Məhkəmə qərarları › İş №3(5-155)-716/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-716/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-716/2026 11.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Yardımlı rayonu, Porsova kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, xadimə işləyən, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2ayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə xx.xx.2026-cı il tarixli MN ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokollardan görünür ki, Şəxs Yardımlı rayon Məhkəməsinin 2(038)-205/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 2393 manat borcu üzrsüz səbəbdən ödəmir. Həmçinin, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 3(060)-3390 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 500 manat cəriməni ödəməkdən qərəzli olaraq yayınır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 17500 manat və ödənilmiş 143 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu 2025-ci ilin dekabr ayında borcunu ödəmədiyi üçün inzibati məsuliyyətə cəlb edilmiş və 500 manat məbləğində inzibati cərimə edilmişdir. Borclunun izahatı alınmış və o, borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Bundan başqa, borclu cərimə olunduğu 500 manatı ödəmədiyi üçün də izahatı alınmış və heç bir ödəniş edilmədiyi üçün barəsində inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədən borc məbləğinin 2023-cü ildən bəri ödənilməməsini nəzərə alınmasını xahiş etmiş və protokolları müdafiə etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun tələbkara olan 17500 manat borcundan ödənilməmiş 2393 manat qalmışdır. Borcunu hissə-hissə ödəyə bilər. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, bu ay borcundan 500 manat ödəniş etmişdir. 500 manat inzibati cəriməni isə maddi imkanı olmadığı və çatdıra bilmədiyi üçün ödəməmişdir. Himayəsində 2010-cu il təvəllüdlü qızı var və kirayə evdə yaşayır. Məhkəmədən borcunun və cərimə məbləğinin aybaay ödəyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 bildirmişdir ki, borclunun himayəsində azyaşlı uşağı var və kirayə evdə yaşayır. Həmçinin, borclu tələbin qismən icrasına cəhd göstərmişdir. Ödənilməmiş borc məbləği isə çox deyil. Borclu üzrlü səbəblərdən icra sənədi üzrə tələbi tam şəkildə yerinə yetirməmişdir. Qeyd olunan halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Yardımlı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 17500 manat və ödənilmiş 143 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Yardımlı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-205/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Borclu qərarla tanış olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs tələbin könüllü icra edilməsi üçün 1 gün müddət verilmişdir. Borclu bildirişlə tanış olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Şəxsn xx.xx.2026-cı il tarixli izahatından görünür ki, maddi imkanı olmadığı üçün icra sənədi üzrə tələbi tam şəkildə icra etməmişdir. Borcunu bu gün tam olaraq ödəyə bilmir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət verilmişdir. Borclu bildirişlə xx.xx.2026-cı il tarixdə tanış olmuşdur. İş materiallarında olan Şəxsn xx.xx.2026-cı il tarixli izahatından görünür ki, icra sənədi üzrə bu günədək heç bir ödəniş etməmişdir.Maddi imkanı olmadığı üçün icra sənədi üzrə tələbi tam şəkildə icra etməmişdir. Borcunu bu gün tam olaraq ödəyə bilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-3390/2025 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə inzibati cərimə edilmişdir. İcra vərəqəsi üzrə xx.xx.2026-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2026-cı il tarixli bildirişlə Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət verilmişdir. Lakin, məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan müvafiq cərimə ödənilməmişdir. Həmçinin, Şəxs xx.xx.2023-cü il tarixli, 2(038)-205/2023 nömrəli icra sənədi üzrə hazırkı dövrədək ödənilməyən 2393 manat borcu mövcuddur. Borcun ödənilməməsi ilə bağlı hər hansı üzrlü səbəb mövcud deyil. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya, yəni İXM-İN 529.2-ci maddəsinin sanksiyasına uyğun olaraq ona ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Həmçinin, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-3390/2025 saylı qərarının icrasına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-3390/2025 saylı qərarının icrasına xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar