Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-76/2026 14.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2İN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Natiq Şəfiyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3987/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs yaranmış 1482 manat aliment borcunu üzrsüz səbəbdən ödəmir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Natiq Şəfiyev bildirmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3987/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. xx.xx.2024-cü il təvəllüdlü X3 3 yaşı tamam olanadək, yəni 29 iyul 2027-ci il tarixədək Şəxs hər ay 50 (əlli) manat məbləğində sabit pul şəklində aliment tutularaq X2 verilməlidir. Tələbkar rəsmi şəkildə İcra İdarəsinə müraciət edərək tədbir görülməsini xahiş edib. Borclu izahatında bildirmişdir ki, hazırda 1482 manat borcunu ödəyə bilmir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu çağırışlara gəlir. Onun aylıq aliment borcu 248 manat və uşağın 3 yaşına qədər əlavə 50 manat olmaqla, cəmi 298 manatdır. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra sənədindən əvvəl məhkəmən müvəqqəti təminat tədbiri qəbul etmiş, həmin icra sənədi ilə borclu tanış olduqdan sonra aylıq 250 manatlıq ödənişləri etmişdir. xx.xx.2025-ci il tarixli icra vərəqəsi ilə borclu bu gün tanış edilib, hesablanmış borcun ödənilməsi təklif edilib, ödənilmədiyi üçün protokol tərtib edilib. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, gündəlik olaraq usta köməkçisi işləyir və aylıq 500 manata yaxın gəliri var. Avqust ayından bəri mütəmadi olaraq hər ay aliment ödənişlərini edir. Ödəniz qəbzlərini icra məmuruna təqdim edib. Yerdə qalan borcunu ödəməli olduğunu bilmədiyi üçün ödəməyib. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda 1482 manat borcunu tam şəkildə ödəyə bilmir. Sonuncu aliment ödənişini yanvar ayının 10-u 250 manat ödəyərək edib. Bundan sonra da 300 manat aliment borcunu və indiki borcunu da hər ay ödəyəcək. Məhkəmədən bundan sonra borcunu hər ay vaxtında ödəyəcəyini, ödəmədiyi halda cəzalanmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 bildirmişdir ki, borclu hər ay aliment ödənişlərini edib, lakin yerdə qalan borcdan xəbəri olmamışdır. Həmçinin, onun borcun ödənilməsinə münasibəti qərəzli deyil. Qeyd olunan halları nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. xx.xx.2024-cü il təvəllüdlü X3 3 yaşı tamam olanadək, yəni 29 iyul 2027-ci il tarixədək Şəxs hər ay 50 (əlli) manat məbləğində sabit pul şəklində aliment tutularaq X2 verilməlidir. Alimentin tutulması müddəti xx.xx.2025-ci il tarixdən müəyyən edilsin. Qətnamənin alimentin və uşağın 3 yaşı tamam olanədək alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3987/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu qərar və bildirişlə tanış olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbi dərhal könüllü icra olunması xahiş olunmuşdur. İş materiallarında olan Şəxs izahatından görünür ki, icra sənədi üzrə bu günədək 1000 manat ödəniş edib. Tam şəkildə icra sənədini icra etməməyinin səbəbi işləməməsi və maddi çətinliyidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmurunun, Şəxs izahatlarından və iş materiallarından göründüyü kimi borclu tərəfindən avqust ayından bəri hər ay mütəmadi olaraq aliment ödənişləri (250 manat) edilmişdir. Məhkəmə qeyd edir ki, borclu Şəxs müvəqqəti təminat tədbiri ilə bağlı aylıq 250 manat ödənişi həmin icra sənədi ilə məlumatlı olduğu vaxtdan mütəmadi ödəmişdir. Protokol tərtib olunan gün icra sənədi ilə tanış olduqdan sonra məhkəmənin qətnaməsi əsasında uşağın 3 yaşına çatanadək saxlanılması üçün əlavə olaraq hər ay 50 manat da ödəməli olduğu ona bildirilmişdir. Məhkəmə işin hallarına, borcun yaranma səbəbinə, borclunun icraya münasibətinə uyğun olaraq hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyil. Borclu aliment borcunu ödəməkdən imtina etməmişdir. 2025-ci ilin avqust ayından mütəmadi olaraq 250 manat ödəmiş, rəsmi olmasa da işləyərək aylıq gəlir əldə edir. İnzibati xəta haqqında protokola formal olaraq qiymət verilərək borcluya tənbeh tədbiri tətbiq edilməməli, ona müəyyən qədər vaxt verilməlidir. Belə ki, cərimə və ya inzibati həbs tənbehlərinin tətbiqi günəmuzd işləyərək ölkə üzrə orta aylıq əmək haqqıdan aşağı gəliri olan borclunun maddi vəziyyətinin daha da pisləşməsinə səbəb ola və ya onun işsiz qalması ilə nəticələnə bilər. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibi olmadığına görə xitam verilsin. Şəxs Sumqayıt Regional Vəkil bürosunun vəkili X5 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-76/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-76/2026
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver