəxs şübhəli olduğu üçün yaxınlaşmışlar və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirmişlər, baxış zamanı üzərindən qurudulmuş marixuana aşkar edilmiş və onu polis bölməsinə aparmışlar. Tibbi müayinədən keçirilmiş və barəsində qərar qəbul olunaraq protokol tərtib edilmişdir. Tək uşaqdır, anası ilə yaşayır, evdə gəlir gətirən yeganə şəxsdir. Protokolu müdafiə edir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, ona yaxın olan şəxsi itirmiş, dəfndən sonra spirtli içki qəbul etmiş, bu zaman üzdən tanıdığı, adını bilmədiyi şəxs ona yaxınlaşaraq narkotik vasitə təklif etmiş, o da qəbul etmişdir. Şirvan massivinə yaxınlaşan zaman polis əməkdaşlarının videoçəkilişlə başqa şəxsi saxladıqlarını görmüş, özü yaxınlaşaraq üzərində narkotik maddə olmasını etiraf edərək təqdim etmişdir. Daha sonra polis bölməsinə getmişlər, orada narkotik vasitəni özü təqdim etmişdir. Hərbi xidmətə getməmişdən öncə narkotik vasitə istifadə etmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi X7 şəxsin əməlini səmimi etiraf etməsini və səmimi peşman olmasını nəzərə alaraq barəsində cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiqi olmalıdır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X4 tərəfindən xx.xx.2026-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206- cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan sonuncunun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə həvalə edilmiş, Şəxs üzərindən götürülmüş maddi sübut Sumqayıt ŞPİ-nin Təchizat Qrupuna təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 20/156 saylı, xx.xx.2026-cı il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxs üzərindən aşkar edilmiş 1 (bir) büküm kütlə..." sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,695 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqqiata 0,02 qram sərf edildikdən sonra 0,675 qram marixuana qalıq qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2026-cı il tarixli, 1337 nömrəli rəyində qeyd olunur ki, Şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Şəxs Sumqayıt şəhəri H. Zeynalabdin qəsəbəsi, Dəmiryol massivi, yaşadığı evin yaxınlığında xx.xx.2026-cı il saat 18:00-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2026-cı il tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmişdir. Məsuliyyəti ağırlaşdıran hallar və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları, inzibati qaydada tutulduğu vaxtı nəzərə alır və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 94.11-ci maddəsinə əsasən götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. İş üzrə maddi sübut, Sumqayıt ŞPİ-nin Təchizat Qrupunda saxlanılan Şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,675 qram narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər həmçinin maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat məbləğində olan inzibati xəta haqqında iş üzrə məsrəf dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1,115,129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 350 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin Təchizat Qrupunda saxlanılan Şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,675 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat məbləğində olan inzibati xəta haqqında iş üzrə məsrəf dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Vəkil X7 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(5-155)-559/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-559/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver