Məhkəmə qərarları › İş №3(5-155)-638/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-638/2026

13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-638/2026 13.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, X2 iştirakı ilə, DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33966556 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33966556 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yaşadığı binanın bir çox sakinləri kimi o da nəqliyyat vasitəsini (minik maşınını) neçə illərdir ki, mikrorayon daxilində-binaya yaxın ərazilərdə, bəzi hallarda binanın arxa hissəsində saxlayır. xx.xx.2026-cı il tarixdə X7 (DYP) gəlib heç bir ilkin xəbərdarlıq etmədən binanın arxa hissəsində, habelə yan tərəfində müvəqqəti olaraq saxladıqları minik maşınlarına, o cümlədən onun maşınına cərimə (60altmış manat) protokolları yazıblar, adını da qoyublar ki, bura səkidir, (məlumatlara görə 3- 4 günə 50-dən çox cərimə protokolları yazıblar). Birincisi 6 ildən çoxdur ki, burada müvəqqəti dayanan minik maşınlarının sahiblərinin heç birinə buranın piyadalar üçün keçid yeri-səki sayılması barəsində DYP əməkdaşları tərəfindən heç bir ilkin xəbərdarlıq edilməyib, nəqliyyat vasitələrinin burada saxlanılmaması tapşırığı verilməyib. Ötən illər ərzində burada saxlanılan maşınlar heç vaxt piyadaların keçidinə mane olmayıb... İkincisi səkilərin müəyyən quruluşu, eni (1-2 m ),hündürlüyü (ən azı 15-20 sm ) olur. Burada indi “səki” dedikləri yerin eni 5m-ə yaxın, hündürlüyü 2-5 sm-dir. Səki əks tərəfdə olan yoldadır. Üçüncüsü DYP tərəfindən burada nişanlama qoymayıb. 7-8 ay qabaq daxili küçənin əks tərəfinə nişan qoyub, orada maşın saxlamağı qadağan etmişdilər, (onun da qanunu olduğu tam məlum deyil). Dördüncüsü bu binanın hüququ və vəzifəli şəxsləri bir neçə illər əvvəldən binanın zirzəmi hissəsində maşın saxlamaq üçün yer az olduğundan, şəxsi nəqliyyat vasitələrini binanın qabaq həyətyanı ərazisində yox,binanın arxa hissəsində,ətrafyaxın ərazilərində saxlamalı olduqlarını bildirmişdilər. Beşincisi binanın 1-ci mərtəbəsində idman zalı, kiçik ticarət obyekti-mağaza yerləşir. Mağazaya mal gətirən,ya mağazadan al-ver edən şəxslərin, məşqə gələn vətəndaşların, idmançıların da bir çoxu şəxsi minik maşınlarını müvəqqəti olaraq burada saxlamalı oldiqda,onlara da cərimə yazırlar. Necə olur ki, DYP idarəsinin girişinin sağ-sol hissələrində piyadalar üçün keçid yerlərini, səkiləri müxtəlif özəl obyektlər, müxtəlif şəxsi maşınlar tutub. Bəs onlara niyə cərimə yazılmır? Burda-mikrorayon daxili yolun kənarında müvəqqəti dayanan maşınlara hansı qanunla cərimə yazılır? DYP əməkdaşları öz idarələrinin 20-30 metr məsafəsində asfalt yolların neçə aylardan bəri dağılmasını, çökəkliklər yaranmasını (nəqliyyat vasitələri keçməyə yol tapmırlar) görmürlər, gəlib bu mikrorayondaxili yolda dayanma-durma qaydasını, piyadalar üçün səkini bəhanə edib qanunsuz olaraq cərimələr yazırlar. Altıncısı həmin DYP əməkdaşı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək neçə günlərdir ki, buraya gəlib-gedən, müvəqqəti olaraq dayanan minik maşınlarının bəzilərinə cərimə protokollar vazır bəzilərinə isə yox? Bəlkə vəzifəsindən sui-istifadə edib şəxsi mənafe güdür. Yeddincisi həmin DYP əməkdaşı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qeyri-qanuni olaraq yazdığı cərimə protokolları ilə onların şəxsi büdcəsinə,ailə büdcəsinə ziyan vurur,uşaqlarının müxtəlif ehtiyaclarının (təhsil, qidalanma, geyim və s.) ödənilməsinə mane olur. Səkkizincisi həmin polis əməkdaşı vəzifə səlahiyyətlərini aşaraq, qeyri-qanuni olaraq yazdığı cərimə protokolları ilə bizim mənəvi, ruhi, sağlamlığımıza ciddi ziyan vurur, psixoloji sarsıntı keçirməyimizə səbəb olur, orqanizmdə müxtəlif xəstəliklərin yaranmasına (yuxusuzluğa, əsəbiliyə, təzyiqin artmasına,infarktın yaranmasına, insultun olmasına və s.) şərait yaradır. EQ 33966556 saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməyini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X6 bildirmişdir ki, avtomobilini oğlunun yaşadığı binanın arxasında saxlamış və cərimə olunmuşdur. Qeyd edir ki, avtomobilini həmişə orada saxlayır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobilini saxladığı yerdə piyadaların hərəkəti üçün əlavə yer mövcuddur. Piyadalar üçün olan yer və avtomobillərin saxlanlanıldığı yer arasında yer örtükləri fərqlidir. Şikayətini müdafiə edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33966556 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, Ceyhun Bayramov barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33966556 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 «LAND ROVER FREELANDER minik» markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İXM-in 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Elektron qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin nəqliyyat vasitəsinin arxa və içəri hissəsinin fotoşəkilləri çəkilmişdir. Azərbaycan Respublikasının İXM-in 346.9-cu maddəsinin dispozisiyasında nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə sürücülərə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, elektron qərara əlavə edilmiş şəkillərdən məlum olmuşdur ki, inzibati xəta hadisənin qeyd alındığı yerdə piyadaların hərəkəti üçün əlavə səki nəzərdə tutulmuşdur. Həmçinin, avtomobillərin dayandığı yer ilə yolun asfalt örtüyü fərqli olsa da, hündürlüyü eyni səviyyədədir. Avtomobillərin dayandığı yerin qarşısında piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki isə nisbətən hündürdə yerləşir. X1 avtomobili saxladığı yerin səki olmadığını təsdiq edir. Bununla da, A.Bayramov barəsində başlanmış İXM-in 346.9-cu maddəsi ilə başlanmış icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 40, 43, 50, 53, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 şikayəti təmin olunsun. DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33966556 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və X6 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X4 adına qeyd edilmiş xx.xx.2026-cı il tarixli EQ 33966556 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin, ona hesablanmış dəbbə pulunun və cərimə balının silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar