Məhkəmə qərarları › İş №3(5-155)-70/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-70/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-70/2026 22.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, X1 iştirakları ilə, Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 11 yanvar 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 11 yanvar 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 11 yanvar 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur. Lakin, o, piyada keçidini keçərkən piyada yolun hərəkət hissəsində əks istiqamətli nəqliyyat axınlarını ayıran qoşa xəttin onun hərəkət istiqamətində deyil, qoşa xətdən əks istiqamətdə gələn nəqliyyat axınlarının hərəkət zolağında olmuşdur. Onun hərəkəti davam etdirməsi piyadanın hərəkətini davam etdirməsinə, yaxud yenidən hərəkətə başlamasına və ya hərəkət istiqamətini, surətini dəyişdirməsinə məcbur etməmişdir. O, polis əməkdaşına bu halları izah etmiş və qayda pozuntusu etmədiyini bildirmişdir. Lakin, buna baxmayaraq onun mobil nömrəsinə cərimə tətbiq edilməsi barədə bildiriş gəlmişdir. O, polis idarəsinə getmiş və video görüntünü tələb etmişdir. Polis əməkdaşı video görüntünü ona göstərə biləcəyini, lakin onun telefonuna video görüntünü ata bilməyəcəyini bildirmişdir. Bir neçə saatdan sonra video görüntüyə baxmaq üçün polis idarəsinə getmiş və həmin görüntüyə baxmışdır. Video görüntüdən də onun piyadanın hərəkətinə mane olmaması görünür. Məhkəmə iclasında iştirak edən X4 ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 11 yanvar 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2026-cı il tarixdə saat 14:18-də “Ford Fusion” minik markalı, **-ZL-*** dövlət nişanlı avtomobili Sumqayıt şəhəri, Babək küçəsində idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol vermədiyinə görə Azərbaycan Respublikası İXM-in 333.0.1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Babək küçəsində nizamlanmayan piayda keçindindən piyadalar keçərkən “Ford Fusion” minik markalı, **- ZL-*** dövlət nişanlı avtomobil piyada keçidini keçmişdir. “Ford Fusion” minik markalı, **- ZL-*** dövlət nişanlı avtomobil piyada keçidini keçərkən piyadaların avtomobilin keçdiyi yerə çatmasına təxmini 2 metr qalmışdır. Məhkəmə qeyd edir ki, indiki vəziyyətdə piyada keçidində hərəkətdə olan piyadaların sürətini və istiqamətini dəyişməməsi “Ford Fusion” minik markalı, **-ZL-*** dövlət nişanlı avtomobilin onlara yol verməsi kimi qiymətləndirilə bilməz. Belə ki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən sürücünün hərəkətini davam etdirməsi digər hərəkət iştirakçılarının hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur etməsi yol verməmə kimi qiymətləndirilir. İndiki halda “Ford Fusion” minik markalı, **-ZL-*** dövlət nişanlı avtomobilin piyada keçidində hərəkətini davam etdirməsi normal və təhlükəsiz hərəkət baxımından piyada keçidində olan piyadaları dayanmağa məcbur etmişdir, lakin piyadaların hərəkətlərini dayandırmadan yolu keçmələrinə davam etməsi yolda təhlükəli vəziyyət yaratmışdır. Belə ki, piyada keçidində azyaşlı uşaqlarla hərəkətdə olan piyadalar avtomobilə təxmini 2 metr, yəni çox az qalmış “Ford Fusion” minik markalı, **-ZL-*** dövlət nişanlı avtomobil piyada keçidində onların bilavasitə qarşısından keçmişdir. Nəticə etibarı ilə “Ford Fusion” minik markalı, **-ZL-*** dövlət nişanlı avtomobilin piyada keçində hərəkətini davam etdirməsi orada hərəkət edən piyadalar üçün təhlükə yaratmışdır. Qeyd edilməlidir ki, qanunvericilikdə müəyyən edilmiş “yol vermə” anlayışı hərəkətini davam etdirən və ya manevr edən hərəkət iştirakçısının mütləq şəkildə digər hərəkət iştirakçılarının hərəkət istiqamətini və ya sürətini dəyişdirməsini deyil, buna məcbur etməsini ehtiva edir. Yəni, ola bilər ki, digər hərəkət iştirakçıları təhlükəsiz hərəkət baxımından hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur olsun, lakin hərəkət istiqamətini və ya sürətini dəyişdirməsin və nəticədə təhlükəli vəziyyət yaranmış olsun. Qeyd edilən sonuncu hal da yolda hərəkət təhlükəsizliyinin və yol-hərəkəti qaydalarının pozulması kimi qiymətləndirilməlidir. Beləliklə də, işin məhkəmə araşdırması zamanı X2 “Ford Fusion” minik markalı, **- ZL-*** dövlət nişanlı avtomobili idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməsi və beləliklə də Azərbaycan Respublikası İXM-in 333.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 11 yanvar 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 41-ci bəndinə əsasən yol vermək – sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Həmin Qanunun 54-cü maddəsinin İ hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsinə əsasən sürücü tərəfindən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 11 yanvar 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 11 yanvar 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar