Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-712/2026 11.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgənədrov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMCdə direktor müavini, ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Qubadlı Rayon Məhkəməsinin 2(028)- 538/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi və Sumqayıt şəhəri 4 saylı notariat ofisinin 8i-1997 nömrəli, xx.xx.2026-cı il tarixli icra qeydi üzrə tələbləri üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 bildirmişdir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-538/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 16000 manat əsasvə 150 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2026-cı ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş borclunun ünvanına göndərilmişdir. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin 8i-1997 nömrəli, xx.xx.2026-cı il tarixli icra qeydinə əsasən Şəxs 20000 manat pul X4 ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2026-cı ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş borclunun ünvanına göndərilmişdir. Hər iki icra sənədi xx.xx.2026-cı il tarixdə bir icraatda birləşdirilmişdir. Borclu icra sənədləri üzrə bu günədək 1000 manat ödəniş etmişdir. Borclu çağırışlara gəlmədiyi üçün barəsində xx.xx.2026-cı il tarixdə axtarış elan olunmuşdur. Elektron icra sistemində borclunun "xxxx" MMC-də direktor müavini işlədiyi görünür, lakin borclunun özü MMC-nin bağlandığını, formal olaraq adının orada qaldığını bildirir, ona görə də əmək haqqından tutma aparılmamışdır. Borclunun digər gəlirləri və mülkiyyətində hər hansı əmlakı aşkar edilməmişdir. Göstərilən halları, həmçinin borc məbləğinin çox olmasını nəzərə alaraq Şəxs barəsində inzibati həbs tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, X1 20000 və 9000 manat borc almış və bu borcdan 19500 manatını qaytarmışdır. Ona görə də notariusun icra qeydini məhkəmədə mübahisələndirəcək. Digər borclu Zərərçəkmiş şəxsla ayda 1000 manat ödəniş edilməsi ilə bağlı razılığa gəlsələr də, sonuncu ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona bir gün vaxt verilərsə qismən ödəniş edə bilər, lakin məbləğin nə qədər olacağını indi deyə bilmir, çünki bazara satılmaq üçün mal vermiş və satışdan sabaha kimi nə qədər vəsait əldə ediləcəyini bilmir. Göstərilən halları nəzərə alaraq borcun ödənilməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, borclu qərəzli olaraq icra sənədinin icrasından yayınır. Belə ki, o, borcluya iş qurmaq üçün notariat ofisində 20.000 manat pul vermişdir. Əslində borcluya ümumilikdə 39000 manatdan çox pul vermişdir. Borclu qeyri-rəsmi qaydada verilmiş pul vəsaitlərinin bir qismini qaytarsa da, qalan borcu, o cümlədən notarial qaydada verilmiş 20.000 manat pulu qaytarmamışdır. Buna görə də polisə şikayət etmiş, lakin işin mülki xarakterli olması qeyd edilərək cinayət işinin başlanması rədd edilmişdir. Hazırda şikayətçidir və icra sənədinin icra edilməsi üçün borclu barəsində inzibati həbs tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, icra sənədləri fevral ayında icra idarəsinə daxil olmuşdur. Qısa müddət ərzində bu qədər borcun hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən ödənilməsi real görünmür. Göstərilən halların nəzərə alaraq hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-538/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 16000 manat əsasvə 150 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli icraata başlama haqqında qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-538/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Həmin qərar borcluya xx.xx.2026-cı il tarixdə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qubadlı rayon Məhkəməsinin 2(028)-538/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü icra etməsi borclu Şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri 4 saylı notariat ofisinin 8i-1997 nömrəli, xx.xx.2026-cı il tarixli icra qeydindən görünür ki, Şəxs 20000 manat pul X4 ödənilməlidir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin 8i-1997 nömrəli, xx.xx.2026-cı il tarixli icra qeydi üzrə icraata başlanmışdır. Həmin qərar borcluya xx.xx.2026-cı il tarixdə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin 8i-1997 nömrəli, xx.xx.2026cı il tarixli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü icra etməsi borclu Şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, həmin tarixdə Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışa əsasən Şəxs xx.xx.2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan uşağı var. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Qubadlı rayon Məhkəməsinin 2(028)-538/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 16000 manat əsasvə 150 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Bundan əlavə Sumqayıt şəhəri 4 saylı notariat ofisinin 8i-1997 nömrəli, xx.xx.2026-cı il tarixli icra qeydinə əsasən Şəxs 20000 manat pul X4 ödənilməlidir. Hər iki icra sənədi üzrə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Borclu nə könüllü icra müddətində, nə də ondan sonra borcu tam ödəməmiş, hər iki icra sənədi üzrə ümumilikdə 1000 manat ödəniş etmişdir. Bundan əlavə icra idarəsinə gəlməkdən yayınmış və yalnız axtarış qərarı əsasında onun icra idarəsinə gətirilməsi mümkün olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(5-155)-712/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-712/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver