Məhkəmə qərarları › İş №3(5-155)-68/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-68/2026

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-68/2026 13.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1997-ci ildə Xızı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510cu maddəsi 13 yanvar 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasə Şəxs xx.xx.2025-ci il tarixdə sərxoş halda Sumqayıt şəhəri İQŞ-də “Araz” marketin yaxınlığında öz qohumu ilə mübahisə etmiş, həmçinin nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi X2 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs AR DİN-in 102 xidməti mərkəzinə müraciət edərək və Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə saat 14:35 radələrində Sumqayıt dairəsində özünəməxsus olan **-MH-*** dövlət qeydiyyat nişanlı, “Xəzər” minik markalı nəqliyyat vasitəsilə müştəri götürmək üçün dayanmış, bu zaman tanışı olan Şövqü ona yaxınlaşaraq kartına səhvən atdığı 50 manat pulu geri qaytarmasını istəmişdir. O da Şövqüyə həmin pulu ertəsi gün atacağını bildirmiş və Şövqü də bununla razılaşmışdır. Daha sonra arxa qapı açılaraq qiyabi formada tanıdığı Ağaməhəmməd adlı şəxs avtomobilə minmiş və onun üz nahiyyəsinə zərbə endirmişdir. Daha sonra sonuncu nəqliyyat vasitəsindən enərək Vüsalın sağ və sol qarın nahiyyəsinə zərbə endirmişdir. Bununla bağlı tərəfindən müvafiq inzibati araşdırma aparılmış və Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, Vüsal və Şövqü də həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə o, tanışı Şövqüdən hospitala getmək üçün 100 manat borc istəmiş, Şövqü də həmin pulu onun kartına atdığını bildirmişdir. Lakin o, kartına baxanda həmin məbləğin onun kartına gəlmədiyini Şövqüyə demişdir. Şövqü kartına nəzər saldıqda pulu səhvən Vüsalın kartına atdığını görmüşdür. O, Vüsala zəng edərək pulu onun kartına atmasını xahiş etmişdir. Lakin, bir neçə saat keçməsinə baxmayaraq Vüsal pulu onun kartına göndərməmişdir. Buna görə də o, Vüsala öz iradını bildirmiş və sonuncu onun ünvanına nalayiq ifadə işlətmişdir. Bu zaman o, Vüsalın yaxasından tutmuş və onları Şövqü ayırmışdır. O, Vüsala hər hansı xəsarət yetirməmişdir. Göstərilən halları, həmçinin müharibə veteranı olmasını və himayəsində bir azyaşlı uşağının omasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin müharibə veteranı və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışlardan görünür ki, Şəxs müharibə veteranıdır və himayəsində bir azyaşlı uşağı var (xx.xx.2022-ci il təvəllüdlü uşaq). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirildi. Onun əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi mövcuddur, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müharibə veteranı olmasını və himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, yəni müharibə veteranı olmasını və himayəsində azyaşlı uşağının olmasını, məsuliyyətini ağırlaşdıran halların isə olmamasını nəzərə alıraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar