Məhkəmə qərarları › İş №3(5-155)-711/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-711/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-711/2026 18.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ YPX inspektoru, polis baş serjantı X2 iştirakı ilə, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 15 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə saat 02:30-da “Ford Transit yük” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon daxilində hərəkətdə olan zaman saxlanılmış, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən xx.xx.2026-cı il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ YPX inspektoru, polis baş serjantı X3 bildirmişdir ki, nəqliyyat vasitəsinin sürücüsü onları görərək nəqliyyat vasitəsini arxaya hərəkət etdirərək gizli yerdə saxlamış və avtomobilin qapılarını bağlayıb işıqları açıq vəziyyətdə saxlayıb avtomobildən düşüb naməlum istiqamətə qaçmışdır. Sürücünün yanında başqa şəxs də olmuş, o da sürücü ilə birlikdə düşüb qaçmışdır. Bununla bağlı videogörüntüdə vardır. Sonradan şəxs etiraf etmişdir ki, həmin vaxt özü də, yanındakı şəxs də içkili olmuş, buna görə ikisi də düşüb qaçmışlar. Məhkəmədən şəxs barəsində ən ağır tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, "xxxx" MMC-yə məxsus olan Ford Transit markalı, **-AG-*** dövlət nömrə nişanlı avtomaşını xx.xx.2026-cı il tarixdə 9-cu mikrorayon daxilində idarə edərkən qarşıda yol polislərinin olduğunu görərək məhəllə daxilinə sürmüş, avtomobili saxlayaraq qapıları bağlayıb evə getmişdir. Səhər gəlib görmüşdür ki, maşın yoxdur. Beləliklə inzibati xəta haqqında protokoldan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, vətəndaş Şəxs qeyd olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə qeyd edir ki, Şəxs hadisə yerindən uzaqlaşaraq onun alkoqol sərxoşluğu vəziyyətində avtomobili idarə etməsinin müəyyən olunması üçün tibbi müayinədən imtina etmişdir. Həmçinin barəsində tərtib edilmiş protokolla tanış olaraq imza etmişdir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququ növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar