Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-700/2026 10.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Ermənistanın Gorus şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, tikinti şirkətində usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Xəzər rayonu, Buzovna qəsəbəsində kirayə evdə yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-18818/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə 5634 manat aliment borcunu ödəməkdən qəsdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə borclu və tələbkar arasında 2023cü ildə razılıq əldə olunmuş və həmin vaxtdan bəri 3 il ərzində borclu hər ay 250 manat aliment ödənişi etmişdir. Həmçinin, borclu bu ayın 250 manat aliment ödənişini də etməyə hazırdır. Lakin borclunun əvvəlki illərdən 5634 manat borcu var. Hazırda uşaqların hər ikisi yetkinlik yaşına çatmışlar. Borclu ilə tələbkar arasında razılıq 2023-cü ilin oktyabr ayında əldə olunmuşdur. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, iş üzrə özünü təqsirli bilmir. "xxxx" MMC tikinti şirkətində usta işləyir və aylıq gəliri 450 manatdır. İndiyədək borcundan hər ay 250 manat ödəmişdir. Bu ayın aliment ödənişi də hazırda üzərindədir və tələbkara verə bilər. Mart ayının 2-si oğlunun 18 yaşı olmuşdur. Böyük oğlu isə indi hərbi xidmətdədir, bu il gəlməsinə və 18 yaşı keçən il tamam olmasına baxmayaraq onun üçün də hər ay aliment ödənişi edir. Borc məbləğinin yaranma səbəbi isə 2016-cı ilin mayın 18-də cəzaçəkmə müəssisəsindən çıxması olmuşdur. Həmin vaxt 6000 manat borcu var idi, hər ay 100-150 manat olmaqla az miqdarda ödənişlər edirdi. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda tələbkara 250 manatı verə bilər. Məhkəmədən hər ayın 10-dan gec olmamaq şərti ilə tələbkara ödəniş edəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, borclunu cəzaçəkmə müəssisəsində olarkən yox, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra məhkəməyə vermişdir. Borclu aliment ödənişi etmirdi, həmçinin 100-120 manat ödəyirdi deyə ondan şikayət etmişdir. Daha sonra aralarında 2023-cü ildə razılıq əldə olunmuş və həmin vaxtdan sonra hər ay 250 manat olmaql aliment ödənişlərini etmişdir. Lakin o, 250 manat ödənilməsinə razı deyil. Borclunun bu günə olan aliment borcu 5634 manatdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2023-cü ildən bəri borcludan şikayət etməyib, yalnız bu gün şikayətlə müraciət etmişdir. Məhkəmədən işinə baxılmasını, borcu ödənilmədiyi halda yenidən məhkəməyə müraciət edəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 izahatında bildirmişdir ki, borclunun 3 il ərzində mütəmadi olaraq ödənişlər etməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2016-cı il tarixçən başlayaraq hər ay, hər bir uşaq üçün 117 manat olmaqla, ümumilikdə 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, tələb olunan 250 manat məbləği hər ay ödəmişdir. İcra sənədi üzrə bu günədək 2800 manat ödəmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, Şəxs bu günə olan aliment borcu 5634 manat təşkil edir. Barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, borclu ilə razılaşıb, borclu hər ay mütəmadi ödəniş edir. Borclu barəsində məcburi icra tədbirlərinin dayandırılmasını xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, borclu Şəxs ilə razılığa gəlib. Borclu ona hər ay 250 manat aliment ödənilməsinə söz verib. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə razılaşmışlar, hər ay 250 manat ödəyəcəyinə dair söz verib. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixində tələbkar və borclu aylıq 250 manat ödənilməsi ilə bağlı razılığa gəlmiş, borclu həmin razılığa əməl etmişdir. xx.xx.2026-cı il tarixində, yəni məhkəmə iclası keçirilən günü tələbkarın icra idarəsində 5634 manat aliment borcunu tələb etməsi onun hüququ olsa da, bu hüququn tələbi borclunun əməlində İXM-in 528.1-ci maddəsinin tərkibini yaratmır. Çünkü 3 ildən artıq müddət ərzində borclu əldə edilmiş razılığa əməl etmiş, tələbkarın isə bundan hər hansı şikayəti olmamışdır. Bundan başqa məhkəmə iclası zamanı borclu və tələbkar arasında yenidən hər ay 250 manat ödənişin edilməsi ilə bağlı razılığa gəlinməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibi olmadığına görə xitam verilsin. Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-700/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-700/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver