Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-56/2026 09.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, X8 katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1992-ci ildə Zəngilan rayonu, Şayıflı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Rusiyada satıcı işləyən, Zəngilan rayonu, Şayıflı ərazi dairəsi, Şayıflı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 9-cu mikrorayon, 18/19, mənzil 56-da yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi Fərid İsmayılov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 08 yanvar 2026-cı il tarixli, müvafiq olaraq MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda qeyri-etik ifadələr işlətmiş və polis əməkdaşının qanuni göstərişinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi Fərid İsmayılov tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Sumqayıt ŞPİ CAŞ-nin polis kapitanı İdris Fərzəliyevin tərtib etdiyi raport onun icraatına daxil olmuşdur. Həmin raporta əsasən, Şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayonda saat 19:15 radələrində telefonla danışarkən həmsöhbəti olduğu şəxsə qarşı uca səslə qeyri-etik ifadələr işlətmişdir. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu nizam-intizama dəvət etmişlər. Lakin o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış və öz hərəkətlərinə davam etmiş, tabesizlik göstərmişdir. Daha sonra o, Polis Bölməsinə aparılmasına etiraz etmiş və tabe olmamış, buna görə də məcburi qaydada Polis Bölməsinə gətirilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, iş üzrə özünü təqsirli bilir. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Belə ki, Rusiyadan dünən tibbi sığorta ilə əməliyyat olunmaq üçün Sumqayıta gəlib. Həmin tibbi sığortanı düzəldən şəxslə telefonla danışarkən aralarında mübahisə yaranmış, bundan sonra həmin yerə sonradan polis əməkdaşları olduğunu bildiyi şəxslər gəlmişdir. Onun əməllərindən kimsə şikayət etməmişdir. Polis əməkdaşları ondan burada nə etdiyini soruşmuş, daha sonra özlərini təqdim etmişlər. Daha sonra onu Polis Bölməsinə aparmaq istəyəndə o, tabesizlik göstərmiş, əməliyyat olunacağını bildirmiş və Polis Bölməsinə getmək istəmədiyi üçün tabesizlik göstərmişdir. Polis Bölməsində də səhhətində problem olduğu üçün vəziyyəti pisləşmiş və təcili yardım çağırmışlar. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, telefonla danışdığı yerdə çox adam olmamışdır. 26 nömrəli məktəbin həyəti və orada olan qaraj arasındakı ərazidə telefonla danışırdı. Danışdığı şəxslə telefon danışğı 4-5 dəqiqə davam etmiş, 3-4-cü dəqiqədə isə polis əməkdaşları ona yaxınlaşmışdır. O, polis əməkdaşlarının yanında həmin şəxslə danışdığı üçün yenidən hərəkətlərinə davam etmişdir. Nəticədə tabesizlik göstərdiyi üçün Polis Bölməsinə gətirilmişdir. Məhkəmədən səhhətində problem olmasını, əməliyyat olunacağının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 bildirmişdir ki, xx.xx.2026-cı il tarixə digər polis əməkdaşları ilə xidmət apararkən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində bir nəfər şəxsin telefonla uca səslə nalayiq ifadələr işlətməsinin şahidi oldular. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər, onu nizam-intizama davət etsələr də, şəxs qanunsuz əməllərinə yenidən davam etmişdir. Bundan sonra şəxsə yenidən xəbərdarlıq olmuş, ictimai qayda pozduğunu bildirmişlər, lakin o, yenidən əməllərinə davam etmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı ətrafda vətəndaşlar var idi, çünki şəxs məhəllənin həyətində telefonla danışırdı. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 bildirmişdir ki, xx.xx.2026-cı il tarixə digər polis əməkdaşları ilə xidmət apararkən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində bir nəfər şəxsin telefonla uca səslə nalayiq ifadələr işlətməsinin şahidi oldular. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər, onu nizam-intizama davət etsələr də, şəxs qanunsuz əməllərinə yenidən davam etmişdir. Bundan sonra şəxsə yenidən xəbərdarlıq olmuş, ictimai qayda pozduğunu bildirmişlər, lakin o, yenidən əməllərinə davam etmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı ətrafda insanlar var idi. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 bildirmişdir ki, xx.xx.2026-cı il tarixə digər polis əməkdaşları ilə xidmət apararkən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində bir nəfər şəxsin telefonla uca səslə nalayiq ifadələr işlətməsinin şahidi oldular. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər, onu nizam-intizama davət etsələr də, şəxs qanunsuz əməllərinə yenidən davam etmişdir. Bundan sonra şəxsə yenidən xəbərdarlıq olmuş, ictimai qayda pozduğunu bildirmişlər, lakin o, yenidən əməllərinə davam etmiş və polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə 9-cu mikrorayonda baş verib, ətrafda vətəndaşlar var idi. Məhkəmə iclasında Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Cəlilov barəsində İXM-nin 535.1-ci maddəsi ilə olan iş üzrə həbslə bağlı olmayan inzibat itənbeh tədbiirnin tətbiq edilməsini, İXM-nin 510-cu maddəsi ilə başlanılmış iş üzrə icraata isə xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 08 yanvar 2026-cı il tarixli MN ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda qeyri-etik ifadələr işlətmiş və polis əməkdaşının qanuni göstərişinə tabe olmamışdır. İş materiallarında olan X7 xx.xx.2026-cı il tarixli izahatından görünür ki, xx.xx.2026-cı il tarixdə digər polis əməkdaşları ilə xidmət apararkən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində 1 nəfər şəxsin telefonla danışaraq qeyri-etik ifadələr işlətməsini gördülər. Bu zaman özlərini təqdim etdilər və həmin şəxsə qayda pozmasını izah etdilər. Daha sonra Polis Bölməsinə dəvət etsələr də, şəxs gəlməkdən qəti şəkildə imtina etmişdir. Buna görə də, şəxs məcburi formada Sumqayıt ŞPİ-nin 3-cü PB-ə gətirildi. İş materiallarında olan X3 xx.xx.2026-cı il tarixli izahatından görünür ki, həmin tarixdə digər polis əməkdaşları ilə xidmət apararkən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində 1 nəfər şəxsin telefonla danışaraq qeyri-etik ifadələr işlətməsini gördülər. Bu zaman özlərini təqdim etdilər və həmin şəxsə qayda pozmasını izah etdilər. Daha sonra Polis Bölməsinə dəvət etsələr də, şəxs gəlməkdən qəti şəkildə imtina etmişdir. Buna görə də, şəxs məcburi formada Sumqayıt ŞPİ-nin 3-cü PB-ə gətirildi. İş materiallarında olan Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, həmin tarixdə telefonla danışaraq əsəbiləşdiyi üçün qışqıra-qışqıra söyüş söyürdü. Ona yaxınlaşan 3 nəfər polis əməkdaşının göstərişinə çox əsəbi olduğu üçün məhəl qoymadı və söyüş söyməyə davam etdi. Məcburi qaydada Polis Bölməsinə gətirildi. İş materiallarında olan xx.xx.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri və digər iş materialları ilə tam təsdiqini tapır. Buna görə də, onun barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini etiraf etməklə əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 510 və 535.1-ci maddələri üzrə daha ciddi sanksiyası olan İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli xx.xx.2026-cı il, saat 20:00-dan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 20:00-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-56/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-56/2026
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver