Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-580/2026 16.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ 33683804 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ33683804 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermişdir. Həmin qərardan narazı qalan X2 şikayət verərək xx.xx.2026-cı il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixli qərarla çıxarılan cərimədən narazıdır. Bu cərimədə göstərildiyi kimi guya avtobus zolağına daxil olmuşdur, amma orada oxlar düz və sağa dönməni göstərir. Buna görə də ona yazılmış cərimənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsi və qərardan şikayət vermiş X2 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə qərar qəbul etmiş orqanın nümayəndəsinin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə X1 şikayətinin dəlillərini, işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ 33683804 nömrəli xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Daxili İşlər Nazirliyi BDYPİ-yə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ 33683804 nömrəli xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 xx.xx.2026-cı il tarixdə saat 10:39-da Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanı ərazisində “BYD Destroyer 05 Plug-İn-Hybrid minik” markalı 77VK176 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi tələblərini pozduğuna görə Azərbaycan Respublikasının İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən çəkilmiş foto şəkillərdən görünür ki, “BYD Destroyer 05 Plug-İn-Hybrid minik” markalı, **-VK-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2026-cı il tarixdə saat 10:39-da akı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanı ərazisində avtomobilini 1-ci zolaqla idarə etmişdir. Foto şəkildə həmin zolaqda qırıq-qırıq xəttin olması, həmçinin həmin yolun avtobus zolağı olubolmaması ilə bağlı hər hansı bir nişanın olması görünmür. Məhkəmə iclasında iş materiallarında foto şəkillərə baxış keçirilmiş, həmin görüntülərdə yolun qeyd edilən hissəsinin avtobus zolağı olması ilə bağlı heç bir nişanın olmaması səbəbindən yolun həmin hissəsinin avtobus zolağı olması tam aydın şəkildə görünmür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 61.1.1-61.1.8-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.1-ci maddəsinə əsasən Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57- 1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Hazırki iş üzrə “BYD Destroyer 05 Plug-İn-Hybrid minik” markalı 77VK176 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi tələblərini pozub-pozmamasının iş materiallarında olan foto şəkillər vasitəsilə müəyyən etmək mümkün deyildir. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən ətraflı araşdırma aparılmamış və iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Eyni zamanda qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və qeyd edilən məsələnin aydınlaşdırılması istiqamətində heç bir addım atmamış, məhkəməyə inzibati xətanın X2 tərəfindən törədilməsinə dair sübutları təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ 33683804 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilməli və qərarda qeyd edilən xüsusatların araşdırılması ilə əlaqədar iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ 33683804 nömrəli xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli EQ 33683804 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(5-155)-580/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-580/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver