Məhkəmə qərarları › İş №3(5-155)-657/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-657/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-657/2026 05.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru – X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1978-ci ildə Gədəbəy rayonu, Çayrəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən 05 mart 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5994/2025 saylı, xx.xx.2026-cı il tarixli icra sənədi üzrə borclu Şəxs yaranmış 1254 manat aliment borcunu üzrsüz səbəbdən ödəmir. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2026-cı ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5994/2025 saylı, 2025-ci il tarixli qərarına əsasən Şəxs tərəfindən 250 manat və üç il müddətinə 50 manat olmaqla, ümumilikdə 300 manat ödəniş etməlidir. Aliment borcu xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Həmin müddətdə müvəqqəti təminat tədbiri verilmiş və borclu tərəfindən həmin məbləğ ödənilmişdir. Həmçinin fevral ayı üçün 300 manat da ödənilmişdir, qəbzlər təqdim olunmuşdur. Yığılan borc avqust ayından fevral ayına qədər olan borcdur və 1254 manatdır. Borclu çağırışlara gəlir, fərdi əməklə məşğuldur, ödənişləri edir, sadəcə yığılan 1254 manat borcu tam şəkildə ödəməyə imkanı yoxdur. Lakin tələbkar borcu tam şəkildə tələb etdiyindən borclu barəsində protokol tərtib edilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, borclu ödəniş etsə də həmin məbləğlə kommunal xərcləri də ödəyir, bu səbəbdən çatdıra bilmir, özü işləmir. Bu ikinci ailəsi olmuş, birinci ailəsindən ayrılmış və ona görə də 200 manat aliment alır. Hazırda tələbi borcun tam ödənilməsidir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, evdə 6000 manat pulu vardır, lakin onu evdən qovduqlarından o pulu götürə bilmir, qalacaq yeri yoxdur, işləmir, Qubada iş götürmüşdür, nə qazansa onu da verəcəkdir, keçən ay 300 manat ödəniş etmişdir, yenə də ödəniş edəcəkdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin icra sənədinin icrasından yayınmadığını və qərəz olmadığını bildirərək yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5994/2025 saylı, xx.xx.2026-cı il tarixli icra sənədinə əsasən 19 fevral 2025-cl il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.625 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulmasının başlanğıcı xx.xx.2025-ci tarixdən hesablanmalı (müvəqqəti təminat tədbiri barədə 16(060)-281/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardada əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək edilmiş aliment ödənişləri nəzərə alınmaqla), xx.xx.2025-ci il tarixdən başlayaraq 19 fevral 2025-ci il təvəllüdlü X6 3 yaşına çatanadək, yəni xx.xx.2028-ci il tarixədək Şəxs hər ay 50 manat məbləğində aliment (yardım) tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarından görünür ki, icraata başlamaq haqqında qərar və bildiriş rəsmi qaydada xx.xx.2026-cı il tarixdə Şəxs təqdim edilmişdir. Məhkəmə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 528.1-cı maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs aylıq ödənişlər etməsi, qalan məbləği ödəməsi barədə öhdəlik götürməsi və gələcəkdə də ödənişlər etməkdən imtina etməməsi onun qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmadığını göstərir. Qeyd edilən hallar icra məmuru, tələbkar və özünün izahatı ilə də təsdiq olunur. Həmçinin hazırki borc məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək yığılmış borcdur və icra sənədi üzrə icraata xx.xx.2026-cı il tarixdə başlanılmış, borclu şəxs xx.xx.2026-cı il tarixdə icraata başlama haqqında qərar və bildirişlə tanış olmuşdur. Qanunvericiliyin məqsədi hər bir halda borclu şəxsi cəzalandırmaq deyil, onun icra sənədi üzrə müəyyən edilmiş alimenti vaxtında hər ay ödəməsini təmin etmək və bunun üçün borcluya zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. -8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. - 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. -528.1-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. - 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin: - 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. -66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 05 saata görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar