Məhkəmə qərarları › İş №3(5-155)-662/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-662/2026

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-662/2026 06.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs1 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Şəxs2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə, Zəngilan rayonu, Cahangirbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Zəngilan rayonu, Cahangirbəyli ərazi dairəsi, Cahangirbəyli kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi, Qaçqınlar şəhərciyində yaşayan (FİN: xxxxxxx) Şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2485402 nömrəli protokola əsasən borclu Şəxs1 Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(034)-636/2025 nömrəli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokola uyğun olaraq izahat vermiş və bildirmişdir ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(034)-636/2025 nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs1 ilə əlaqə saxlanılmağa çalışsalar da, mümkün olmamış və o icra idarəsinə gəlməmişdir. xx.xx.2026-cı il tarixdə bir neçə dəfə zəngdən sonra borclu icra idarəsinə gəlmiş və ona tələbin könüllü icrası ilə bağlı bildiriş, eyni zamanda ödəniş etməsi üçün tələbkarın kart hesabı ona rəsmi olaraq təqdim edilmişdir. Borclu Şəxs1 500 manat ödəniş etmiş və aylıq olaraq da 500 manat ödəniş edərək borcunu bağlayacağını bildirmişdir. Belə ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(034)-636/2025 nömrəli icra sənədi üzrə əmək haqqının 0,6 misli, yəni 240 manat olmaqla aliment məbləği müəyyən edilmiş və aylıq 500 manat ödəniş etdikdə mart ayında borcu yekunlaşacaqdı. Lakin, borclunun telefon nömrəsinə sms-bildiriş göndərilməsi və həmin bildirişin çatdırıldı statusunda olmasına baxmayaraq borclu icra idarəsinə gəlməkdən və borcu ödəməkdən yayınmışdır. Bu səbəbdən Şəxs1 barəsində axtarış qərarı qəbul edilərək Sumqayıt Şəhər Polis İdarəsinə göndərilmiş və barəsində axtarış işi açılmışdır. Yalnız polisin axtarışından sonra 20 manat və 15 manat olmaqla ödəniş etmişdir. Hazırda borclu Şəxs1 825 manat aliment borcu və 100 manat dövlət rüsumu olmaqla, ümumilikdə 925 manat borcu vardır. Göstərilənlərə əsasən məhkəmədən protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs1 özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs 2025-ci ilin sentyabr ayından boşanmaq üçün müraciət etmişdir. Lakin, onun 3 ay sonra aliment məbləğindən və ödəniş kartından məlumatı olmuşdur. xx.xx.2026-cı il tarixdə ona icra idarəsindən zəng etmişlər və o, icra idarəsinə yaxınlaşaraq 500 manat ödəniş etmişdir. Ondan sonra icra idarəsindən ona zəng gəlmiş və o, idarəyə sabah yaxınlaşacağını bildirsə də, səhhətiylə bağlı problem olduğu üçün gedə bilməmişdir. Bu səbəbdən də barəsində axtarış qərarı qəbul edilmişdir. Axtarış qərarı qəbul edildikdən sonra o, yenidən icra idarəsinə yaxınlaşmışdır. Ödənişləri isə fevral ayında işləmədiyi üçün ödəyə bilməmişdir. Hazırda ona vaxt verilərsə, 200 manat ödəyə biləcəyini, tam məbləğdə ödəniş etməyə maddi imkanın olmadığını bildirmişdir. Məhkəmədən ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs1 qərəzli olaraq uşağın haqqını ödəməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə boşanmaq üçün məhkəməyə müraciət etmiş, oktyabrın ayının 5-də isə evdən çıxmışdır. O vaxtan atasıgildə yaşayır. Məhkəmənin qərarı ilə Şəxs1 tərəfindən aylıq 240 manat olmaqla ödəniş müəyyən edilmişdir. Şəxs1 isə sentyabrdan mart ayınadək yalnız bir dəfə 500 manat olmaqla ödəniş kartına ödəniş etmişdir. Uşağının xəstə olması ilə bağlı müalicəyə ehtiyacı vardır və o, aliment ödənişini tələb etdikdə Şəxs1 ona ödəyə bilmədiyini, iş məhkəməyə getdikdə həbs olunacağını bildirmiş və qərəzli şəkildə ödəməkdən boyun qaçırmışdır. Məhkəmədən ödənişlərin tam şəkildə ödənilməsini tələb etdiyini, əks halda Şəxs1 barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili Şəxs2 müdafiə etdiyi Şəxs1 birdəfəlik 500 manat ödəniş etdiyini və hazırda 200 manat ödəmək imkanında olduğunu bildirmiş və məhkəmədən protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(034)-636/2025 nömrəli icra sənədinə əsasən xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs1 Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Tələbin könüllü icra edilməsi barədə xx.xx.2025-ci il tarixdə bildiriş tərtib edilərək Şəxs1 tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2026-cı il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs1 icra sənədi üzrə Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıması ilə bağlı xəbərdarlıq edilmiş və həmin tarixdə də Şəxs1 tərəfindən qəbul edilmişdir. “Elektron icra” İnformasiya sistemi vasitəsilə göndərilmiş sms-bildirişdən görünür ki, borclu Şəxs1 xx.xx.2026-cı il tarixdə icra idarəsinə çağırılması barədə məlumat göndərilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs1 barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(034)-636/2025 nömrəli icra sənədinə əsasən xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs1 Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən edilmiş, iş üzrə xx.xx.2025-ci il tarixdə tələbin könüllü icra edilməsi barədə bildiriş qəbul edilmiş, çağırışlardan yayındığı üçün barəsində axtarış qərarı qəbul edilmişdir. Məhkəmə iclasında borclu hazırda 200 manat ödəmək imkanının olduğunu bildirmiş və məhkəmədən ona vaxt verilməsini xahiş etmişdir. İşin təsviri hissəsində göstərilən hallardan görünür ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs1 barəsində olan icra sənədini qanunla müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu barəsində təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Məhkəmə hesab edir ki, Şəxs1 qanuni qüvvəyə minmiş məhkəmə aktı üzrə borcunu ödəməməsi, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs1 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, borclu Şəxs1 işləmədiyi üçün borcunu ödəyə bilmədiyini söyləsə də, qeyd edilən hal onun qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə icra məmurunun tələblərini yerinə yetirmək öhdəliyinin icra edilməsindən azad etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Məhkəmə iclasında İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs1 şəxsiyyətini, təqsirinin dərəcəsini, icra sənədi üzrə tələbin pul məbləği ilə bağlı olduğunu, icra sənədi üzrə borc məbləğinin həcmini nəzərə alır və belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 12:40-dan hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil Şəxs2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 12:40-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil Şəxs2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar