Məhkəmə qərarları › İş №3(5-155)-658/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-658/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-658/2026 05.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs, xx.xx.1985-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali-hərbi təhsilli, evli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X2 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 05 mart 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3 izahatında bildirmişdir ki, 2023-cü il tarixdən birlikdə yaşadıqları dövrdə ailədə mütəmadi olaraq münaqiələr baş verir. Daxili İşlər Nazirliyində münaqişəli ailə kimi qeydiyyatdadırlar. Sonuncu dəfə xx.xx.2026-cı il tarixdə yenə aralarında münaqişə baş vermiş, Şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs sifət və bədən nahiyələrinə vuraraq ona bədən xəsarəti yetirmiş, qeyd olunan əməldə İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmədən şəxsin islah olunması üçün ona cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, hadisə xx.xx.2026cı il tarixdə baş vermiş, ona bədən xəsarəti yetirsə də tibbi müayinədən keçməkdən imtina etmişdir. Mütəmadi olaraq ailədə münaqişələr baş verir, hər zaman ona güzəşt edir, onun bu hərəkətlərinə görə onkoloji xəstəlik tutmuşdur. Həmin tarixdən sonra danışmadıqlarına görə başqa münaqişə baş verməmişdir. Ona cəza verilməsini istəmir, sadəcə bu hərəkətlərin bir daha təkrarlanmamasını istəyir. Məhkəməyə ərizə təqdim edərək onu bağışladığını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, söz-söhbət yaranmış, özünü idarə edə bilməmiş, hadisə baş vermişdir. Aprel döyüşlərində iştirak etmiş, ondan sonra əsəbləri pozulmuşdur və müalicə alır. Əməlindən peşmandır. Bir daha təkrarlanmayacaqdır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hazırda hüquqlarını müdafiə etdiyi şəxs zərərçəkmiş şəxslə barışdığı üçün barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış NK-1/360 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Qərarın nüsxəsi həmin fakt üzrə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin (döymə və ya sair zorakı hrəkətlərlə fiziki ağrı yetirmə) tərkibi olduğundan, inzibati xəta törətmiş Şəxs barəsində inzibati qaydada tədbir görülməsindən ötrü Sumqayıt ŞPİ-nin 3-cü PB-yə göndərilmiş, ünvan 3 ünvanında yaşayan Quliyevlər ailəsi Sumqayıt ŞPİ-nin 3-cü PB-də münaqişəli ailə kimi qeydiyyata götürülmüş və qərarın icrası Sumqayıt ŞPİ-nin 3-cü PB-nin aidiyyəti xidmət sahəsinə həvalə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Lakin iş üzrə icraata xitam verilməsi və Şəxs məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxs Şəxs ilə barışmasını və sonuncuya qarşı hər hansı şikayət və tələbinin olmamasını bildirmiş, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 114.1.4, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar