Məhkəmə qərarları › İş №3(5-155)-686/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-686/2026

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-686/2026 06.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 5-ci PB-in sahə rəisi Eldar Abdullayevin, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 5, otaq 85 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıl dərə, fərdi ev ünvanında yaşayan, FİN (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-in sahə rəisi Eldar Abdullayev Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 06 mart 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 13:00 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-in sahə rəisi Eldar Abdullayev izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 13:00 radələrində Şəxs və keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs arasında mübahisə baş vermiş və Şəxs Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Buna görə də, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, iş üzrə özünü təqsirli bilmir. O, həyat yoldaşından ayrılmış, buna görə də onun evdən çıxması üçün Polis Bölməsinə şikayət etmişdir. Həyat yoldaşı da “Asan Xidmət”-ə getmək adı ilə evdən çıxmış, 2 nömrəli avtobusa minərək başqa yerə getmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, həyat yoldaşı ondan indiyədək 2 dəfə şikayət etmişdir. Belə ki, 1-ci şikayətdə həyat yoldaşı onu bağışlamış, 2-ci şikayətdə isə üzərinə elektron nəzarət vasitəsi qoyulmuşdur. Həyat yoldaşını cəmi 2 dəfə vurub. xx.xx.2026-cı il tarixində evdən çıxarmağa görə mübahisə olmuş və Zərərçəkmiş şəxs vurmuşdur. Hadisə baş verən günü xatırlayır. Belə ki, xx.xx.2026-cı il tarixdə Zərərçəkmiş şəxs evdən çıxmasını bildirmiş, sonuncu da ona qarşı nalayiq ifadələr işlətmişdir. Buna görə Zərərçəkmiş şəxs başına əlindəki telefonla yüngül vurmuşdur. Bundan sonra Günel saçını yolmağa başlamış, çölə qaçmışdır. Həmin gün spirtli içki qəbul etməmişdi. Məhkəmədən təqsirsiz olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2026-cı il, günorta saat 12 radələrində Şəxs evə içkili vəziyyətdə gələrək yatmış və ona “oyananda səni evdə görməyim” demişdir. Bundan sonra oyanmış, evdən çıxmadığı üçün onu döymüşdür. Şəxs onun boğazından tutaraq yerə yıxmış, saçından tutaraq yerdə sürümüş və əlindəki telefonla onun başına vurmuşdur. Bu vaxt qapını kilidləmiş və 8 yaşındakı oğlu qapı arxasında qalmışdır. Bundan sonra o, qonşunun evinə qaçmış, evdə balaca uşaqdan başqa heç kim olmamış, orada da Şəxs onu döymüş, bundan sonra DİN-in 102 xidmətinə müraciət etmişdir. Samir onun başına telefonla çox vurmuşdur. Həmçinin, aralarındakı mübahisə çoxdan var. Samir onunla bir evdə yaşamaq istəmədiyini bildirmişdir. Qərar qəbul edilməsini məhkəməni mülahizəsinə buraxır. Məhkəmə iclasında müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, zərərçəkmiş şəxsin ifadəsində ekspert rəyinə əsasən ziddiyyətlər var. Tərəflər arasında yüngül mübahisə baş vermişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 06 mart 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 13:00 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan xx.xx.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, araşdırılan faktda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti Sumqayıt ŞPİ 5-ci PB-yə təqdim edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, 2012-ci il tarixdən Zərərçəkmiş şəxs ilə rəsmi nikahla ailə həyatı qurmaqlarına baxmayaraq 2026-cı ilin yanvar ayında rəsmi qaydada boşanmışdırlar. Evliliklərindən iki övladı var. Boşandıqdan sonra bir evdə yaşamağa məcbur olduqlarından davamlı olaraq münaqişələr yaranırdı. Sonuncu dəfə xx.xx.2026- cı il tarixdə saat 13:00 radələrində yaşadıqları ünvanda olan zaman yatmışdı, yatmazdan əvvəl Günelə çıxıb getməsini bildirmişdi, yuxudan oyandıqda onu evdə görüb əsbələşd, üzərinə cumaraq evin içində yerə yıxıb telefonla baş nahiyəsinə zərbələr vurdu, daha sonra sakit durmağını bildirdi, qapınını açıb və evdən çıxıb getməyini bildirib özü də oradan çıxıb getdi. İş materiallarında olan xx.xx.2026-cı il tarixli 225 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ çiyin nahiyyəsinin, boyunun ön-sol aşağı 1\3-nin qançırları. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən 2-3 gün əvvəl əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə 14.02.26-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, məhkəməyədək araşdırma müddətində və məhkəmə iclasında zərərçəkmiş şəxsin verdiyi izahatları, ekspert rəyi və işdə olan digər sənədlərlə Şəxs təqsirliliyi tam sübuta yetirilir. Şəxs izahatları özünümüdafiə xarakterli olmaqla işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Bundan başqa məhkəmə qeyd edir ki, barəsində icraat aparılan şəxs özünü təqsirli bilməsə də, izahatında əlindəki telefonla Zərərçəkmiş şəxs başına vurduğunu bildirmişdir. Həmin əməlin özü də İXM-in 157-ci maddəsinin tərkibi kimi, yəni qəsdən fiziki ağrı yetirmə kimi qiymətləndirilə bilər. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də, Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci və 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətaların xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli və inzibati həbsin əvvəli xx.xx.2026-cı il, saat 17.00-dan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli xx.xx.2026-cı il, saat 17.00-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar