Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-620/2026 12.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Qərarından şikayət verilən Sumqayıt şəhər X4 Şöbəsinin nümayəndəsi yol patrul xidməti inspektoru, polis baş serjantı Yusif Ələkbərovun, Şikayət verən şəxs Hümmətli Turan Nizami oğlunun iştirakları ilə, Sumqayıt şəhər X4 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Hümmətli Turan Nizami oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hümmətli Turan Nizami oğlu Sumqayıt şəhər X4 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Hümmətli Turan Nizami oğlu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, ona xx.xx.2026-cı il tarixdə X3 əməkdaşı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə bağlı protokol tərtib edilib. O, məhəllə daxili ilə Cəfər Cabbarlı küçəsinə çıxan zaman əvvəl stop edib, sona sağa və sola baxdıqdan sonra iki tərəfdə olan nəqliyyat vasitələri ilə arasındakı məsafə 150-200 metr olduğundan Cəfər Cabbarlı-Səməd Vurğun küçəsi istiqamətində BYD markalı maşını ilə hərəkətinə başlayıb. Hərəkətə başladıqdan sonra polis patrul maşını ilə üz-üzə gəlmiş və polis nəfəri 10 saniyə maşınına göz gəzdirdikdən sonra səs siqnalını verərək arxasınca gəlməyə başlayıb. Onu saxladıqda cərimə etdiyini demişdir. Cərimə edəcək bir şey etmədiyini bildirdikdə ona polis nəfəri küçəyə daxil olduqda digər nəqliyyat vasitəsinin tormoz işığının yandığını əsas gətirərək protokol tərtib edəcəyini bildirmişdir. Üstəlik küçəyə daxil olmamışdan əvvəl parklanmadan dolayı yolun görünmədiyini və nəqliyyat vasitəsinin ön hissəsini yola çıxartdığını parklanmada olan nəqliyyat vasitələri ilə eyni hizada saxlayıb sağa və sola baxdıqdan sonra hərəkət başladığını bildirmişdir. Etiraz etməyinə əməl etməyərək protokol yazacağını bildirmiş və maşının nömrəsini kobud şəkildə xitab edərək soruşmuşdur. Həmçinin, yol polis əməkdaşının bildirdiyinə görə onun hərəkətinə görə guya digər nəqliyyat vasitəsi stop edərək tormozlama etmişdir. Bu isə tamamilə uydurmadır. Belə ki, həmin nəqliyyat vasitəsi ilə onun arasında təxminən 150 metr məsafə olub və onun hərəkəti digər nəqliyyat vasitəsinin hərəkərinə heç bir maneə törətməyib. İnzibati tənbehvermə haqqında qərarı tərtib olunan zaman inzibati araşdırmada iştirakı təmin edilməyib, ona hər hansı qayda pozmasını təsdiq edən sübut təqdim edilə bilinməyib. Həmin qərar ilə razı deyil və polis əməkdaşının ona olan xitabı düzgün deyil. Hesab edir ki, qərar qanunsuz və əsassız tərtib edilib. Məhkəmədən barəsində xx.xx.2026-cı il tarixində tərtib edilmiş inzibati xəta haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini, ona yazılan cərimə və 3 balın silinməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs Hümmətli Turan Nizami oğlu şikayətini müdafiə edərək bildirmişdir ki, o, küçəyə daxil olan zaman heç bir nəqliyyat vasitəsinə maneəçilik törətmədiyini gördükdən sonra küçəyə daxil olmuşdur. Polis əməkdaşı ona bildirdi ki, digər nəqliyyat vasitəsinin sürücüsü tormoz verib, halbuki elə bir şey olmayıb. Polis əməkdaşı 5-10 saniyə onun maşınına baxdıqdan sonra arxasınca gəlib. Polis əməkdaşı ona bildirib ki, məhz onun yola çıxması səbəbindən digər nəqliyyat vasitəsi tormozlama edib, halbuki belə bir şey olmayıb. Həmin ərazidə yolun kənarında maşınlar da saxlamışdı, normalda orada maşın saxlamaq olmaz. O, polis əməkdaşına bildirmişdir ki, yolayrıcına girərkən maşını saxlayıb, sağa-sola baxdıqdan sonra yol ayrıcına çıxmışdır. Polis əməkdaşı hətta saxladığı maşının nömrəsini belə bilmirdi. Bundan başqa, polis əməkdaşı ona kobud şəkildə xitab etmişdir. O, məhləyə girdikdən sonra polis əməkdaşı onun arxasınca gələrək onun avtomobilini saxlamışdır. Həmin ərazidə yolayrıcı olub, hər iki istiqamətdə hərəkət etməyə icazə var. Polis əməkdaşının qeyd etdiyi avtomobillə onun arasında 150 metr məsafə olub. Həmin nəqliyyat vasitəsi olduğu kimi də yoluna davam edib. Sağ tərəfdə svetforun qırmızı işığı yanırdı, sol tərəfdəki avtomobillə məsafə isə çox uzun olmuşdur. O, avtomobili saxlayaraq sağa-sola baxdıqdan sonra yoluna davam etmişdir. Göstərilənlərə əsasən məhkəmədən protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən şəxs Sumqayıt şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı Yusif Ələkbərov bildirmişdir ki, inzibati xəta haqqında protokol onun tərəfindən tərtib edilmişdir. Hadisə bağlı qeyd etmişdir ki, digər nəqliyyat vasitəsinin tormozlama edərək avtomobili saxlaması təqdim edilən videogörüntüdə tam açıq şəkildə görsənir. Barəsində inzibati xəta haqqında tənbeh vermə qərarı qəbul edilmiş şəxsin idarə etdiyi nəqliyyat vasitəsi manevr edərək sola dönən zaman digər avtomobil tormoz verərək surəti azaldıb, şəxs döndükdən sonra digər avtomobilin sürücüsü yoluna davam edib. O, şəxsi saxlayan zaman əlində bort komputer olduğundan nəqliyyat vasitəsinin nömrəsini səhv vura bilər deyə avtomobilin nömrəsini soruşmuşdur. Nömrəni bilməmək kimi bir hal mövcud olmamışdır. Məhkəmədən tərtib etdiyi protokol üzrə qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, Hümmətli Turan Nizami oğlu xx.xx.2026-cı il tarixdə, saat 16:24-də Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi 37 ərazisində “BYD Leopard 5 X2” markalı **-CC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Hümmətli Turan Nizami oğlu xx.xx.2026-cı il tarixdə, saat 16:24-də Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi 37 ərazisində “BYD Leopard 5 X2” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əsas yola çıxan zaman sol tərəfdən gələn nəqliyyat vasitəsinə yol verməməsi, həmin nəqliyyat vasitəsinin sürətinin azaldıb əyləci basması, bu zaman arxa işıqlarının yanması müşahidə edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 77.1-ci maddəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, Hümmətli Turan Nizami oğlu xx.xx.2026-cı il tarixdə, saat 16:24-də Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi 37 ərazisində “BYD Leopard 5 X2” markalı 90CC377 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozmuş və bunun nəticəsində digər avtomobil tormozlama edərək hərəkətini dayandırmış və sonra yenidən yoluna davam etmişdir. Qeyd edilən səbəbdən də hazırda mübahisələndirilən qərarla Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. X1 Nizami oğlunun qeyd edilən qaydaları pozması məhkəməyə təqdim edilmiş videogörüntülərlə açıq-aydın görünür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt şəhər X4 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan Hümmətli Turan Nizami oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hümmətli Turan Nizami oğlunun şikayəti təmin edilməsin. Sumqayıt şəhər X4 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(5-155)-620/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-620/2026
12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver