Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-65/2026 21.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhər DYPŞ-nin polis kapitanı X6, Qərardan şikayət vermiş şəxs X10 iştirakı ilə, Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində Sumqayıt şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt şəhər DYP İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixində tərtib edilmiş hadisə sxemi və verilmiş ekspertiza rəyi ilə razı deyil. Hadisə Sumqayıt şəhərində Corat abidəsindən 17-ci mikrorayon istiqamətində hərəkətdə olarkən, məscidi keçdikdən sonra 7 nömrəli məktəbə çatmamış dörd yolayrıcında baş vermişdir. Hadisədə ona məxsus “Chevrolet Cobalt”, dövlət qeydiyyat nişanlı **-YC-*** olan nəqliyyat vasitəsi iştirak etmişdir. Qarşı tərəfə məxsus “Nissan Sunny”, dövlət qeydiyyat nişanı **-BU-*** olan nəqliyyat vasitəsini idarə edən X2 daxil olaraq onun avtomobilinin arxa-sağ hissəsinə çırpılmışdır. Hadisə zamanı əsas yolla düz istiqamətdə hərəkətdə olub. Digər sürücü dar ara yoldan kəsişməyə daxil olarkən yol vermək öhdəliyini yerinə yetirməmişdir. Hadisə yerində tərtib edilmiş sənədlərdən məlum olmuşdur ki, qarşı tərəf sürücünün-X1 vəsiqəsinin müddəti bitmişdir. Buna baxmayaraq, o, nəqliyyat vasitəsini idarə etmişdir ki, bu da qanunvericiliyin tələblərinin pozulmasıdır. Qeyd etmək istəyir ki, onun avtomobilini vuran nəqliyyat vasitəsinin çıxdığı sağdan çıxan yolda əvvəllər “STOP” nişanı mövcud olmuşdur. Lakin bir müddət əvvəl həmin nişan başqa avtomobilin vurması nəticəsində zədələnmiş və götürülmüşdür. Buna görə hazırda bu istiqamətdə “STOP” nişanı olmasa da, yol faktiki olaraq ikinci dərəcəli yol hesab olunur və sürücü kəsişməyə daxil olarkən yol vermək öhdəliyini yerinə yetirməli idi. Hal-hazırda sol tərəfdən çıxan yol üçün “STOP” nişanı mövcuddur. Tərtib edilmiş hadisə sxemi onun izahatına uyğun deyil. Sxemdə nəqliyyat vasitələrinin real hərəkət trayektoriyası, toqquşma nöqtəsi və hadisənin başvermə mexanizmi düzgün göstərilməmişdir. Verilmiş ekspertiza rəyi ilə də razı deyil. Ekspertiza rəyi hər iki yolu eninin 15 metr olduğunu göstərmişdir, lakin faktiki ölçmələr bunun həqiqətə uyğun olmadığını təsdiqləyir: onun hərəkətdə olduğu yolun eni - 13 metr sağdan çıxan avtomobilin yolunun eni - 7 metr Bu ölçmələr xx.xx.2026-cı il tarixində hadisə yerində aparılmış və fotoşəkillərlə təsdiq edilmişdir. Hadisə nəticəsində sağlamlığa xəsarət yetirilməmiş, yalnız nəqliyyat vasitələrinə maddi zərər dəymişdir. Sumqayıt Şəhər DYP İdarəsi tərəfindən tərtib edilmiş hadisə sxemi etibarsız hesab edilərək ləğv edilməli, verilmiş ekspertiza rəyi ləğv edilməyini, faktiki ölçülərə əsaslanan təkrar ekspertiza təyin edilməsini, hadisə yerinə məhkəmə baxışı keçirilməyini və yol enləri yerində ölçülmək müəyyən edilməyini, hadisə yerinə yaxın TŞ (şəhər kameraları) görüntüləri tələb edilərək iş materiallarına əlavə edilməyini, iş üzrə materiallar yenidən, hərtərəfli və qərəzsiz qaydada araşdırılmağını xahiş edir. Məhkəmə iclasında iştirak edən X12 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış etmiş və bildirmişdir ki, xx.xx.2025-ci il tarixində saat 17:00 radələrində 10-cu mikrorayon istiqamətində nəqliyyat vasitəsini idarə edərkən, 4 yol ayrıcına daxil olarkən başqa avtomobil onun keçməsini gözləmədən onun avtomobilinin sağ arxa təkərindən vurmuşdur, lakin o, həmin yolu keçdikdən sonra avtomobilinin vurulduğunu bilmişdir. Qeyd edir ki, ekspertiza rəyi ilə razılaşmış, çəkilmiş yol-nəqliyyat hadisəsinin sxemi düzgün deyil. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin yolda baş yol və ya hərəkət üstünlüyünü bildirən hər hansı nişan olmamışdır. Digər avtomobilin saxlayıb yol verəcəyini zənn etmişdir. Digər şəxsin idarə etdiyi avtomobilli çıxdığı yolda əvvəllər “stop” nişanı olsa da, hadisə vaxtı olmamışdır. Məhkəmədən barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarın ləğv edilməyini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər DYPŞ-nin polis kapitanı X7 bildirmişdir ki, xx.xx.2025-ci il tarixində saat 17:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, M.Hüseynzadə və T.Kərimov küçələrinin kəsişməsində 2 avtomobil toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, hər 2 avtomobilin çıxdığı yol asfalt örtüklü olmuş və hər hansışərti nişan olmamışdır. Hər iki sürücü Sumqayıt şəhər DYPŞ-ə dəvət olunmuş, izahatları alınmış, onların iştirakı ilə yol-nəqliyyat hadisəsinin sxemi çəkilmiş və tərəflərindən imzalanmışdır. Daha sonra həmin materiallar videogörüntülərlə birlikdə məhkəmə ekspertizası məhkəməsinə göndərilmiş və rəy alınmışdır. Belə ki, sürücü nizamlanmayan yolayrıcısına daxil olarkən sürətini azaltmalı, sağdan və soldan başqa avtomobil gəlib-gəlməməsinə tam əmin olmalı, əmin olduqdan sonra yolayrıcına çıxmalıdır. Həmin yolda “stop” nişanı 5-6 il əvvəl olmuş, hazırda yoxdur. Buna görə də, olmayan yol-hərəkəti nişanına görə sürücünün dayanmasını tələb etmək olmaz. Protokolu müdafiə edir. İş materiallarında Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 həmin tarixdə “CHEVROLET COBALT LTZ MİNİK” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri, Corat qəsəbəsi, M.Hüseynzadə və T.Kərimov küçələrinin kəsişməsində yolayrıcınını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/2902 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Nissan Sunny markalı 50BU339 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdər tədqiq etməyə lüzum yoxdur. Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən Chevrolet Cobalt markalı 90YC241 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur İş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemi əlavə edilmişdir. İş materiallarına şikayətçi tərəfindən əlavə edilmiş videogörüntüyə əsasən həmin yol ayrıcında **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili istiqamətində hərəkətdə olan nəqliyyat vasitələri sol və sağ tərəfdən hərəkətdə olan nəqliyyat vasitələrinə yol verir. **- YC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu istiqamətdə hərəkət edən nəqliyyat vasitələri isə sağdan gələnlərə yol vermədən hərəkətlərinə davam edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 7675 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, sürücüdə alkoqol sərxoşluq vəziyyəti yoxdur. Müəyyən olunmuşdur ki, X12 xx.xx.2025-ci il tarixində “CHEVROLET COBALT LTZ MİNİK” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri, Corat qəsəbəsi, M.Hüseynzadə - T.Kərimov küçələrinin kəsişməsində yolayrıcını keçmə qaydalarının pozmuş, bununla da Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, DYPŞ tərəfindən qeyd edilən maddə ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Tərəflərin izahatına, iş materiallarına əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır, Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı isə qanuni və əsaslıdır. Aydın Səfərov tərəfindən verilmiş şikayətin dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: A.Səfərov əsas yolla hərəkət etdiyini bildirsə də, iş materialları ilə bu hal təkzib olunur. İzahatlardan və videogörüntüdən məlum olur ki, hər iki istiqamət üzrə yollarda üstünlük nişanı mövcud deyil. Həmçinin, kəsişən (bitişən) yollar bərk (asfalt) örtüyə malikdir. Qanunvericilikdə yolun dar olması səbəbindən yolayrıcına daxil olarkən yol vermək öhdəliyi müəyyən edilməmişdir; “Nissan Sunny” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sürücülük vəsiqəsinin müddətinin bitməsi, hazırkı yol-nəqliyyat hadisəsi ilə səbəbli-əlaqəsi mövcud deyil. Sürücülük vəsiqəsinin müddətinin bitməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur ki, G.Həmzəyev İXM-in 333.2-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. (TP 7753305); **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi yolda əvvəllər “STOP” nişanının olması, sonradan qəza nəticəsındə oradan götürülməsi, nişan olmasa da faktiki olaraq ikinci dərəcəli yol hesab olunması, həmçinin sol tərəfdən hərəkət edən avtomobillər üçün “STOP” nişanının mövcud olması Aydın Səfərov barəsində başlanmış icraata xitam verilməsi əsası hesab edilməməlidir. Belə ki, inzibati xəta hadisəsinə həmin vaxt ərazidə mövcud olan yol nişanlarına uyğun qiymət verilməlidir. Hadisədən əvvəl və ya hadisədən sonra həmin ərazidə sürücülərin yol ayrıcını hansı formada keçməsi hazırkı mübahisənin predmetinə aid deyil; Yol-nəqliyyat hadisəsinin sxemində real hərəkət teaktoriyası, toqquşma nöqtəsi, hadisənin baş vermə mexanizmi düzgün göstərilmiş, həmin sxem sürücülər və hal şahidləri tərəfindən imzalanmışdır. Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin edilərkən müvafiq iş materialları, hadisənin videogörüntüsü əlavə edilmiş, tədqiqat həmin materiallara əsasən aparılmışdır; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 100 manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X10 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X10 şikayəti təmin edilməsin. Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-65/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-65/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver