Məhkəmə qərarları › İş №3(5-155)-565/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-565/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-565/2026 27.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1984-cü ildə Masallı rayonu, Sığdaş kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Masallı rayonu, Sığdaş ərazi dairəsi, Sığdaş kəndində ünvanında qeydiyyatda olan Sumqayıt şəhəri, Beton zavod ərazisi fərdi yaşayış evində yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru X5 izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7626/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs hər uşağın saxlanılmasına görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Borclu sonuncu dəfə axtarışa verilmiş və 2026-cı ilin fevral ayında ölkəyə daxil olmuşdur. Masallı Rayon Polis Şöbəsi tərəfindən İcra İdarəsinə təhvil verilmişdir. xx.xx.2026-cı il tarixdə borclu tələbin könüllü icrası haqqında bildirişlə tanış olmuşdur. Tələbkar İcra İdarəsinə ərizə ilə müraciət edərək 2018-ci ilin yanvarından bəri ona hər hansı ödəniş olunmadığını bildirmişdir. Həmçinin, tələbkar borc məbləğinin 19600 manat olduğunu bildirmiş, lakin borclu isə ümumi borcun 10 min manatını tələbkara bağışladığını, qalan 10 min manatının isə özünə aid olduğunu bildirmişdir. Borclu hazırda borcundan 200 manat, növbəti aylarda isə hər ay 200-250 manat olmaqla ödəniş edə biləcəyini bildirmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, iş materiallarında zərərçəkmiş şəxsin ərizəsi var. İcra sənədi icra edilmədiyi üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu ölkə hüdudlarından kənarda olduğundan onunla əlaqə saxlamaq mümkün olmamış və o, axtarışla xx.xx.2026-cı il tarixində İcra İdarəsinə gəlmişdir. Borclu 10 min manat borcu olduğunu etiraf etmişdir. Protokolu müdafiə edir və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, iş üzrə özünü təqsirli bilmir və borc məbləği ilə razı deyil. Belə ki, zərərçəkmiş şəxslə 2007-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan 2009-cu ildə Məhəmməd adlı övladı dünyaya gəlmişdir. 2011-ci ildən Sumqayıt şəhərinə gəlmiş, 3 aydan çox burada işləyərək evə də pul göndərmişdir. Daha sonra Sumqayıt şəhərinə köçmüşlər. O, 8 min dollara yataqxana almışdır. Həyat yoldaşı əmisi qızıdır. Əmisi evi alanda evi qızının, yəni həyat yoldaşının adına keçirtməsini ondan tələb etmişdir, o da evi həyat yoldaşının adına keçirtmişdir. 2012-ci ildə qızı dünyaya gəlmişdir. Bir müddət bir yerdə yaşadıqdan sonra həyat yoldaşı ondan xəbərsiz məhkəməyə nikahın pozulması üçün ərizə vermişdir. 2 aydan sonra onun evinə nikahın pozulması ilə bağlı məktub gəlmişdir. Bundan sonra nikah pozulmuş və həyat yoldaşı ondan evdən çıxmasını tələb etmiş, o isə evdən çıxdığı halda qalmağa yeri olmadığını bildirmişdir. Bundan sonra evdən çıxmış, razılıq əsasında həyat yoldaşı İcra İdarəsində icra məmuru Rüfət müəllimə ərizə yazaraq aliment tələb etməyəcəyini bildirmişdir. Beləliklə, aralarında razılaşma olmuşdur. Həmçinin, o, uşaqlarını atmamış, onlara da baxmışdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Rusiyada olarkən uşaqlarına qardaşı vasitəsilə pul göndərmişdir. Ondan aliment tələb olunmasın deyə evi həyat yoldaşına vermişdir. Həmin evin satılmasından 1 ildən çoxdur ki, xəbəri var. Rusiyaya müalicə olunmağa görə getmişdi. İcra İdarəsində həyat yoldaşı ərizəni özü yazıb. İcra sənədindən 10 ildən çox müddət keçməsinə baxmayaraq, ondan həmin müddət ərzində şikayət olunmamışdır. Rusiyada olduğu 3 il ərzində uşaqlarına 1500-1700 manat pul ödəmişdir. Ondan sonra isə rəsmi olmasa da, uşaqların ad günlərində və s. ödənişlər etmişdir. Hazırda borcundan 500 manat ödəyə bilər. 20 min manata satılan evin 10 min manatı zərərçəkmiş şəxsə, 10 min manatı isə ona aiddir. Qalıq 10 min manat borcunu aylıq olaraq ödəməyə razıdır. Aralarında razılaşma olduğu üçün 10 min manatı ödəməmişdir. Məhkəmədən 10 min manat borcunu hər ay ödəyəcəyinin nəzərə alınmasını xahiş etmiş və vəkilinin dedikləri ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu 2018-ci ilin yanvar ayından bəri aliment ödənişləri etməmişdir. Hər ay 2 uşağa görə cəmi 200 manat aliment ödənişi etməli idi. Borclu borcunu ödəməsə, həbs olunmasını tələb edir. Borclu aliment ödənişlərini hər ay ödəyəcəyini dediyi üçün aralarında razılığa gəlmişdilər. 9 il ərzində İcra İdarəsinə getmiş və alimentin ona ödənilmədiyi üçün şikayət etmişdir. Sonradan bilib ki, borclu ölkədən kənarda yaşayır. Ehtiyacı olduğu üçün yaşadığı yataqxananı 15 min manata satıb. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu tərəfindən hazırda 500 manat ödənilməsinə razı deyil. Həmin pulu götürməkdən imtina edir. Məhkəmədən borclu tərəfindən 10 min manat ödəniş edilməsini, əks halda həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, zərərçəkmiş şəxs və borclu arasında borc məbləği ilə bağlı mübahisə mövcuddur. Borclu aliment ödənişlərini ödəməkdən yayınmamışdır. Borclu əvvəlcə 200 manat, onunla bir qədər söhbət apardıqdan sonra isə 500 manat ödəməyə etiraz etmədiyini, növbəti aylardan 200-250 manat ödəyəcəyini bildirmişdir. Borclu 2-ci dəfə ailə həyatı qurmuşdur, himayəsində 1 yaşında azyaşlı övladı var, həmçinin həyat yoldaşı işləmir. Zərərçəkmiş şəxs 500 manatın az məbləğ olmasına baxmayaraq, ödənilməsinə razı deyil və bu məsələ mülki icraat qaydasında aparılmalıdır. İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş protokol əsassız və qanunsuzdur. Məhkəmədən protokolun təmin olunmadan geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7626/2017 saylı, xx.xx.2017-ci saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X7 oğlu və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7626/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan icra sənədində göstərilən tələbi 3 gün ərzində könüllü icra etməyi xahiş olunmuşdur. Borclu bildirişlə xx.xx.2026-cı il tarixində tanış olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclunun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan “Elektron İcra” İnformasiya Sistemindən əldə olunmuş sərhədkeçmə məlumatlarına əsasən borclunun 2019 və 2023-cü illərdə sərhəddən çıxış və girişləri olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, borclu tərəfindən 2018-ci ilin yanvar ayından heç bir aliment ödənişi edilməmişdir,halhazırda ona 19600 manat aliment borcu vardır. Şəxs barəsində icra tədbirlərinin görülməsini xahiş edir. İş materiallarında olan Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, öz aralarında olan razılaşma əsasında evini tələbkara vermişdir. Hesab edir ki, onun tələbkara borcu 10 min manatdır. Onu da hissə-hissə ödəyəcək. Hazırda borcundan 200 manat, növbəti aylardan isə 250 manat olmaqla ödənişlər edə bilər. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2017-ci il tarixində məhkəmə qərarı ilə əlaqədar olaraq borclu ilə aralarında razılığa gəldiyi üçün icra işinin məhkəməyə qaytarılmasını xahiş edir. Heç bir şikayəti və narazılığı yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, borc məbləği ilə bağlı tərəflərin arasında mübahisə mövcuddur. Borclu 10000 manat borcunun olmasını etiraf edir. Hazırda aparılan inzibati xəta haqqında iş üzrə icraat çərçivəsində borc məbləği ilə bağlı nəticə gəlmək mümkün olmadığından borclu tərəfindən qəbul edilən 10000 manat aliment borcunun ödənilməməsinə münasibətdə Şəxs əməlinə hüquqi qiymət verilməlidir. Borclu tərəfindən qəbul edilən borc miqdarı kifayət qədər yüksək olsa da, burada bir sıra nəzərə alınmalı hallar mövcuddur. Belə ki, xx.xx.2017-ci il tarixində tələbkar icra idarəsinə ərizə ilə müraciət edərək borclu ilə razılığa gəldiklərini, icra işini məhkəməyə qaytarılmasını xahiş etmiş, 2024-cü ilədək borcun tələbi ilə bağlı hər hansı rəsmi müraciəti olmamışdır. 2024-cü ildən sonra tələbkarın müraciəti əsasında icraata başlanılmış, xx.xx.2026-ci il tarixində bildiriş borcluya təqdim edilmişdir. Bundan başqa məhkəmə iclası zamanı borclu tərəfindən 500 manat tələbkara təqdim edilmiş, tələbkar həmin məbləği qəbul etməmiş, bütün borcu tələb etmişdir. Göstərilən xüsusatlar Şəxs inzibati məsuliyyətdən azad etməsə də, təqsirinin dərəcəsinə müsbət təsir edən hallardır. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32-ci və 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar