Məhkəmə qərarları › İş №3(5-155)-694/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-694/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-694/2026 17.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Qərarından şikayət verilən Sumqayıt şəhər X6 Şöbəsinin yol patrul xidməti inspektoru, polis kapitanı X3, Şikayət verən şəxs Qasımov Xalıqverdi Allahverdi oğlunun iştirakları ilə, Sumqayıt şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Qasımov Xalıqverdi Allahverdi oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qasımov Xalıqverdi Allahverdi oğlu Sumqayıt şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Qasımov Xalıqverdi Allahverdi oğlu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 (qırx) manat məbləğində cərimə olunub. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı qatarın hərəkəti ilə bağlı heç bir xəbərdarlıq edilməmişdir. Həmçinin, avtomobil yolu qatarın hərəkəti ilə bağlı olaraq bağlanmamışdır. Həmçinin, qarşıda dayanmış başqa avtomobillə əlaqədar olaraq qatarın yaxınlaşmasını görmək mümkün olmamışdır. Bu səbəblə də hesab edir ki, baş vermiş hadisədə onun təqsiri olmadığından cərimə olunmağı tamamilə əsassızdır. Məhkəmədən barəsində xx.xx.2026-cı il tarixində tərtib edilmiş inzibati xəta haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs Qasımov Xalıqverdi Allahverdi oğlu şikayətini müdafiə edərək bildirmişdir ki, onun əsas şikayəti teplavozdandır, həmin vaxt teplovozu idarə edənin əlində bir bayraq olmalı idi, siqnal verməli idi. Onu işdən sıxırlar, deyirlər ki, get ver məhkəməyə dəymiş ziyanı tələb et. Həmin vaxt orada bir yük maşını dayanmış, qəza işıqlarını da yandırmışdı. O elə zənn etmişdir ki, həmin avtomobil xarab olub, həmin vaxt fikirli olmuş və yolu keçən zaman teplovoz onun idarə etdiyi maşını vurmuşdur. Nəticədə, dövlətin maşınına ziyan vurulub. Həmin ərazidə qatarın keçməsi ilə bağlı işarə olub. O, gözləmədən keçmiş və qatar gəlib onun avtomobilini vurmuşdur. Maşına xeyli miqdarda ziyan dəyib, işdən də onu sıxırlar ki, maşını düzəltsin. Göstərilənlərə əsasən məhkəmədən protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən şəxs Sumqayıt şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X4 bildirmişdir ki, vətəndaşın onlardan narazıçılığı yoxdur, sadəcə onların rəhbərliyinin onu sıxdığını bildirir, deyir sadəcə yerdəyişmə edək teplovozun sürücüsünə cərimə yazaq, onun sığortası şəxsin maşınını təmir etsin. Bu isə qeyri-mümkün olan bir şeydir, qayda pozuntusu gözlə görünür, bununla bağlı videogörüntü də mövcuddur. Şəxs bildirir ki, orada şlaqbaum olmalı və siqnal verilməlidir, lakin həmin dəmiryolu keçidi şlaqbaumsuz dəmiryolu keçididir. Həmin ərazidə bir neçə dəmiryolu ilə bağlı nişanlar var ki, sürücü həmin nişanların hamısının tələbini pozmuşdur. Buna görə də şəxs barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən protokol tərtib olunmuşdur. Məhkəmədən protokolu müdafiə etdiyini və qərarın dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, Qasımov Xalıqverdi Allahverdi oğlu xx.xx.2026-cı il tarixdə saat 10:00-da Sumqayıt şəhəri 29-cu km ərazisində Kamaz 43253 Ş-də KC35719 xüsusi təyinatlı markalı 99JP104 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qasımov Xalıqverdi Allahverdi oğlu xx.xx.2026-cı il tarixdə Sumqayıt şəhəri, 29-cu km ərazisində Kamaz 43253 Ş-də KC35719 xüsusi təyinatlı markalı 99JP104 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə əməl etməmiş, nəticədə onun idarə etdiyi avtomobil teplovoz tərəfindən vurulmuşdur. İş materiallarında olan X1 Şəhadətnaməsinə əsasən müəyyən olunur ki, Kamaz 43253 Ş-də KC35719 xüsusi təyinatlı nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" ASC-dir. İş materiallarında olan “Yük nəqliyyatı üçün yol vərəqəsi”-ndən görünür ki, nəqliyyat vasitəsinin idarə edilməsi Qasımov Xalıqverdi Allahverdi oğluna verilmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemindən də hadisənin Qasımov Xalıqverdi Allahverdi oğlunun qaydaları pozması nəticəsində baş verməsi açıq-aydın görünür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli qərara əsasən Qasımov Xalıqverdi Allahverdi oğlu xx.xx.2026-cı il tarixdə saat 10:00-da Sumqayıt şəhəri 29-cu km ərazisində Kamaz 43253 Ş-də KC35719 xüsusi təyinatlı markalı 99JP104 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmuş və bunun nəticəsində qəza baş vermişdir. Qeyd edilən səbəbdən də hazırda mübahisələndirilən qərarla Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. X2 Allahverdi oğlunun qeyd edilən qaydaları pozması və bunun nəticəsində qəzanın baş verməsi həm onun özünün izahatı ilə, həm də məhkəməyə təqdim edilmiş videogörüntülərlə və digər sənədlərlə açıq-aydın görünür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan Qasımov Xalıqverdi Allahverdi oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Qasımov Xalıqverdi Allahverdi oğlunun şikayəti təmin edilməsin. Sumqayıt şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar